İlham Əliyev Ağstafa şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidənqurmadan sonra istifadəyə verilməsi mərasimində iştirak etmişdir

05 iyul 2013, 23:04
İlham Əliyev Ağstafa şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidənqurmadan sonra istifadəyə verilməsi mərasimində iştirak etmişdir

Prezident İlham Əliyev Ağstafa şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidənqurmadan sonra istifadəyə verilməsi mərasimində iştirak etmişdir.

Rayon ictimaiyyətinin nümayəndələri dövlətimizin başçısını hərarətlə qarşıladılar.

İctimaiyyətin nümayəndələri ilə görüşən Prezident İlham ƏLİYEV dedi:

- Biz bu gözəl layihənin istismara verilməsini qeyd edirik. Çox şadam ki, nəhayət, Ağstafanın su problemi həllini tapır.

Doğrudan da, çox böyük tarixi hadisədir. Çünki bilirəm ki, uzun illər su problemi insanlara əziyyət verirdi. Nəhayət, bu layihə də artıq başa çatır. Bundan sonra su ilə problem olmamalıdır. Çünki içməli su hər bir insan üçün çox əhəmiyyətlidir. İnsanların sağlamlığı üçün təmiz içməli su xüsusi əhəmiyyət daşıyır.

İndi ölkəmizin müxtəlif yerlərində bu layihələr icra edilir. Bu gün biz buna oxşar layihəni Tovuzda, həftənin əvvəlində Şirvan şəhərində istismara verdik. Demək olar ki, bu məsələlər, bu layihələr geniş vüsət alıbdır. Çünki bunların həlli çox lazımdır. Bütün infrastruktur layihələri lazımdır və biz bu layihələri ardıcıllıqla icra edirik. İndi Ağstafa rayonunda da qazlaşdırma prosesi gedir, kənd yolları tikilir, elektrik enerjisi ilə bağlı məsələlər həllini tapır. Əlbəttə, onların içində içməli su, kanalizasiya layihələri xüsusi yer tutur və biz də əlimizdən gələni edirik ki, bu məsələlər öz həllini tapsın.

Əlbəttə ki, bu layihələr böyük vəsait tələb edir. Dövlət bu maliyyə yükünü öz üzərinə götürübdür. Düzdür, bəzi layihələr xaricdən verilən kreditlər hesabına icra edilir, ancaq bu kreditlər onsuz da qaytarılacaqdır. Yəni, bütün maliyyə yükünü Azərbaycan dövləti öz üzərinə götürüb. Onu da qeyd etmək istəyirəm ki, bu layihələr sırf sosial xarakter daşıyır. Çünki Azərbaycanda su tarifləri çox aşağıdır. Yəni, bu layihələrə qoyulan vəsait bu tariflərin hesabına heç vaxt dövlətə qayıda bilməz. Bəlkə yüz ildən sonra. Ancaq qarşıya belə məqsəd də qoyulmamışdır. Əsas məqsəd insanları təmiz içməli su ilə təmin etməkdir. Biz bu məqsədə çatırıq. Bu ilin sonuna qədər bir çox rayonlarda buna oxşar layihələr istismara veriləcəkdir. Gələn il də bu proses davam edəcəkdir. Çalışmalıyıq ki, gələn ilin sonuna qədər əksər məsələlər öz həllini tapsın. Amma bu layihələr həm çox böyük maliyyə vəsaiti, həm də texniki vəsait tələb edir. Çünki bu, bir şəhər, bir kənd deyildir, Bakı daxil olmaq şərti ilə bu layihələr ölkə üzrə icra edilir.

Bu, tarixi bir layihələrdir. Çünki əfsuslar olsun ki, bütün dövrlərdə biz içməli si ilə lazımi səviyyədə təmin olunmamışıq.

Bütün dövrlərdə bu problem kəskin olaraq qalmışdır. Ancaq bu gün müstəqil Azərbaycan dövləti bu problemi də həll edir.

Bu layihələrin icrası əlbəttə ki, ilk növbədə insanlara xidmət göstərir, digər tərəfdən dövlətimizin gücünü, müstəqilliyimizin üstünlüyünü göstərir.

Bu gün müstəqil dövlətik və ölkəmiz üçün, xalqımız üçün nə lazımdırsa, onu edirik. Bax, müstəqilliyin üstünlükləri bu layihələrin icrasındadır. Azərbaycan nəinki müstəqildir, müstəqil siyasət aparır və güclü dövlətdir. Ancaq güclü dövlətlər belə nəhəng layihələri icra edə bilər.

