Gerb

11 may 2013, 15:40

Möhtərəm cənab Prezident!

Sizi və bütün xalqımızı ulu öndər Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə təbrik edirəm. Gündən-günə çiçəklənən ölkəmizin xoş günlərinə və inkişafına sevinməmək böyük günah olardı. Bizim ailə Şuşa şəhərindən məcburi köçkündür. O vaxtlar, doğma yurd-yuvasından uzaq düşmüş ailəmiz bir çox çətinliklərlə üzləşmişdir. Öz axarını itirmiş ölkədə yaşam çətinliyi ilə birlikdə atasız böyümək daha dözülməz idi. Ancaq hər gecənin bir sabahı olduğu kimi, bir gün bizim çətinliklərin də sonu artıq gəlmişdir.

1993-cü il iyunun 15-i bütün Azərbaycanın Qurtuluş günü olduğu kimi, bizim ailənin də sabaha və gələcəyə inamını artırdı. Məhz o gün mən yaşımın az olmasına baxmayaraq ulu öndərin qarşısında özümə söz verdim. Ulu öndərin gənclərdən tək istəyi oxuyub xalqa, millətə layiqli övlad olmaları idi. Mən də oxudum və bu gün ali savadlı memar kimi xalqıma xidmət edirəm. Məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər çox sevindiricidir. Mən yaşadığım hər anımı, hər sevincimi, hər uğurumu məhz ulu Öndərimizə və onun layiqli davamçısı Sizə borcluyam.

Allah Sizə yar olsun!

Dərin hörmətlə,

Toğrul Həsənov.

Azərbaycan Respublikası, Bakı şəhəri, N.Nərimanov rayonu, Təbriz küçəsi 10, mənzil 70.