Gerb

29 avqust 2013, 23:35
W1siziisijiwmtuvmdyvmtuvnhmwegljn3lhy18ymziwmi5qcgcixsxbinailcj0ahvtyiisijy1nhgzmjcjil1d?sha=4f8bd625da221aa0

Prezident İlham Əliyev Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının yeni binasının açılışında iştirak etmişdir.

Dövlət başçısı əvvəlcə rayon ictimaiyyətinin nümayəndələri və tibb işçiləri ilə görüşdü.

Mərasim iştirakçılarını salamlayan Prezident İlham ƏLİYEV dedi:

- Kənardan baxıram, çox gözəl bir abidə tikilmişdir Ağcabədidə. Xəstəxana birinci növbədə Ağcabədiyə, Qarabağ torpağına layiqdir. Eyni zamanda, Azərbaycan dövlətinin qüdrətini göstərir.

Bu xəstəxana inkişaf etmiş ölkələrdə olan xəstəxanalardan geri qalmır. İndi nazir məlumat verir ki, bütün şöbələr vardır.

Lazım olan bütün tədbirlər görülübdür. Ən müasir avadanlıq quraşdırılıbdır. Doğum, cərrahiyyə, diaqnostika, dializ şöbələri, yəni, tam şəkildə bütün dünya standartlarına cavab verən bir tibb mərkəzidir. Çox şadam ki, qısa müddət ərzində belə gözəl xəstəxana yaradıldı və bu gündən başlayaraq vətəndaşlara xidmət göstərəcəkdir. Xidmət də yüksək səviyyədə olmalıdır. Əminəm ki, belə də olacaqdır. Həkimlərin peşəkarlığı, təcrübəsi artır. Bu məqsədlə müxtəlif tədbirlər görülür. Eyni zamanda, səhiyyə sisteminin təkmilləşdirilməsi üçün proqramlar icra edilir.

Beynəlxalq təşkilatlar da Azərbaycanda bu sahədə aparılan işlərə yüksək qiymət verir. İslahatlar aparılır. Dünya Səhiyyə Təşkilatı Azərbaycanda bu sahədə görülən işlərə çox yüksək qiymət vermişdir. Bakıda bir müddət əvvəl keçirilmiş beynəlxalq səhiyyə toplantılarında xüsusilə vurğulanır ki, Azərbaycanda səhiyyədə böyük irəliləyiş vardır. Statistika da bunu göstərir ki, uşaq ölümü azalır, insanların ömrünün uzunluğu artır.

Əlbəttə ki, bölgələrdə belə gözəl, möhtəşəm xəstəxanaların tikintisi insanların sağlamlığına verilən böyük töhfədir. İndi Bakıda müasir xəstəxanaların tikintisinə biz artıq öyrəşmişik. İndi Bakıda onlarla tibb ocağı tikilib, təmir edilibdir.

Bölgələrdə də səviyyə Bakıdakından aşağı olmamalıdır. Bu gözəl, möhtəşəm tibb ocağı onu göstərir ki, bölgələrdə də ən yüksək tibbi xidmət göstərilməlidir. Çünki Azərbaycan vətəndaşları sağlam olmalıdırlar. Azərbaycan vətəndaşları sağlam həyat tərzi sürməlidirlər. Əlbəttə ki, diaqnostika və xəstəliyin vaxtında müəyyən edilməsi insanların sağlamlığı üçün əsas şərtdir.

Bu məqsədlə bölgələrdə diaqnostika mərkəzləri tikilmişdir. Eyni zamanda, bununla paralel olaraq hər bir şəhərdə mərkəzi rayon xəstəxanaları tikilir və yaxud da ki, əsaslı şəkildə təmir edilir. Hazırda deyə bilərəm ki, rayon mərkəzlərinin, şəhərlərimizin mütləq əksəriyyətində artıq gözəl tibbi xidmət vardır. Bu proses davam edir. Son on il ərzində Azərbaycanda 500-ə yaxın tibb mərkəzi tikilmişdir. Böyük vəsait qoyulmuşdur. Bundan sonra da qoyulacaqdır. Çünki bir daha demək istəyirəm ki, insanların sağlamlığı üçün diaqnostika və müalicə əlbəttə, əsas məsələdir.