Onu da əlavə etmək istəyirəm ki, buna bənzər layihələr bütün ölkə üzrə icra olunur. Qazlaşdırma layihələri. Bu ilin sonuna qədər biz çalışmalıyıq ki, qazlaşdırmanı təqribən 90 faizə çatdıraq. Bu, heç vaxt olmamışdır. Heç vaxt qazlaşdırılmayan kəndlərə mütəmadi qaydada qaz xətləri çəkilir, elektrik enerjisi layihələri icra edilir, yollar salınır. İndi magistral yollar göz oxşayır, rahat gedib-gəlmək olar. İndi Bakı-Gürcüstan dövlət sərhədi yolunun birinci mərhələsi başa çatıbdır. Ancaq biz bundan sonra, gələn il Gəncədən sərhədə qədər yolun genişlənməsi ilə məşğul olmağa başlayacağıq. Yəni, Bakıdan Gürcüstan sərhədinə qədər bütün yol dördzolaqlı olmalıdır. Bunu da biz edəcəyik. Dəmir yolunda bərpa işləri aparılır və qatarların sürəti artırılacaqdır. Bu da xüsusilə paytaxtdan uzaqda yerləşən bölgələr üçün çox əhəmiyyətlidir. Biz bu sürəti yeni dəmir yolu xətlərinin çəkilişi ilə 2-3 dəfə artıracağıq.

Yəni, buna bənzər layihələr çoxdur. Biz bütün bu layihələri ona görə edirik ki, insanlar daha da yaxşı, daha da rahat yaşasınlar, sağlam olsunlar. İnsanların sağlamlığı üçün içməli su birinci şərtdir. Hesab edirəm ki, biz bu layihələrin icrası ilə çox böyük tarixi işi görmüş oluruq.

Ağstafa şəhərində və rayonunda digər layihələr də icra edilir. Quruculuq, abadlıq işləri gedir, yeni təşəbbüslər irəli sürülür. Bu gün tarixi abidələr parkında görülmüş işlərlə tanış olmuşam. Bu da çox gözəl təşəbbüsdür. Azərbaycanın qədim tarixi abidələrini və yeni abidələri orada görmək olar. Hər bir yerdə inkişaf, hər bir yerdə irəliləyiş vardır və bu, ölkəmizin gələcək uğurlu inkişafını təmin edəcəkdir.

Görülən bütün bu işlərin təməlində düşünülmüş siyasət dayanır. 2004-cü ildə qəbul edilmiş regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı həlledici rol oynamışdır. Bu il ikinci proqram başa çatır, gələn ilin əvvəlində 2018-ci ilə qədərki dövr üçün üçüncü proqram da qəbul ediləcəkdir. Orada da bu günə həll edilməmiş bütün məsələlər əksini tapacaqdır.

Mən çox şadam ki, yenidən Ağstafadayam. Ağstafa rayonunda bir neçə dəfə olmuşam. Prezident kimi, yadımdadır, birinci dəfə 2004-cü ildə gəlmişdim. O vaxt vəziyyət tam başqa idi. İndi Ağstafa inkişaf edir, çiçəklənir, qabaqcıl rayona çevrilir.

SAKİNLƏR: Sizin sayənizdə cənab Prezident.

Prezident İlham ƏLİYEV: mən bunu görəndə çox sevinirəm. Sizi görülmüş işlər, əldə edilmiş uğurlar münasibətilə təbrik edirəm. Sağ olun.

X X X


Rayon ictimaiyyəti adından çıxış edən Zəlimxan kənd orta məktəbinin direktoru Qalib CƏFƏROV dövlətimizin başçısına həmyerlilərinin ən xoş arzularını çatdıraraq dedi:

- Möhtərəm cənab Prezident!

