Gerb

07 iyun 2013, 19:15

Möhtərəm cənab Prezident!

Ölkəmizdə milli-mənəvi irsin qorunması, maddi mədəniyyət abidələrinin bərpa edilməsi, dini-əxlaqi dəyərlərimizin mühafizə olunması tədbirlərinin dövlət siyasəti səviyyəsinə yüksəldilməsinin təməli məhz ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Heydər Əliyev siyasi xəttinin layiqli davamçısı kimi Sizin Gəncə şəhərindəki “İmamzadə” Kompleksinin təmiri, bərpası, ətrafında abadlaşdırma işlərinin aparılması barədə 2010-cu və 2011-ci illərdə imzaladığınız sərəncamlara uyğun olaraq kompleks milli memarlıq ənənələrimizə müvafiq şəkildə yenidən qurulur, daha möhtəşəm görkəm alır. İndi isə bu işlərin tamamlanması üçün Prezidentin ehtiyat fondundan 4 milyon manat məbləğində vəsaitin ayrılması bir daha Gəncə ziyalıları və bütün sakinlər tərəfindən böyük sevinclə qarşılanır.

“İmamzadə” Kompleksi kimi digər çoxsaylı abidələrin təmiri və bərpası, o cümlədən Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Fatimeyi Zəhra məscidinin, Comərd Qəssab, Cavadxan türbələrinin, o cümlədən tarixi Gəncə darvazalarının yenidən inşası da xüsusi qeyd olunmalıdır.

Möhtərəm cənab Prezident!

2013-cü ildən bəri Sizin Gəncə şəhərinə etdiyiniz səfərinizin hər biri böyük ictimai-siyasi əhəmiyyət kəsb etmiş, onun qarşısında geniş perspektivlər açmış, şəhərimizin qədim ənənələr üzərində müasirləşməsinə səbəb olmuşdur. Şəhərimizə, onun minillikləri əks etdirən tarixinə, qədim və zəngin mənəvi dəyərlərinə göstərdiyiniz məhəbbət və ehtiramdan yüksək qürur duyur, Sizə sonsuz minnətdarlığımızı bildiririk.

Fuad Əliyev, Gəncə Ziyalılar Cəmiyyətinin sədri

Azərbaycan Respublikası, Gəncə şəhəri.