Vaxt var idi bizim imkanlarımız yox idi. Amma indi imkanlarımız vardır. İmkanları da biz lazım olan sahələrə yönəldirik. Neft kapitalını insan kapitalına çevirmək proqramı bax, bu xəstəxananın timsalında özünü göstərir. Azərbaycanda düşünülmüş iqtisadi siyasət aparılır. Neft strategiyamız uğurla icra edilir. Bütün gəlirlər Azərbaycan xalqının rifah halının yaxşılaşmasına, iqtisadiyyatımızın möhkəmlənməsinə, ölkəmizin beynəlxalq mövqelərinin güclənməsinə yönəldilibdir.

Məhz buna görə Azərbaycan nadir ölkələrdəndir ki, hətta dünyanı bürümüş iqtisadi və maliyyə böhran bizə heç bir təsir etməmişdir.

Böhran illərində iqtisadiyyat artmışdır, bu il də artır. Xüsusilə qeyri-neft sektorumuz artır, 10 faizdən çox artım vardır.

Böhran illərində maaşlar, pensiyalar artırılır. İndi biz görürük və mətbuatdan da izləyirik ki, bir neçə ölkədə iqtisadi çətinliklər baş verir. Demək olar ki, ölkələr müflisləşir, iş yerləri ixtisar edilir, maaşlar, pensiyalar kəsilir. Bizdə isə vəziyyət tam başqadır. Bizdə iqtisadiyyat artır, dövlət investisiyaları artır, pensiyalar, maaşlar artırılır, sosial infrastruktura, belə gözəl xəstəxanaların tikintisinə vəsait qoyulur və biz bundan sonra da bunu edəcəyik.

Ağcabədi rayonunun inkişafı üçün bundan sonra da əməli tədbirlər görüləcəkdir. Son illərdə Ağcabədidə böyük işlər görülmüşdür. Bu xəstəxana bu işlərin arasında xüsusi yer tutur. Digər layihələr icra edilmişdir. Binalar tikilir, parklar salınır, yollar, kənd yolları çəkilir və bu məqsədlə vəsait ayrılır. Növbəti illərdə bu istiqamətdə işlər davam etdiriləcək, bütün infrastruktur layihələri tam şəkildə icra ediləcək, o cümlədən içməli su, qazlaşdırma layihələri, kənd yollarının tikintisi davam etdiriləcəkdir.

İş yerlərinin yaradılması ilə bağlı burada yaxşı işlər gedir. Keçən dəfə burada olarkən, südçülük müəssisəsinin işi ilə tanış olmuşam. Bu gün heyvandarlıq fermasının işi ilə tanış olacağam. Yəni, iş yerlərinin açılması, regionların inkişafı, sosial infrastrukturun yaradılması kompleks şəkildə Azərbaycan dövlətinin inkişafını müəyyən edir. Bu inkişaf dayanıqlıdır, davamlıdır, uğurludur və gözəl nəticələr verir.

Qarabağ torpağında belə gözəl xəstəxanaların tikintisi bir daha qeyd etmək istəyirəm ki, ilk növbədə insanlara dövlət tərəfindən göstərilən qayğının təzahürüdür, eyni zamanda, Azərbaycan dövlətinin gücünü göstərir. Gün gələcək, belə gözəl binalar, xəstəxanalar hazırda işğal altında olan torpaqlarda tikiləcəkdir. Biz mütləq o torpaqlara qayıdacağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik və yenidən bütün şəhərləri quracağıq, tikəcəyik. Əminəm ki, “Böyük qayıdış” proqramı qısa müddət ərzində icra ediləcək və bütün infrastruktur, binalar, xəstəxanalar, məktəblər, iş yerləri açılacaqdır. Hazırda işğaldan azad olunmuş ərazilərdə, xüsusilə Füzuli rayonunun bir hissəsində görülən işlər onu göstərir ki, biz bütün bərpa işlərini qısa müddət ərzində görə bilərik. Hazırda hər il 20 min köçkün müasir evlərlə, mənzillərlə təmin edilir. Yəni, demək olar ki, hər il biz bir şəhər boyda qəsəbələr, evlər, mənzillər tikib veririk köçkünlərin sərəncamına. Ona görə torpaqlar işğaldan azad olunandan sonra qısa müddət ərzində bütün infrastruktur bərpa ediləcək və bu gün işğal altında olan torpaqlara yeni həyat veriləcəkdir.