Sizi Ağstafa ictimaiyyəti adından təbrik edirəm. Bizim rayonumuza, gözəl Ağstafamıza xoş gəlmisiniz. Bayaq özünüz qeyd etdiniz. Sizin Ağstafaya hər gəlişiniz bütün insanların ürəyincədir. Siz böyük Heydər Əliyevin yadigarısınız, hörmətli Prezident! Ulu öndər Heydər Əliyev də həmişə ağstafalılara xüsusi məhəbbət bəsləyib. Bu gün ağstafalılar xoşbəxtdirlər ki, onun yadigarı Ağstafaya gəlib. Buna görə mən Sizə öz minnətdarlığımı bildirirəm. Böyük Heydər Əliyev Azərbaycanı bütün təhlükələrdən xilas etdi. Heç insanın ağlına gəlməzdi ki, Azərbaycan, Ağstafa bu gün belə gözəl olacaqdır. İndi Ağstafa avropasayağı gözəl bir məkana çevrilib. Cənab Prezident, şəhərimizin, kəndlərimizin gözəlliyi insanı valeh edir.

Ağstafa yaxın illərdə bu dərəcədə gözəlləşib. Bunun hamısını, cənab Prezident, Siz edibsiniz. Buna görə biz ağstafalılar Sizə minnətdarıq. Sizin hər gəlişiniz Ağstafa üçün əlamətdar olur, bugünkü gəlişiniz də. Orada Ulu Öndərin müdrik kəlamı yazılıb: “Su həyat deməkdir”. Siz bu gün Ulu Öndərimizin müdrik sözlərini Ağstafada reallığa çevirmisiniz. Cənab Prezident, buna görə Sizə minnətdaram.

Mən böyük Heydər Əliyevi çox istəyirdim. Onun haqqında yazılar yazmışam. Mən müəlliməm. “Heydər Əliyev Azərbaycan məktəblilərinin gözü ilə” inşa müsabiqəsində bizim məktəbin şagirdi də qalib gəlib. Müsabiqəyə həsr olunmuş kitabda Ağstafanın da adı vardır. O yazının altında bizim məktəbin şagirdinin imzası gedir.

Budəfəki gəlişiniz zamanı, cənab Prezident, 40 mindən çox əhalisi olan rayonumuzun mərkəzi və yaxın kəndlər içməli su ilə təmin ediləcəkdir. Bu, çox xeyirxah məsələdir. Bizim rayonun ərazisindən Həsənsu çayı axır. Həsənsu çayının hövzəsindən həmişə ağstafalılar çirkablı, təmizlənməmiş sudan istifadə ediblər. Bu gün biz çox xoşbəxtik. Allah Ulu Öndərimizə rəhmət etsin. Onun müəyyənləşdirdiyi düzgün siyasət, onun layiqli davamçısı Prezident İlham Əliyevin apardığı sərrast siyasət bu gün Ağstafanı belə gülüstana çeviribdir. Təkcə Ağstafa belə deyildir, cənab Prezident, bütün Azərbaycan belədir.

Biz tez-tez Azərbaycanın başqa rayonlarına da gedirik. Bu yaxınlarda Bakıda olmuşam. İnanın, cənab Prezident, Bakını tanımaq olmur. Adam elə bilir Parisdədir. Bəlkə də Parisdən də gözəldir. Ona görə cənab Prezident Sizə minnətdaram. Sevinirəm ki, böyük Heydər Əliyevin ideyaları yaşayır. Siz onun yadigarısınız, Siz onun işlərini davam etdirirsiniz. Biz də bu işdə Sizə kömək etməliyik.

Ağstafada bundan əlavə gözəl bir Səməd Vurğun parkı yaradılıbdır. Mən o parka girəndə, Ağstafaya baxanda Səməd Vurğunun:

El bilir ki, sən mənimsən,
Yurdum, yuvam, məskənimsən,
Anam doğma vətənimsən,
Ayrılarmı könül candan,

Azərbaycan, Azərbaycan! - misraları yadıma düşür. Bu misraları parkdakı kitab abidəsinin üzərinə yazıblar. Onu Siz yazdırmısınız, cənab Prezident. Səməd Vurğunun səksən illiyində ulu öndər Heydər Əliyev bu şeiri dedi, özü də gözləri doldu. İnanın, cənab Prezident, mən uşaq kimi ağladım. Gör bu insan öz Vətənini nə qədər sevib. Bu gün Səməd Vurğunun ruhu şaddır. Onun misraları kitab abidəyə yazılıb. Bildiyimə görə Azərbaycanda belə bir abidə yoxdur, ancaq Ağstafadadır. Buna görə Sizə minnətdaram. Siz ötən dəfə Ağstafaya gələndə, - səhv etmirəmsə keçən il aprelin 12-si idi, - “Yazıçılar evi”ndə bizim yazıçılarla görüş keçirdiniz. Həmin binanı da bizim yazarların xahişi ilə Siz tikdirmisiniz. Ondan sonra çox böyük işlər görülüb. Əziz ağstafalılar, görün bir il ərzində Prezidentimiz nələr edib. Ona görə, cənab Prezident, biz Sizə minnətdarıq. Ağstafalılar adından Sizə təşəkkür edirəm. Ürəyimdə o qədər söz var ki, cənab Prezident, nə qədər danışsam da qurtaran deyildir. Şagirdlərimdən biri ulu öndər Heydər Əliyev haqqında inşasında belə bir şeir yazmışdır.

