Gerb

17 iyul 2013, 13:00

Möhtərəm Prezident,

Azərbaycanın Sizin rəhbərliyinizlə yüksək sürətlə davam edən sosial-iqtisadi inkişafını ürəkdən alqışlayırıq.

Respublikamızda aparılan quruculuq işləri, gündən-günə gözəlləşən bölgələrimiz Sizin böyük qayğınızın bariz nümunəsidir.

Ağstafa rayonunda yeni salınmış parklar, istirahət zonaları, tikilən məktəblər, səhiyyə və poçt binaları, kəndlərarası yolların çəkilməsi, yaşayış məntəqələrinin qazlaşdırılması son illər rayonumuzun simasını tamamilə dəyişmiş, şəhərimiz, kənd və qəsəbələrimiz daha da gözəlləşmiş və abadlaşmışdır.

Sizin Ağstafa rayonuna hər səfəriniz, hər gəlişiniz bizim üçün bayramdır. Hər dəfə Ağstafa rayonuna səfərinizdən sonra Siz rayonumuzun inkişafının daha da sürətləndirilməsi barədə tapşırıqlar verirsiniz. “Ağstafa rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” 9 iyul 2013-cü il tarixli Sərəncamınızla Siz rayonumuzun inkişafında yeni səhifə açdınız. Bu qərarınız hər bir ağstafalının ürəyincədir.

Zati-aliləri, biz 2013-cü ilin oktyabrında keçiriləcək Prezident seçkilərində birmənalı şəkildə Sizi dəstəkləyəcək, ümummilli lider Heydər Əliyev yolunun davamçısı kimi Sizə olan sədaqətimizi bir daha nümayiş etdirəcəyik.

Biz rayon ağsaqqalları Sizin siyasətinizi ürəkdən dəstəkləyən qüvvə olaraq hər zaman Sizinləyik və Sizin hər bir addımınızı dəstəkləyirik.

Sizə gələcək fəaliyyətinizdə yeni-yeni uğurlar, möhkəm cansağlığı arzulayırıq.

Səmimiyyətlə,

Firdovsi Heydərli,
Ağsaqqallar Şurasının sədri.

Azərbaycan Respublikası, Ağstafa rayonu.