Əvəzəli Hüseynovdan, Hacıqabul, Azərbaycan
19 iyul 2013, 13:00
Möhtərəm Prezident!
Sizin diqqət və qayğınız sayəsində respublikamız, o cümlədən Hacıqabul rayonu, onun kənd və qəsəbələri gündən-günə abadlaşır, gözəlləşir. Rayonumuzda yeni yollar çəkilir, körpülər salınır, yeni məktəb binaları tikilərək istifadəyə verilir, güzəranımız gündən-günə yaxşılaşır. Xüsusilə, kənd yollarının bərpasına göstərdiyiniz diqqəti olduqca yüksək qiymətləndiririk.
Yaşadığımız II Udulu Tava kəndi də son illər tamamilə dəyişmiş, gözəlləmiş və abadlaşmışdır. Sizin diqqətiniz sayəsində kəndimizə yeni qaz xətti çəkilmiş, indi də gözəl yol çəkilməkdədir. Buna görə də keçirdiyimiz böyük sevinc hissini ifadə edərək kəndimizin bütün sakinlərinin minnətdarlığını Sizə çatdırmağı özümə borc bilirəm. Bizə bəxş etdiyiniz sevincə görə Sizə ürəkdən təşəkkür edirəm. Bir daha Sizə bildirmək istəyirəm ki, bütün hacıqabullular kimi II Udulu Tava kəndinin sakinləri də Sizin xeyirxah işlərinizi bəyənir və dəstəkləyir və növbəti prezident seçkilərində də yekdilliklə Sizə səs verəcəklər.
Kənd sakinləri adından dərin hörmətlə,
Əvəzəli Hüseynov.
Azərbaycan Respublikası, Hacıqabul rayonu, II Udulu Tava kəndi.