Bu sözlər Sizə də aiddir, cənab Prezident:

İllər ağartdığı saçların kimi,
Ellərin yanında üzün də ağdır.
Xalqın ürəyinə yatan işlərin,
Nəsildən-nəslə yaşayacaqdır.

Cənab Prezident, Siz çıxışlarınızın birində dediniz ki, mən Bakını gəzəndə bir uşaq mənimlə görüşdü. Dediniz ki, uşaqdan soruşdum: Sən məni tanıyırsan? Cavab verdi ki, bəli tanıyıram, sən Heydər babanın oğlusan.

Cənab Prezident, biz sizinlə fəxr edirik. Siz ingiliscə, rusca danışanda övladlarıma deyirəm: Gör Azərbaycanın nə qədər böyük, dəyərli bir oğlu vardır. İstənilən milləti öz dilində danışdırır. İstənilən milləti öz dilində başa salır. Başa düşməyəni səmimi başa salır. Biz bununla fəxr edirik. Siz bizim fəxrimizsiniz, cənab Prezident. Allah Sizə cansağlığı versin.

Biz oktyabr ayında keçiriləcək prezident seçkilərində seçimimizi etmişik. Biz Sizi Azərbaycana əbədi prezident seçmişik.

Biz Sizə səs verəcəyik. Siz böyük Heydər Əliyevdən Azərbaycan xalqına yadigar qalıbsınız. Ona görə də biz Sizinlə fəxr edirik.

Ağstafa gündən-günə gözəlləşir. Xahiş edirəm bir ildən sonra yenə Ağstafaya gəlin ki, rayonumuz ikiqat gözəlləşsin. Biz ağstafalılar Sizi çox istəyirik, cənab Prezident.

Prezident İlham ƏLİYEV: Sağ olun, çox sağ olun!

Qalib CƏFƏROV: Biz Sizin əsgərinizik. Torpaqlarımızı düşməndən azad etmək üçün əmrinizi gözləyirik. Tale elə gətirib ki, biz dünyaya özünü məzlum kimi göstərən bir dövlətlə qonşu olmuşuq. O dövlətin prezidenti ulu öndər Heydər Əliyevin də qabağından qaçırdı. Biz inanırıq ki, Prezident İlham Əliyevin də qabağından qaçacaqdır. Nəhayət, onlar Azərbaycan torpaqlarından da qaçacaqlar.

Bir daha, cənab Prezident, mən Sizə minnətdaram. Mənim çoxdankı arzum idi ki, Sizin qarşınızda çıxış edəm. Nəhayət, bu, mənə qismət oldu. Mən çıxışımı şagirdimin böyük Heydər Əliyevə yazdığı şeiri bir daha təkrarlamaqla bitirirəm:

İllər ağartdığı saçların kimi,
Ellərin yanında üzün də ağdır,
Xalqın ürəyinə yatan işlərin,
Cənab Prezident, nəsildən-nəslə yaşayacaqdır.

X X X

Prezident İlham ƏLİYEV: Çox sağ olun. Səmimi sözlərə, mənim fəaliyyətimə verdiyiniz qiymətə görə sizə minnətdaram. Mən çalışıram ki, xalqa ləyaqətlə xidmət edim. 2003-cü ildə söz vermişdim ki, əgər xalq mənə etimad göstərərsə, mən xalq üçün yaşayacağam. İndi son 10 ilin təcrübəsinə nəzər saldıqda görürük ki, doğrudan da, az iş görülməyib 10 il ərzində.

