Gerb

08 iyul 2013, 18:20

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının uğurla yerinə yetirilməsi sahəsində ölkənin bütün bölgələrində, o cümlədən Qazax rayonunda bir sıra tədbirlər həyata keçirilmiş, mühüm infrastruktur layihələri yerinə yetirilmiş, həmçinin ən müasir tələblərə cavab verən Müalicə-Diaqnostika Mərkəzi, Olimpiya İdman Kompleksi və digər sosial yönümlü obyektlər inşa olunmuş, istehsal və emal müəssisələri açılmış, yeni yollar çəkilmiş, genişmiqyaslı abadlıq-quruculuq işləri həyata keçirilmişdir.

Qazax şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda rayon üzrə müəyyən olunmuş tədbirlərin həyata keçirilməsinin sürətləndirilməsi məqsədi ilə, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Qazax rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi üçün Qazax Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2,0 (iki) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 8 iyul 2013-cü il.