Bu xəstəxana isə rayon sakinlərinə xidmət edəcəkdir. Arzum budur ki, rayon sakinləri ən azı ildə bir dəfə buraya gəlib müayinədən keçsinlər. Mən bu sözləri hər bir xəstəxananın açılışında təkrar edirəm. Hesab edirəm ki, buna ehtiyac vardır. İndi tibb elmi elə inkişaf edir ki, istənilən xəstəlik müalicə oluna bilər, təki vaxtında aşkar olunsun. Əvvəllər avadanlıq yox idi. Ölkəmizdə cəmi bir dənə kompyuter tomoqrafı, bir neçə dializ aparatı var idi. İndi isə hər bir tibb mərkəzində, bölgələrdə, hər yerdə ən müasir avadanlıq vardır. İldə bir dəfə, çox yox, bir günü hər bir vətəndaş sərf etsin, gəlsin burada öz sağlamlığını yoxlatsın. Əgər problem varsa müalicə alsın, problem yoxdursa rahat yaşasın. İndi mövcud olan dializ mərkəzlərində, ondan sonra diaqnostika mərkəzlərində, mərkəzi rayon xəstəxanalarında müalicə alan insanlar görürlər ki, doğrudan da vaxtında müraciət edərkən böyük problemlərin qarşısı alına bilər. Statistika da onu göstərir ki, müalicə alan vətəndaşlar sağalırlar, dinamika da müsbətdir. Əlbəttə ki, həkimlərin peşəkarlığından da çox şey asılıdır. Həkimlər də daim öz biliklərini artırmalıdırlar. Çünki müasir tibb elmi sürətlə inkişaf edir.

Ağcabədidə bundan sonra da işlər görüləcəkdir. Bütün infrastruktur işləri görüləcəkdir ki, burada insanlar rahat yaşasınlar.

Sizi bir daha ürəkdən salamlayıram, yenidən doğma Qarabağ torpağında olmağımdan çox məmnunam. Sizə yeni uğurlar arzulayıram. Arzu edirəm ki, xəstələnməyəsiniz, sağlam olasınız. Ancaq buraya da müraciət edəsiniz.

X X X

Azərbaycanda tibb sahəsinə, bütövlükdə ölkə əhalisinin sağlamlığına göstərdiyi diqqət və qayğısına görə dövlətimizin başçısına minnətdarlığını bildirən həkim Nuranə QƏRİBOVA dedi:

- Möhtərəm cənab Prezident!

İcazə verin, Sizi rayonumuzun ictimaiyyəti, o cümlədən Ağcabədi sakinləri adından salamlayım. Böyük məmnunluq hissi ilə bildiririk ki, bu gün açılışını etdiyiniz bu mərkəzi xəstəxana Sizin ağcabədililərə etdiyiniz növbəti hədiyyədir.

Göstərdiyiniz diqqət və qayğıya görə Sizə səmimi minnətdarlığımızı bildiririk.

Mən bir həkim kimi, bu gün ölkəmizdə səhiyyənin inkişafını izləyirəm və əldə olunan nailiyyətlərə hədsiz sevinirəm. Bu gün bu uğurların kökündə Sizin sosial siyasətinizin əsasını təşkil edən insan amili, insan sağlamlığı dayanır. Eyni zamanda, mətbuat xəbərləri ilə də tanış oluram və görürəm ki, son 10 ildə ölkəmizdə müasir xəstəxanalar açılmış, eyni zamanda, dərman təchizatı əhəmiyyətli dərəcədə yaxşılaşmış, həkimlərimizin peşəkarlığı artmışdır. Bu bir faktdır ki, Azərbaycanda, ölkəmizdə onlarla xəstəxana, müalicə-diaqnostika mərkəzləri tikilib istifadəyə verilibdir. Elə bir bölgəmiz yoxdur ki, orada səhiyyə obyektləri tikilməsin və ya yenidən qurulmasın. Bu, inanılmaz bir göstəricidir.