Azərbaycan istənilən sahədə güclənib. Azərbaycan indi regional dövlətdir. Azərbaycan dünya miqyasında çox böyük nüfuza malik olan bir ölkədir. Beynəlxalq məsələlərin həllində biz o zirvələrə çatmışıq. O zirvədən yuxarı zirvə yoxdur. Yəni, biz BMT Təhlükəsizlik Şurasının üzvüyük. Ermənistan da bizimlə bərabər bu yarışa girmişdi, 4 ölkə var idi. Macarıstan, Sloveniya, Azərbaycan və Ermənistan. Ermənistan tərəfi biləndə ki, bizim qabağımızda aciz qalacaq, yarışdan çəkildi.

Yəni, sakitcə, qorxaqcasına çəkildi, öz namizədliyini geri götürdü. O vaxt mən bir daha gördüm ki, Azərbaycanın gücü nə qədər böyükdür. Bir daha əmin oldum ki, bax, siyasi səhnədə bizdən qaçan kimi, döyüş meydanında da bizdən qaçacaqdır. Azərbaycanda ötən ay keçirilən hərbi parad bir daha bizim qüdrətimizi göstərdi. Bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Son il 10 ərzində biz hər bir istiqamət üzrə işləmişik ki, ölkəmizi gücləndirək. Əlbəttə, Azərbaycanın önəmi, resurslarımız, coğrafi vəziyyətimiz və ümumiyyətlə, strateji əhəmiyyətimiz diktə edir ki, biz təhlükəsizlik məsələlərinə xüsusi diqqət göstərək. Ordu quruculuğu, təhlükəsizlik tədbirləri ön planda olmalıdır.

Bu gün Azərbaycanın istənilən nöqtəsində hər bir vətəndaş rahat yaşayır, özünü çox rahat hiss edir. Təhlükəsizlik şəraitində yaşayır. Bu, böyük bir nəticədir, böyük bir nailiyyətdir. Çünki biz görürük dünyanın müxtəlif yerlərində hansı hadisələr baş verir. Qarşıdurmalar, toqquşmalar, vətəndaş müharibələri, qanlı qırğınlar, eyni zamanda, etiraz dalğası bəzi ölkələri bürüyübdür. İndi dünyada kütləvi etiraz hökm sürür. Yəni, bu görünür ki, zəmanənin əlamətidir. Elə dövr var ki, sakitçilik yaranır, amma elə dövr var ki, istənilən yerdə - Yaxın Şərqdə, Avropada, başqa yerlərdə bax bu kütləvi etiraz dalğası müxtəlif formalarla özünü büruzə verir. Biz görürük ki, Azərbaycanda vəziyyət tam başqadır. Azərbaycan elə bil ki, bu alovlanan qonşuluqda necə deyərlər, bir sabitlik adasıdır. Biz Azərbaycanı qoruyuruq və qorumalıyıq.

SAKİNLƏR: Sağ olun! Çox sağ olun! Var olun!

Prezident İlham ƏLİYEV: Mən də çalışıram ki, Azərbaycanı bütün bəlalardan, bütün təhlükələrdən qoruyum. Qorumaq lazımdır və qoruyuruq.

SAKİNLƏR: Sağ olun, cənab Prezident!

Prezident İlham ƏLİYEV: Bu gün məsəl üçün Bakıya gələn qonaqlar nəyi deyirlər? Əlbəttə ki, Bakının gözəlliyini vurğulayırlar.

SAKİNLƏR: Bakı gözəldir.

Prezident İlham ƏLİYEV: Siz deyirsiniz ki, Bakı indi Avropa paytaxtlarına oxşayır. Əlbəttə ki, bu yüksək qiymətdir. Ancaq mən hesab edirəm ki, Bakı bir çox meyarlar üzrə onları da arxada buraxıb.

Mənimlə görüşən xarici qonaqlar bir şeyi də vurğulayırlar ki, burada insanlar rahat gəzirlər, çıxırlar küçələrə, insanların üzü gülür, belə xoş ab-hava hökm sürür. Bu, onları təəccübləndirir. Çünki bir çox yerlərdə insanların əhval-ruhiyyəsi o qədər də yüksək səviyyədə deyildir. Haradasa müəyyən iqtisadi məsələlər, haradasa digər problemlər insanları incidir.

Əlbəttə, Azərbaycan cəmiyyətində də problemlər vardır, hər bir ailədə problemlər vardır. Amma bütövlükdə götürəndə cəmiyyətdə çox gözəl ruh yüksəkliyi, nikbinlik vardır.

