14 avqust 2013, 12:45

Əvəzağa Qarayevdən, Şirvan, Azərbaycan

Hörmətli cənab Prezident!

Mən 36 ildir ki, pedaqoji sahədə çalışıram. Ömrümün yarıdan çoxunu gənc nəslin təlim-tərbiyəsinə, fiziki hazırlığına, sağlam böyüməsinə həsr etmişəm. Sizin təşəbbüsünüz sayəsində son illərdə ölkəmizdə idmanın sürətlə inkişaf etdiyini, gənclərimizin idmana daha çox maraq göstərdiyini, onların beynəlxalq yarışlarda parlaq qələbələr qazandığını, Azərbaycanın dünyanın idman mərkəzlərindən birinə çevrildiyini gördükcə böyük fərəh hissi keçirirəm. Şirvan şəhərinin 50 illiyi münasibətilə mənə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adı verdiyinizi eşidəndə, Sizin həyata keçirdiyiniz bu böyük işlərdə mənim də azacıq da olsa zəhmətimin olması və bunun Sizin tərəfinizdən yüksək qiymətləndirilməsi ilə fəxr etdim.

Bu diqqətinizə görə Sizə dərin minnətdarlığımı bildirir, uzun ömür, möhkəm cansağlığı arzulayıram. Ulu Tanrı Sizi qorusun!

Hörmətlə,

Qarayev Əvəzağa.

Azərbaycan Respublikası, Şirvan şəhəri.