Gerb

13 iyul 2013, 15:45

Möhtərəm cənab Prezident!

Sizin rəhbərliyinizlə respublikamız gündən-günə çiçəklənir, regionlarımız inkişaf edir, əhalimizin rifah halı yüksəlir. Hər il bölgələrdə onlarla yeni məktəb, uşaq bağçası, səhiyyə müəssisəsi, idman kompleksi və digər sosial obyektlər tikilərək əhalinin istifadəsinə verilir. Bu gün biz Oğuza səfəriniz zamanı dediyiniz sözlərin təsdiqini bir daha əməli fəaliyyətinizdə görürük. Siz demişdiniz: “Rayonları mən heç vaxt böyük, kiçik rayonlara bölməmişəm. Rayonun əhalisi çox ola bilər, az ola bilər. Amma bunun heç bir mənası, heç bir fərqi yoxdur. Mən Azərbaycanın bütün rayonlarına eyni gözlə baxıram”.

Oğuz ziyalıları rayonumuza göstərdiyiniz diqqət və qayğını həmişə hiss edib və edir. Rayonumuzun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında 2012-ci il aprelin 4-də və 2013-cü il iyulun 10-da imzaladığınız sərəncamlarınız Oğuza olan diqqətinizin bariz nümunəsidir. Bu diqqət və qayğıya görə Sizə Oğuz ziyalıları adından dərin minnətdarlığımızı bildiririk.

Möhtərəm Prezident, Oğuz əhalisi yekdildir. Heydər Əliyev ideallarına sadiq olan oğuzlular bu gün aparılan dinamik inkişafı, uğurlu daxili və xarici siyasəti dəstəkləyirlər. Bu il oktyabr ayında keçiriləcək seçkilərdə rayonumuzun əhalisinin namizədi möhtərəm Prezidentimiz Sizsiniz. Biz hamılıqla Sizə səs verəcək, qarşıdan gələn illərdə də Sizin rəhbərliyinizlə qazanılan yeni-yeni nailiyyətlərin şahidi olacağıq. Sizə respublikamızın inkişafı, sabitliyin bərqərar olunması istiqamətində həyata keçirdiyiniz çətin və şərəfli işinizdə böyük uğurlar, cansağlığı, səadət və xoşbəxtlik diləyirik.

Oğuz rayon ziyalıları adından

Hörmətlə,

S.Məhərrəmov, E.Kərimov, A.İbrahimov, E.Əzimli, M.Naxçıvanlı, A.Məmmədov və başqaları

Azərbaycan Respublikası, Oğuz rayonu