Bütün beynəlxalq sorğular da onu göstərir ki, Azərbaycan vətəndaşı gələcəyə çox böyük nikbinliklə baxır. Bu yaxınlarda bir mötəbər təşkilat ölkələrdə xoşbəxtlik indeksi üzrə sorğu keçirib. Azərbaycan ilk onluğa daxil edilib. Bu, müstəqil bir Avropa qurumudur, beynəlxalq qurumdur. Xoşbəxtlik indeksi nə deməkdir? Yəni, insanlar özlərini necə hiss edirlər. Ona görə bax bu müsbət ab-hava, dinamizm, quruculuq və nəticələr insanları daha da ruhlandırır.

Daxili siyasətlə bağlı Azərbaycanda vəziyyət çox sabitdir. İqtisadi sahə ilə bağlı son 10 il ərzində bizdə olan inkişaf heç bir başqa ölkədə olmayıb. Bunu hər kəs indi sadəcə olaraq statistik rəqəmlərə baxmaqla yəqin edə bilər. Heç bir başqa ölkədə son 10 il ərzində Azərbaycan qədər inkişaf olmamışdır. Yəni, mən çalışmışam ki, bütün bu istiqamətlər üzrə öz xidmətimi göstərim. Bu, mənim borcumdur. Mən öz borcumu belə başa düşürəm. Hesab edirəm ki, hər bir prezident öz vəzifə borcunu dərk etməlidir. Bəziləri üçün prezident kürsüsü bir imtiyazdır, bəziləri üçün bir imkandır. Mənim üçün bu, məsuliyyətdir və xalq tərəfindən göstərilən böyük inamdır. Mən bu inamı hər gün doğrultmağa çalışıram.

Belə layihələr məni sizin qədər sevindirir, bəlkə də sizdən də çox. Çünki mənim üçün ən başlıca amal odur ki, insanlar daha da yaxşı yaşasınlar. Hər tikilən bina, çəkilən yol, açılan müəssisə, yaxud ki, su kəməri mənim gücümü və inamımı daha da artırır. Şadam ki, bu müddət ərzində öz xalqıma xidmət edə bilmişəm. Azərbaycan xalqına minnətdaram ki, mənə bu imkanı yaradıbdır.

SAKİNLƏR: Sağ olun! Eşq olsun! Biz də Sizə minnətdarıq.

Prezident İlham ƏLİYEV: Deyirsiniz gələn il, gələn il də məmnuniyyətlə gələrəm.

SAKİNLƏR: İnşallah.

Prezident İlham ƏLİYEV: Mən hər il gəlirəm. Keçən il də olmuşam. Ondan əvvəlki il də.

SAKİNLƏR: Xahiş edirik. Siz hər gələndə Ağstafa inkişaf edir.

Allah Sizi saxlasın, Allah Sizi, ailənizi qorusun, balalarınızı qorusun, cənab Prezident!

Sizə cansağlığı arzulayırıq!

Sizdən çox razıyıq, sağ olun!

X X X

Sonra Prezident İlham Əliyev yeni xətlə şəhərə suyun verilməsini bildirən düyməni basdı.

Dövlət başçısı şəhərin su təchizatının yenidən qurulması və kanalizasiya sisteminin yaradılması sahəsində görülən işlərlə tanış oldu.

Ərazilərin Bərpası üzrə Dövlət Agentliyinin direktoru Əli Məmmədov məlumat verdi ki, Prezident İlham Əliyevin 2005-ci il oktyabrın 14-də imzaladığı Sərəncama əsasən, Azərbaycanın bir sıra regionları ilə yanaşı, Ağstafa rayonunun da sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Planı təsdiq edilmişdir. Plana Ağstafa şəhərinə içməli su xəttinin çəkilişi də daxil idi. Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə Ağstafa və Tovuz şəhərlərinin su təchizatının yenidən qurulması və kanalizasiya sisteminin yaradılması layihələrinin icrası Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Agentliyə tapşırılmışdır. Layihə-smeta sənədləri hazırlanaraq həmin ilin noyabrında “Akkord” Sənaye Tikinti İnvestisiya Korporasiyası ASC tərəfindən işlərin yerinə yetirilməsinə başlanılmış və layihənin ilk mərhələsi başa çatmışdır.