Bu gün açılışını etdiyiniz bu mərkəzi xəstəxana bunun bariz nümunəsidir. Bu xəstəxanada fəaliyyət göstərən bütün həkimlər, tibb işçiləri adından Sizə dərin minnətdarlığımızı bildiririk və bir daha Ağcabədiyə “Xoş gəlmisiniz!” deyirik. Azərbaycanın bu günü və sabahı daim Sizinlə olsun, Tanrı Sizi qorusun!

Prezident İlham ƏLİYEV: Sağ olun. Çox sağ olun. Xəstəxana əlbəttə, ilk növbədə pasiyentlər üçündür. Amma həkimlərin də iş yeridir. Ona görə də həkimlər üçün gözəl iş yeri yaradılıbdır. Burada işləmək əlbəttə ki, hər bir həkim üçün xoşdur.

Burada işləyən həkimlər hamısı yerli sakinlərdir. Bakıdan da gələ bilərlər, əlbəttə. Belə gözəl tibb mərkəzində işləmək hər kəs üçün xoş olar. Əvvəllər bölgələrə o qədər də böyük həvəslə gəlmirdilər. Çünki infrastruktur yox idi, problemlər var idi, gediş-gəliş çətin idi. Rayon xəstəxanalarımız da yaxşı vəziyyətdə deyildi. Amma indi belə xəstəxanada hər bir həkim böyük həvəslə işləyə bilər. Belə də olmalıdır. Yəni, ölkəmiz belə inkişaf etməlidir. Yoxsa paytaxt inkişaf etsin, bölgələr geridə qalsın, bu, mümkün deyildir.

On ildir ki, regional inkişaf proqramı icra edilir. Artıq ikinci proqram başa çatır. Bu on il ərzində bölgələr canlandı. Növbəti proqram da hazırlanır. O da gələn il qəbul ediləcəkdir, beşillik proqram. Orada da bu günə qədər görə bilmədiyimiz işləri nəzərə alacağıq. Onlar da həll olunacaqdır. Bütün şəhərlərdə bax, bu səviyyədə xəstəxanalar olmalıdır. Artıq buna az qalıbdır. Ondan sonra poliklinikalar, tibb məntəqələri, kənd məntəqələri, hamısı. Dərman təchizatı da yaxşıdır. Şərait vardır, avadanlıq vardır. Qalıb ki, xidmət göstərilsin, insanlara, xəstələrə qayğı göstərilsin və müalicə də yüksək səviyyədə olsun. Bir daha təbrik edirəm, sizi.

SAKİNLƏR: Çox sağ olun.

X X X

Sonra xatirə şəkli çəkdirildi.

X X X

Prezident İlham Əliyev Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının yeni binasının rəmzi açılışını bildirən lenti kəsdi.
Səhiyyə naziri Oqtay Şirəliyev məlumat verdi ki, dövlətimizin başçısının 2010-cu il 30 mart tarixli Sərəncamına əsasən 205 çarpayılıq Mərkəzi Rayon Xəstəxanasının tikintisi üçün Prezidentin ehtiyat fondundan Səhiyyə Nazirliyinə ilkin olaraq 5 milyon manat vəsait ayrılmışdır. Tibb ocağının tikintisinə 2011-ci ilin mayında başlanılmış, bu ilin avqustunda başa çatdırılmışdır. Ümumi ərazisi 3,9 hektar olan xəstəxana beş korpusdan və bir yoluxucu xəstəliklər bölməsindən ibarətdir.

Yeni səhiyyə müəssisəsində əməliyyat boksu, cərrahiyyə və reanimasiya, doğum, ginekologiya, observasiya, otolarinqologiya, kardioloji, terapiya, uşaq qəbulu, uşaq terapiya, hemodializ, şüa-diaqnostika şöbələri, poliklinika və uşaq poliklinikası, konfrans zalı, laboratoriya, camaşırxana, digər yardımçı sahələr fəaliyyət göstərəcəkdir.

Xəstəxananın müasir şəraitlə təmin edilməsi ilk növbədə burada tibbi müayinələrin və müalicə işinin ən yüksək səviyyədə təşkilinə və aparılmasına hərtərəfli imkan verir. Bina bütün növ kommunikasiyalarla təchiz edilmişdir. Tibb ocağının ərazisində 19 min kvadratmetr sahəyə asfalt döşənmiş, 11 min kvadratmetr yaşıllıq zolağı salınmışdır.


Böyük ölçüdə



Böyük ölçüdə