Gerb

15 aprel 2013, 14:20

Möhtərəm Prezident!

Bildirmək istəyirəm ki, mən 1991-ci ildə doğulmuşam və anadangəlmə göz qabiliyyətimi itirdiyimə görə 1-ci qrup əliləm. Müstəqil Azərbaycan Respublikasının banisi, ulu öndərimiz Heydər Əliyevin təhsilin dövlətimizin gələcəyində müstəsna rolu barədə müdrik tövsiyələrini nəzərə alaraq, mən də bu işdə fəal iştirak etmək məqsədi ilə 2010-cu ildə Azərbaycan Müəllimlər İnstitutunun Salyan Filialına daxil olmuşam. Hal-hazırda 3-cü kurs tələbəsiyəm.

Azərbaycanın əldə etdiyi müstəqillikdən çox az müddət keçməsinə baxmayaraq, ümummilli liderimiz Heydər Əliyev tərəfindən hazırlanmış və respublikamızın siyasi, sosial, iqtisadi sahələrdə inkişafına hesablanmış konsepsiyanın onun layiqli davamçısı kimi məhz Sizin tərəfinizdən uğurla davam etdirilməsi nəticəsində dövlətimiz gündən-günə qüdrətlənir, xalqımızın sosial rifahı daha da yaxşılaşır, mövcud olan problemlər aradan qaldırılır. Bu işlərdə millət vəkili, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın da xüsusi xidmətləri vardır.

Əldə etdiyiniz uğurlarla hər bir azərbaycanlı kimi mən də qürur duyur və Sizinlə fəxr edirəm.

Hörmətli cənab Prezident, mənə çətin vaxtımda göstərdiyiniz diqqətə və qayğıya görə ailəm adından Sizə və Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlığımı bildirir, xalqımızın işıqlı gələcəyi naminə fəaliyyətinizdə Sizə uğurlar arzulayıram.

Dərin hörmətlə,

İsmayılov Fikrət Amil oğlu.

Azərbaycan Respublikası, Salyan rayonu.