Gerb

05 sentyabr 2013, 21:40
W1siziisijiwmtuvmdyvmtuvnmy0bhfucnfpev8ymzk4ni5qcgcixsxbinailcj0ahvtyiisijy1nhgzmjcjil1d?sha=6af4accbf76485dc

Prezident İlham Əliyev Lənkəranda Gənclər mərkəzinin açılışında iştirak etmişdir.

Dövlət başçısı yeni mərkəzdə cənub bölgəsinin ali məktəblərə builki qəbul imtahanlarında yüksək bal toplamış gəncləri ilə görüşmüşdür.

Azərbaycan Prezidenti görüşdə çıxış etmişdir.

Prezident İlham Əliyevin çıxışı

- Bu gün biz Lənkəranda yeni Gənclər mərkəzində toplaşmışıq. İlk növbədə, Lənkəran gənclərini və bütün Azərbaycan gənclərini bu mərkəzin açılışı münasibətilə təbrik etmək istəyirəm. Gözəl mərkəzdir və ümumiyyətlə, gözəl təşəbbüsdür ki, artıq ölkəmizin müxtəlif yerlərində, demək olar, hər bir şəhərdə gözəl gənclər mərkəzləri tikilir, gənclərin sərəncamına verilir. Bu mərkəzlər həm memarlıq baxımından göz oxşayır, eyni zamanda, onların funksional mahiyyəti də çox önəmlidir. Burada müxtəlif tədbirlər keçirilə bilər, gənclər öz problemlərini müzakirə edə bilərlər. Əyləncə üçün burada imkanlar vardır - kinozal, tir. Əminəm ki, Lənkəran gəncləri bu mərkəzdən səmərəli şəkildə istifadə edəcəklər. Qeyd etdiyim kimi, hər bir şəhərdə müasir gənclər evi, yaxud gənclər mərkəzi tikilir. Bir çox yerlərdə artıq tikilmişdir.

Azərbaycanda, ümumiyyətlə, çox düşünülmüş və məqsədyönlü gənclər siyasəti aparılır. Bu siyasətin təməlində ulu öndər Heydər Əliyevin tövsiyələri dayanır. 1993-cü ildən başlayaraq bütün sahələrdə olduğu kimi, gənclər siyasəti istiqamətində də çox vacib addımlar atılmışdır. Görülən işlərin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri çox böyük işlərə imza atırlar, cəmiyyətdə çox mühüm rol oynayırlar. Gənclərin fəallığı, onların bilikləri bu gün ölkəmizi gücləndirir.

Bu gün Azərbaycanda gənclər siyasəti uğurla aparılır. Müxtəlif layihələr, proqramlar icra edilir. Mən xüsusilə Azərbaycan Gəncliyi Dövlət Proqramını qeyd etmək istərdim. Bu proqram qəbul olunarkən cəmiyyətdə, xüsusilə gənclər arasında geniş müzakirələr aparılmışdı. Gənclər tərəfindən irəli sürülmüş təkliflərin bir çoxu bu proqrama daxil edilmişdir. Proqram konkretdir, orada konkret məsələlər öz əksini tapmışdır və uğurla icra edilir.

Ondan sonra yenə də gənclərin təklifini nəzərə alaraq mənim Sərəncamımla Azərbaycan Gənclər Fondu yaradılmışdır.

Fondun əsas vəsaiti Prezidentin ehtiyat fondundan təmin edilir. Bu da gənclər siyasətinə olan münasibətin təzahürüdür. Çünki ehtiyat fondundan ancaq ölkə üçün ən əhəmiyyətli layihələrə vəsait ayrılır. Gənclər Fondu artıq uğurla fəaliyyət göstərir, müxtəlif layihələr icra edilir. Gənclər bu işlərə cəlb olunur və ölkəmizin gələcəyi, ölkədə gedən proseslərlə bağlı müxtəlif layihələrin icra edilməsi üçün Gənclər Fondu öz vəsaitindən istifadə edir.

Gənclərin məişət problemləri həll edilir. Hesab edirəm ki, gələcəkdə bu işlərə daha da böyük diqqət göstərilməlidir.

Bilirəm ki, gəncləri maraqlandıran, narahat edən məsələlər mənzil problemidir. Azərbaycanda artıq ipoteka kreditləşməsi tətbiq olunur. Hesab edirəm ki, gənclər bu işlərə daha da fəal cəlb edilməlidir. Müvafiq göstərişlər verilmişdir. Gənclər və İdman Nazirliyi təkliflər hazırlayır ki, biz gəncləri ipoteka layihəsi ilə əhatə edə bilək.

