Qətibə Allahverdiyevadan, Şirvan, Azərbaycan
05 avqust 2013, 12:00
Möhtərəm Prezident!
Biz Şirvan şəhərinin Bayramlı qəsəbəsində Sabir küçəsi 2 saylı ünvanda keçən əsrin 30-cu illərində inşa edilmiş, heç bir kommunal şəraiti olmayan 12 mənzilli binada yaşayırdıq. Uzun illər həmin binada heç bir təmir işləri aparılmadığından bina və mənzillərimiz yararsız vəziyyətə düşmüş, həyatımız üçün ciddi təhlükə mənbəyinə çevrilmişdi. Sizin tapşırığınız əsasında 2012-ci ilin fevral ayında dövlət komissiyası həmin binanın yararsız və qəzalı vəziyyətdə olması barədə qərar qəbul etdi. Bizi kirayə haqqı ödənilməklə müvəqqəti olaraq digər mənzillərə köçürdülər. Nazirlər Kabinetinin 2012-ci il 31 dekabr tarixli 374 saylı qərarı ilə binalarımız sökülərək yerində bütün kommunal şəraiti olan, ən müasir tələblərə cavab verən iki yeni yaşayış binası inşa edilmiş və biz sakinlərin istifadəsinə verilmişdir. Binada sakinlər üçün hər cür şərait yaradılıb. Qazanxanaya və istilik sisteminə malik binanın ətrafı abadlaşdırılmış, sakinlər üçün rahat şərait yaradılmışdır.
Hörmətli cənab Prezident, Bizə göstərdiyiniz bu diqqət və qayğıya görə Sizə minnətdarıq. Bunu Sizin hər bir Azərbaycan vətəndaşına göstərdiyiniz qayğının təzahürü kimi dəyərləndiririk. Biz Sizə inanır, Sizə güvənirik. Sizə dərin təşəkkürümüzü və səmimi minnətdarlığımızı bildiririk. Çox sağ olun. Qoy Ulu Tanrı Sizi qorusun!
Hörmətlə,
Allahverdiyeva Qətibə Tapdıq qızı.
Azərbaycan Respublikası, Şirvan şəhəri, Bayramlı qəsəbəsi.
