Həsən Günəşlidən, Quba, Azərbaycan
15 iyul 2013, 17:30
Hörmətli cənab Prezident!
Quba rayonunun ağsaqqalları və ağbirçəkləri, eləcə də ziyalıları bölgələrimizdəki sürətli sosial-iqtisadi inkişafa, quruculuq işlərinə, ordumuzun möhkəmləndirilməsinə göstərdiyiniz xüsusi diqqət və qayğıya görə Sizə dərin minnətdarlıqlarını bildirirlər.
Möhtərəm cənab Prezident!
Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 95-ci ildönümü münasibətilə keçirilən möhtəşəm hərbi parad hər birimizin qəlbində dərin iz buraxdı. Bu parad Azərbaycan Ordusunun son illərdə xeyli güclənməsini nümayiş etdirdi və hərbiçilərimizin işğal altında olan torpaqlarımızı tezliklə azad edəcəklərinə olan ümidləri xeyli artırdı. Bu möhtəşəm parad bir daha ölkəmizin hərbi qüdrətini nümayiş etdirdi.
Zati-aliləri!
Sizin Azərbaycan Ağsaqqallar Şurasının VI qurultayına ünvanladığınız təbrik məktubu respublika ağsaqqallarına, ağbirçəklərə olan böyük hörmət və qayğınızın bariz nümunəsidir. Məktubdan ruhlanan Quba rayon ağsaqqalları öz vəzifələrinin məsuliyyətini dərk edərək təşkilatın tərkibini ictimaiyyət arasında böyük nüfuza malik olan şəxslər hesabına möhkəmləndirmiş, şəhər, qəsəbə və kəndlərdə geniş ictimaiyyət nümayəndələri ilə müxtəlif aktual mövzularda konfranslar, maraqlı söhbətlər keçirilmişdir. Bu görüşlərdə əhali, eləcə də ağsaqqallar apardığınız uğurlu siyasəti ürəkdən bəyəndiklərini bir daha bəyan edərək, Sizin gələcək seçkilərdə də qələbənizə əminliklərini bildirmişlər.
Zamanın çətin sınaqlarından çıxmış, ümummilli lider Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasının bu il iyunun 7-də keçirilən V qurultayında səslənən fikirlər və qəbul edilən qərarlar onu göstərir ki, bu partiya yarandığı gündən həmişə milli maraqların keşiyində durmuş, Azərbaycanın tərəqqisi üçün bütün imkanlarından istifadə etmişdir.
Sizin qurultaydakı məzmunlu nitqiniz hər birimizin qəlbində dərin iz buraxmışdır. Haqlı olaraq qeyd etdiniz ki, son on ildə qazanılan uğurlar Azərbaycanı dünyanın inkişaf etmiş dövlətləri sırasına çıxarmışdır. Ölkədə aparılan irimiqyaslı quruculuq işləri, əsaslı islahatlar əhalinin maddi-rifah halını yüksəltmiş və bu iş böyük uğurla davam etdirilir. Bütün bunlar imkan verir ki, biz gələcəyə nikbinliklə baxaq. “Azərbaycan-2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasının hazırlanması da Sizin uğurlu siyasətiniz nəticəsində ölkəmizin yeni inkişaf mərhələsinə qədəm qoymasının göstəricisidir.
Sevindirici haldır ki, belə uğurlu inkişaf bütün regionlar üçün xarakterikdir. Bu möhtəşəm inkişafı Quba rayonunun timsalında da görmək olar. Son bir neçə ayda Sizin qayğınız və diqqətiniz sayəsində qədim diyarın siması büsbütün dəyişmiş, müasir görkəm almışdır. Ulu Öndərin adını daşıyan park tamamilə yenidən qurulmuşdur. Burada bir neçə ay ərzində inşa olunan bayraq meydanı, fəvvarələr kompleksi, “Yaşıl teatr”, gənclər mərkəzi, icra aparatının inzibati binası, yaşıllıqlarla əhatə olunmuş xiyabanlar göz oxşayır. Bu möhtəşəm parkı ümummilli liderimizin əzəmətli heykəli, müasir geniş meydan, Heydər Əliyev Mərkəzi daha da vüqarlı etmişdir.
Həmçinin Heydər Əliyev prospekti yenidən qurulmuş, şəhərə möhtəşəm giriş qapısı da inşa olunmuş, rayon ərazisində bir neçə körpü salınmış, magistral boyunca arxitektura qaydalarına uyğun, göz oxşayan binalar ucaldılmışdır. Görülən işlər bunlarla yekunlaşmır. Qədim “Quba meydanı” da yenidən qurulmuş və vətəndaşların gözəl istirahət mərkəzinə çevrilmişdir. Şəhərin hər yerində binaların fasadları təmir olunmuş, 1700-ə yaxın binanın damı müasir tipli dəmir örtüklə yenidən bərpa edilmişdir.
Hazırda yollar, səkilər qaydaya salınır, küçələr müasir tərzdə işıqlandırılır, su-kanalizasiya sisteminin yenidən qurulması prosesi isə başa çatmaq üzrədir.
Sizin Qubada aeroportun tikintisi üçün verdiyiniz qərar rayonumuzun bütün sakinləri tərəfindən böyük rəğbətlə qarşılanmışdır. Ümidvarıq ki, bu layihə, eyni zamanda, rayonumuzun iqtisadiyyatının daha da güclənməsinə təkan verəcəkdir.
Hörmətli cənab Prezident!
Quba Ağsaqqallar Şurası böyük razılıq hissi ilə qeyd edir ki, görülən bu işlərdə ölkəmizin birinci xanımı, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı, YAP-ın sədr müavini, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın da xüsusi əməyi vardır. Mehriban xanımın yüksək qayğısı sayəsində son illər Qubada onlarla müasir məktəb binası tikilib istifadəyə verilmiş, xeyli məktəb binası isə əsaslı təmir edilmişdir. Bütün bunlara və Azərbaycanımızı, mədəniyyətimizi dünyada yüksək səviyyədə tanıtdığına görə Mehriban xanım Əliyevaya da bütün el-obamızın insanları adından dərin minnətdarlığımızı bildiririk.
Əziz və möhtərəm Prezidentimiz!
Biz qubalılar və rayonumuzun ağsaqqalları Sizin daxili və xarici siyasətinizi bəyənir və müdafiə edir, Sizi dərin məhəbbətlə sevirik.
Respublika Həmkarlar İttifaqı Konfederasiyasının, Azərbaycan Ağsaqqallar Şurasının, respublika qadınlarının və YAP-ın qurultaylarında Sizin prezidentliyə namizədliyinizin irəli sürülməsi ilə bağlı qəbul edilən qərarlar xalqımızın da istəyini əks etdirməklə yanaşı, Sizə olan sevginin bir daha təsdiqidir.
Əminik ki, Sizin rəhbərliyiniz altında müstəqil Azərbaycan yeni-yeni zirvələr fəth edəcəkdir! Bu yolda Sizə uğurlar arzulayırıq.
Allah xalqımızı, Sizi və ailənizi qorusun!
Quba Rayon Ağsaqqallar Şurasının üzvləri və idarə heyəti adından
Hörmətlə,
Həsən Cəlal oğlu Günəşli
Quba Rayon Ağsaqqallar Şurasının sədri
Azərbaycan Respublikası, Quba rayonu.
