Gerb

29 iyul 2013, 14:30

Hörmətli cənab Prezident! 

Ağdaş rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında 26 iyul 2013-cü il tarixli Sərəncamınızla 20 min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən Ləki-Pirəzə-Xınaxlı avtomobil yolunun tikintisi və yenidən qurulmasına vəsait ayrılması barədə xəbər rayonumuzda dərin razılıq hissi ilə qarşılanmışdır. Bu Sərəncamın icrası ilə həyata keçiriləcək yenidənqurma işləri nəticəsində Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 267-ci kilometrliyindən 34 kilometr aralıda yerləşən rayonun ən ucqar kəndi olan Xınaxlı yaşayış məntəqəsinədək uzanan bu yolun çəkilişi rayonun bir sıra kəndlərinin sosial-iqtisadi inkişafına əhəmiyyətli təsir göstərəcəkdir. Ötən əsrin 50-ci illərində salınmış bu yolun hazırda istismara tam yararsız vəziyyətə düşməsi sakinlərin və zəvvarların daha çox üz tutduqları Veriş Baba pirinə gediş-gəlişində ciddi çətinliklər yaradırdı.

Ağdaşlılar son illər Sizin rayonda yol təsərrüfatının inkişafına göstərdiyiniz diqqət və qayğını məmnunluq hissi ilə xatırlayırlar. Rayonda abadlıq-quruculuq işlərinin sürətləndirilməsinə verdiyiniz töhfələrə görə Sizə dərin minnətdarlıq duyğularını ifadə edirlər. Göstərdiyiniz bu böyük qayğı bizi sonsuz dərəcədə ruhlandırmışdır. Doğma Azərbaycanımızın tərəqqisi, xalqımızın xoş güzəranı, dövlətçiliyimizin möhkəmləndirilməsi naminə fəaliyyətinizdə Sizə dəstək olmaq üçün ətrafınızda bundan sonra daha sıx birləşəcək, Sizə sonsuz sədaqətimizi qarşıdan gələn Prezident seçkilərində nümayiş etdirəcək, qurub-yaratmaq əzmimizi bir an belə azaltmayacağıq.

Orta Ləki, Kotavan, Xınaxlı, Abad, Ağzıbir, Pirəzə, Qaroğlan, Aşağı Ləki, Yuxarı Ləki, Hapıtlı və Ovçulu kəndlərinin sakinləri adından dərin hörmətlə,

Kərimov Nazim Ağasəf oğlu
Əliyev Qurban Xıdı oğlu
Ağayev Məmmədrəsul Ağəli oğlu
Mahmudov Faiq Səməd oğlu
Rəsulov İlham İlyas oğlu və başqaları (cəmi: 27 imza).

Azərbaycan Respublikası, Ağdaş rayonu.