Əzizxan Abbasov və başqalarından, Cəlilabad, Azərbaycan
07 avqust 2013, 17:25
Hörmətli cənab Prezident!
Biz ürəkləri ulu öndər Heydər Əliyev siyasəti ilə döyünən cəlilabadlılar həyatı əhəmiyyətə malik davamlı sosial-iqtisadi inkişafa, rayonumuzun tərəqqisinə, gündən-günə çiçəklənməsinə göstərdiyiniz diqqət və qayğıya, isti münasibətə görə, Sizə rayon ictimaiyyətinin hədsiz minnətdarlıqlarını çatdırmağı özümüzə borc və şərəf bilirik.
Möhtərəm Prezident, çox sağ olun ki, Siz Cəlilabadın tərəqqisinə, sosial-iqtisadi inkişafına böyük önəm verirsiniz.
Rayonumuzun iqtisadiyyatının gücləndirilməsinə, quruculuq-abadlıq işlərinin genişləndirilməsinə, rayon əhalisinin maddi-rifah halının yüksəldilməsinə, kəndlərarası avtomobil yollarının təmir edilməsinə daim diqqət və qayğı göstərirsiniz. Biz bu sevinc hisslərini yaşayarkən 2013-cü il avqustun 5-də iyirmi min əhalinin yaşadığı 23 yaşayış məntəqəsini birləşdirən Cəlilabad-Astanlı Cəngan-Soltankənd avtomobil yolunun inşası məqsədilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsindən nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Cəlilabad rayon İcra Hakimiyyətinə ilkin olaraq 2 milyon manat vəsait ayrılması barədə Sərəncamınız qəlbimizi riqqətə gətirdi.
Möhtərəm Prezident, bu sevinci, xoş ovqatı bizlərə bəxş etdiyinizə, bizə göstərdiyiniz böyük diqqət və qayğıya görə Sizə hədsiz dərəcədə minnətdarıq. Ulu öndər Heydər Əliyev siyasəti ətrafında sıx birləşən cəlilabadlılar Sizin çoxşaxəli, məhsuldar fəaliyyətinizdən qürur duyur, Sizinlə fəxr edirlər.
Hörmətli cənab Prezident, yorulmaz fəaliyyətinizdə Sizə yeni-yeni müvəffəqiyyətlər, möhkəm cansağlığı arzu edirik.
Allah Sizi qorusun!
Hörmətlə,
Abbasov Əzizxan
Kərimov Rahib
Əsədov Əliheydər
Salmanov Mirağa və başqaları (cəmi 600 imza).
Azərbaycan Respublikası, Cəlilabad rayonu.
