Kürdəmir rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

08 avqust 2013, 16:00

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının icrası nəticəsində Kürdəmir rayonunda mühüm infrastruktur layihələri yerinə yetirilmiş, Olimpiya İdman Kompleksi, Gənclər evi və digər sosialyönümlü obyektlər tikilərək istifadəyə verilmiş, Kürdəmir şəhərinin su təchizatı sistemi yenidən qurulmuş, genişmiqyaslı abadlıq-quruculuq işləri həyata keçirilmişdir.

Kürdəmir şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda rayon üzrə müəyyən olunmuş tədbirlərin həyata keçirilməsinin sürətləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Kürdəmir rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə Kürdəmir Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2,0 (iki) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 8 avqust 2013-cü il.