Fuad Əliyev və başqalarından, Gəncə, Azərbaycan
14 may 2013, 14:05
Hörmətli cənab Prezident!
Bu günlərdə respublikamızda və dünyanın bir çox nüfuzlu ölkələrində Azərbaycan xalqının dahi oğlu, dünya siyasətində öz uzaqgörənliyi, cəsarəti, mərdliyi və müdrikliyi ilə seçilən, bəşəriyyətin sevimlisi olan Ulu Öndərimizin 90 illik yubileyi böyük təntənə ilə qeyd edildi. Şərqin ən qədim şəhərlərindən biri olan Gəncənin ziyalıları da şəhərimizdə keçirilən möhtəşəm yubileyi dahi rəhbərin adına layiq səviyyədə keçirməklə bu böyük insana, onun siyasi kursunu davam etdirən Sizə hörmət və ehtiramlarını bir daha nümayiş etdirdilər. Gəncə ziyalıları əsası Ulu Öndər tərəfindən qoyulmuş və bizə etibar edilmiş müstəqil dövlətimizin möhkəmləndirilməsi, ölkənin sürətli və dinamik inkişafı, ölkədə maddi-mədəni mühitin qorunub saxlanılması istiqamətində həyata keçirdiyiniz bütün işlərə görə Sizə minnətdarlıqlarını bildirirlər.
Ulu öndərin Gəncə şəhərində başlayan və beynəlxalq əhəmiyyət kəsb edən 90 illik yubiley təntənələri Sizin tövsiyənizlə yaradılan Nizami Gəncəvi Beynəlxalq Mərkəzin Himayədarlar Şurası və dünyanın nüfuzlu siyasi klubu olan Madrid Klubunun üzvlərinin iştirakı ilə beynəlxalq elmi konfransla başlayaraq Ulu Öndərin adını daşıyan meydanda şəhər ictimaiyyətinin ulu öndərin əzəmətli abidəsinin ziyarəti və gül bayramı ilə davam etdirildi.
Möhtərəm Prezident, ümummilli liderimizin 90 illik yubileyi münasibətilə Gəncə ziyalıları tərəfindən yazılmış “Ulu Öndər” adlı 5 cildli monoqrafiya dahi şəxsiyyət Heydər Əliyevin və onun ölməz ideyalarını reallaşdıran Heydər Əliyev Fondunun dövlətə və dövlətçiliyə, müstəqilliyimizə göstərdiyi xidmətlərin gənc nəslə çatdırması işinə böyük töhfədir.
Gəncə ziyalıları Sizin fəaliyyətinizi haqlı olaraq müstəqil və dinamik inkişaf edən Azərbaycan dövlətinin yeni uğurları ilə bağlayırlar. Sizin rəhbərliyiniz altında ölkəmiz hərtərəfli və dinamik inkişaf yolu keçir. Siyasi, iqtisadi, humanitar sahələrdə həyata keçirilən islahatlar, dünya birliyinə inteqrasiya istiqamətində atılmış mühüm addımlar müasir Azərbaycanın yeni simasını formalaşdırmış, ölkəmizə beynəlxalq aləmdə böyük nüfuz qazandırmışdır.
Gəncə ziyalıları ilə yanaşı şəhər sakinləri də qarşıdan gələn Prezident seçkilərində şəhərimizin qədimliyini qorumaqla müasirləşdirilməsinin və inkişafının yeganə təminatçısı olan Sizə səs verəcəklərini bir daha bəyan edirlər.
Dərin hörmətlə,
Fuad Əliyev
Siddiqə Məmmədova
Xalid Qurbanov
Akif Süleymanov
Yadigar Əliyev və başqaları (cəmi 12 imza).
Azərbaycan Respublikası, Gəncə şəhəri.
