|
19 iyul 2013, 17:35
İlham Əliyev Vəlvələçay-Taxtakörpü kanalının istifadəyə verilməsi və Taxtakörpü anbarının su ilə doldurulmağa başlanması mərasimində iştirak etmişdir
Şabrana səfəri çərçivəsində Prezident İlham Əliyev Vəlvələçay-Taxtakörpü kanalının istifadəyə verilməsi və Taxtakörpü anbarının su ilə doldurulmağa başlanması mərasimində iştirak etmişdir. Layihənin sifarişçisi “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə və layihəni həyata keçirən Avropa-Asiya İnşaat Korporasiyası “Yevraskon” ASC-nin Direktorlar Şurasının sədri Əfəndi İsmiyev dövlətimizin başçısına Taxtakörpü su anbarı, Vəlvələçay-Taxtakörpü və Taxtakörpü-Ceyranbatan kanallarının inşasının gedişi barədə məlumat verdilər. Bildirildi ki, uzunluğu 34 kilometrdən çox olan Vəlvələçay-Taxtakörpü kanalı vasitəsilə su Samur-Abşeron kanalının 50-ci kilometrindən götürülərək öz axını ilə Taxtakörpü anbarına veriləcəkdir. Bu məqsədlə 27 kilometrdən çox uzunluqda beton üzlüklü açıq kanal, onun üzərində baş qurğu, 2 min 547 metrlik 3 polad və 577 metrlik 2 dəmir-beton düker, 3 min 572 metr uzunluğunda tunel, 14 körpü, 28 selötürücü və bir sutullayıcı qurğu tikilmişdir. Kanalın İslam İnkişaf Bankının vəsaiti hesabına maliyyələşdirilən 10,7 kilometr uzunluğunda birinci hissəsinin inşası 2011-ci ildə başa çatdırılmış və Prezident İlham Əliyev açılış mərasimində iştirak etmişdir. Kanalın Dövlət Neft Fondunun vəsaiti hesabına inşa edilən 23,54 kilometr uzunluğunda ikinci hissəsinin və onun sutullayıcı qurğusunun tikintisi də artıq başa çatdırılmışdır. Bu da Samur çayından götürülən suyun Taxtakörpü anbarında toplanmasına imkan verir. Bildirildi ki, Vəlvələçay-Taxtakörpü kanalının tikintisinin yekunlaşdırılması Şabran rayonunda 9 min 250 hektar və Quba rayonunda 918 hektar mövcud suvarılan torpaqların suvarma suyu ilə təchizatının yaxşılaşdırılmasına, həmçinin Şabran rayonunda 8 min 866 hektar yeni suvarılacaq sahələrin istifadəyə verilməsi hesabına suvarılan torpaq sahələrinin artırılmasına imkan yaradır. Dövlətimizin başçısının iştirakı ilə 2007-ci ilin payızında təməli qoyulan Taxtakörpü su anbarının gölünün sahəsi 8,7 kvadratkilometr, ümumi su tutumu 268,4 milyon kubmetr və faydalı həcmi 238,4 milyon kubmetrdir. Bənddə qapısız sutullayıcı və suqəbuledici qurğular, enerji tuneli, su elektrik stansiyasının binası və ümumi gücü 25 meqavat təşkil edəcək 3 turbinin quraşdırılması nəzərdə tutulmuşdur.
Qeyd edildi ki, indiyə qədər su anbarı bəndinin gövdəsində tələb olunan 23,48 milyon kubmetr torpaq işlərindən 23,26 milyon kubmetri yerinə yetirilmiş və onun üzərindəki qurğularda, eləcə də Su Elektrik Stansiyasında son tamamlama işləri həyata keçirilir. Su anbarının Su Elektrik Stansiyası ilə birlikdə tikintisi 2013-cü ilin sentyabr ayında başa çatdırılacaqdır. Vurğulandı ki, ümumilikdə Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin həyata keçirilməsi ilə Bakı, Sumqayıt şəhərləri və Abşeron yarımadasının suya olan tələbatını yaxşılaşdırmaqla saniyədə 18 kubmetr su veriləcək, eləcə də respublikanın şimal zonasında ekoloji tarazlıq təmin olunacaqdır. Bundan başqa, bu mükəmməl layihə ölkənin şimal bölgəsi rayonlarında 150 min hektar sahədə torpaqların su təminatının yaxşılaşdırılmasına və 30 min hektara qədər yeni suvarılacaq sahələrin əkin dövriyyəsinə verilməsinə imkan yaradacaqdır. Prezident İlham Əliyev düyməni basdı. Vəlvələçay-Taxtakörpü kanalı ilə Taxtakörpü anbarına suyun verilməsinə başlandı. Dövlətimizin başçısı onlayn rejimdə Vəlvələçay-Taxtakörpü kanalı ilə Taxtakörpü anbarına suyun verilməsini və Taxtakörpü anbarının bəndində son tamamlama işlərinin gedişini izlədi. Prezident İlham Əliyev bu nəhəng layihənin icrasının uğurla tamamlanması üçün tapşırıq və tövsiyələrini verdi. ![]() AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 604 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.