Maarif İbrahimovdan, Tərtər, Azərbaycan
30 iyul 2013, 14:20
Hörmətli cənab Prezident!
Azərbaycan xalqı xoşbəxt xalqdır ki, onun qismətinə zəmanəmizin yetişdirdiyi dahi insan, fenomenal şəxsiyyət Heydər Əliyev nəsib olmuşdur. Azərbaycanı XXI əsrə inkişaf etmiş bir ölkə kimi gətirib çıxaran ulu öndər Heydər Əliyevin adı tariximizə qızıl hərflərlə həkk edilmişdir.
Deyə bilərik ki, zaman keçdikcə, biz Heydər Əliyev şəxsiyyətinin böyüklüyünü, onun ideyalarının zənginliyini daha aydın dərk edirik. Bu ideyalar Heydər Əliyevin layiqli davamçısı Sizin tərəfinizdən uğurla həyata keçirilir. Ulu öndərin şah əsəri olan müstəqil Azərbaycan indi məhz onun miras qoyduğu dövlətçilik prinsipləri ilə idarə edilir.
Möhtərəm Prezident, mən 50 il təhsil sahəsində işləmişəm, təhsil fədaisiyəm. Bir ağsaqqal müəllim kimi Sizi qucaqlayıb bağrıma basıram. Sizin Tərtərə və tərtərlilərə göstərdiyiniz diqqət və qayğı rayonumuzun inkişafını sürətləndirməklə yanaşı, həm də cəbhə bölgəsində yaşayan insanlara mənəvi dayaqdır.
Çox hörmətli Prezident, bu bir həqiqətdir ki, Sizin qarşıya qoyduğunuz möhtəşəm vəzifələr layiqincə yerinə yetirilir və bu iş hər gün davam edir. Sizin Tərtərə ikinci səfərinizdən sonra bir daha rayonumuzun gələcək inkişafı üçün Prezidentin ehtiyat fondundan vəsait ayırmağınız əhali arasında ruh yüksəkliyini, və əmək coşqunluğunu daha da artırdı. Bütün tərtərlilər Sizi ürəkdən sevir və dəstəkləyirlər. Ulu Tanrı köməyiniz olsun!
Hörmət və ehtiramla,
İbrahimov Maarif.
Azərbaycan Respublikası, Tərtər rayonu, Sahil küçəsi, ev 4.
