Gerb

25 iyun 2013, 20:53

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 12 sentyabr tarixli 292 nömrəli Fərmanını “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 1 fevral tarixli 554-IVQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 12 sentyabr tarixli 292 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 9, maddə 798, № 10, maddə 918; 2006, № 5, maddə 408; 2007, № 3, maddə 232, № 8, maddə 765; 2008, № 1, maddə 7, № 8, maddə 719; 2009, № 3, maddə 163) ilə təsdiq edilmiş “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə xüsusi icazə verən mərkəzi icra hakimiyyəti orqanlarının Siyahısı”na aşağıdakı məzmunda 15-ci bənd əlavə edilsin:

 
 
15.
 
Elmi tədqiqat, sınaq və sərgilərdə nümayiş məqsədləri üçün nəzərdə tutulan genetik modifikasiya olunmuş bitkilər, həmçinin müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materialları
 
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi (“Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun müəyyən olunmuş milli əlaqələndirici institutun qərarı nəzərə alınmaqla)
 
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 25 iyun 2013-cü il.