Diqqətə çatdırıldı ki, su təchizatı sistemlərinin yenidən qurulması layihəsinin potensialı Ağstafa şəhəri, Xətai qəsəbəsi, Qaçaq Kərəm, Yenigün, Aşağı Kəsəmən və Aşağı Göycəli kəndlərini əhatə edir. Hazırda tikintisi başa çatdırılmış su mənbəyinin potensialı 18 min şəhər və 22 min kənd əhalisinin suya tələbatını tam ödəyəcəkdir. Laboratoriya araşdırmaları indiki mərhələdə suyun keyfiyyətinin həm beynəlxalq, həm də yerli standartlara tam uyğunluğunu təsdiq etmişdir.

Bildirildi ki, layihənin icrası üç mərhələyə bölünmüşdür. Əvvəlcə magistral boru xətti, su anbarları, xlorvurma təsərrüfatı, laboratoriya və digər struktur obyektlərinin tikintisi başa çatdırılmışdır. Bu mərhələdə subartezian quyularından su anbarlarına müxtəlif diametrli polietilen borulardan ibarət xətt, su anbarlarından şəhər şəbəkəsinə qədər isə uzunluğu 4,27 kilometr olan magistral su xətləri çəkilmişdir. Suqəbuledici qurğular meydançasında keçid məntəqəsi, suqəbuledici kamera, nasos stansiyası, suya xlorvurma və laboratoriya binaları tikilmiş, 1000 kubmetrlik mövcud su anbarı təmir edilmiş, həcmi 1500 kubmetr olan yeni su anbarı inşa olunmuşdur.

Növbəti mərhələdə hidrogeoloji və mühəndis-axtarış işlərinin nəticəsinə əsasən su mənbəyi olaraq dəmir yolu boyunca Həsənsu və Vurğun kəndləri zonasında beş subartezian quyusu qazılmış, şəhərin su və kanalizasiya şəbəkələri, kanalizasiya kollektor xətti, yerli su-kanal idarəsi üçün inzibati bina və istehsalat bazası tikilmişdir.

Layihənin icrasının üçüncü mərhələsində çirkab su təmizləyici qurğular kompleksinin tikintisi və texnoloji sistemlərin quraşdırılması işləri aparılır. Kanalizasiya şəbəkələri sisteminin potensialı Ağstafa şəhərinin Xətai qəsəbəsi, Qaçaq Kərəm və Yenigün kəndlərini əhatə edir. Məhsuldarlığı gündə 5 min kubmetr olan çirkab təmizləyicisinə əlavə yaşayış məntəqələrinin də qoşulması mümkün olacaqdır.

Prezident İlham Əliyev layihənin icrasının uğurla davam etdirilməsi ilə bağlı tapşırıq və tövsiyələrini verdi .

X X X

Sonda xatirə çəkdirildi.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 19 aprel 2024
16:58
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

19 aprel 2024, 16:58
SƏNƏDLƏR Fərmanlar 19 aprel 2024
16:56
“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 900-VIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik...

19 aprel 2024, 16:56
SƏNƏDLƏR Fərmanlar 19 aprel 2024
16:54
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                                           

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli...

19 aprel 2024, 16:54
SƏNƏDLƏR Fərmanlar 19 aprel 2024
16:52
“Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1114-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29...

19 aprel 2024, 16:52
SƏNƏDLƏR Sərəncamlar 17 aprel 2024
16:55
Şuşa şəhərinin 2024-cü il üçün “İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” seçilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2023-cü il noyabrın 10-da Türkiyə Respublikasının İstanbul şəhərində keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumu İcraiyyə Şurasının 11-ci iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri yekdilliklə İslam...

17 aprel 2024, 16:55
SƏNƏDLƏR Fərmanlar 16 aprel 2024
13:55
“Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Ali Təhsil Şurası arasında Türkiyə–Azərbaycan Universitetinin (TAU) yaradılmasına dair Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2024-cü il fevralın 19-da Ankara şəhərində imzalanmış “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə...

16 aprel 2024, 13:55
SƏNƏDLƏR Qanunlar 16 aprel 2024
13:53
“Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 7-ci bəndini rəhbər tutaraq qərara alır:

“Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi...

16 aprel 2024, 13:53
SƏNƏDLƏR Fərmanlar 16 aprel 2024
13:51
“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 5 aprel tarixli 1129-VIQD nömrəli Qanununun tətbiqi və “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 27 iyul tarixli 162 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının...

16 aprel 2024, 13:51