Bir sözlə, Azərbaycan dövləti bu istiqamətdəki siyasətini daim gücləndirir. Bunun nəticəsidir ki, bu gün Azərbaycan gəncləri yenə də demək istəyirəm ki, cəmiyyətin fəal üzvləridir və cəmiyyətdə çox müsbət rol oynayırlar.

Siz bu bölgəni təmsil edən gənclərsiniz. Siz qəbul imtahanlarında ən yüksək bal toplamış gənclərsiniz. Mən bu münasibətlə sizi ürəkdən təbrik edirəm. Prezident kimi sizə öz minnətdarlığımı bildirmək istəyirəm ki, siz məktəbdə yaxşı oxumusunuz.

Bunun nəticəsidir ki, siz bu gün ən yüksək bal toplaya bilmisiniz. Yəni, bu, onu göstərir ki, oxumaq istəyən, öz gələcəyi haqqında düşünən, istedadlı, bilikli gənclər təhsil sahəsində öz yolunu seçə bilərlər. Əminəm ki, siz ali məktəblərdə də yaxşı oxuyacaqsınız, əlaçı olacaqsınız. Çünki məktəb illərində göstərdiyiniz nəticələr bunu deməyə əsas verir. Nəticədə bir neçə ildən sonra artıq cəmiyyətdə peşəkar kadrlar kimi öz sözünüzü deyəcəksiniz.

Sizin fəaliyyətiniz əlbəttə ki, ilk növbədə, gələcəyinizi müəyyən edəcəkdir. Çünki bu gün Azərbaycanda yüksək biliklərə malik olan insanlar özləri üçün yaxşı yer tapa bilərlər. Bu gün cəmiyyətdə artıq bir fikir formalaşıb ki, yaxşı oxuyan, böyük biliklərə malik olan insanlar həyatda özləri üçün yaxşı şərait də yarada biləcəklər. Çünki Azərbaycan cəmiyyəti açıq cəmiyyətdir. Azərbaycan cəmiyyəti demokratik cəmiyyətdir. Azərbaycanda bazar iqtisadiyyatı prinsipləri tam şəkildə tətbiq olunur. Ona görə gözəl mütəxəssislər, peşə sahibləri cəmiyyətdə öz yerlərini mütləq tapacaqlar və xoşbəxt gələcəklərini təmin edəcəklər. Eyni zamanda, sizin bilikləriniz ölkəmizin inkişafına töhfə olmalıdır, əminəm ki, olacaqdır. Çünki bu gün Azərbaycan çox sürətlə, dinamik şəkildə inkişaf edir. Hər bir ölkənin inkişafını vətəndaşların bilikləri müəyyən edir. İndi siz istedadlı gənclərsiniz, dünyada gedən prosesləri izləyirsiniz, təhlil etmək imkanlarınız vardır. Görürsünüz ki, qabaqcıl ölkələr ona görə inkişaf edir ki, orada biliyin, təhsilin, elmin səviyyəsi yüksəkdir. Hər bir ölkənin inkişafını bilik müəyyən edir. Əvvəllər də belə olub. Tarixdə də belə olub. Ən önəmli ixtiralar ölkələri inkişaf etdirib. Hərbi sahədə ixtiralar ölkələrin hərbi gücünü formalaşdırıb. Elm sahəsində ixtiralar ölkələrə əlavə gəlir gətirmişdir. Bu gün inkişaf daha çox bilikdən asılıdır. Çünki bu gün biz informasiya-kommunikasiya texnologiyaları dövründə yaşayırıq. İnformasiya-kommunikasiya texnologiyaları çox sürətlə inkişaf edir. Bu gün hər bir ölkənin gələcəyini cəmiyyətdə olan biliyin səviyyəsi müəyyən edir. Bu, aksiomadır. Biz hamımız əlbəttə ki, dövlət və vətəndaşlar çalışmalıyıq ki, Azərbaycanda ümumi səviyyə yüksək olsun və eyni zamanda, istedadlı gənclər, insanlar ön plana çıxsınlar.

Əminəm ki, sizin gələcək fəaliyyətiniz də sizin üçün, ölkəmiz üçün uğurlu olacaqdır. Beləliklə, gələcəkdə siz hərəniz öz yerinizdə ölkəmizin inkişafına töhfənizi verəcəksiniz.

Ölkəmizin inkişafı isə çox dinamikdir, uğurludur. Son illərdə Azərbaycan dünya miqyasında ən sürətlə inkişaf edən ölkədir. Gələcək planlarımız da çox böyükdür. Görüləcək işlər Azərbaycanı inkişaf etmiş ölkələrin sırasına daxil etməlidir. Hər halda, qarşıya belə vəzifə qoyulubdur. Hesab edirəm ki, buna nail olmaq üçün imkanlarımız vardır. Müstəqilliyimizin son 20 ili bunu təsdiqləyib. Son 20 il ərzində Azərbaycan yalnız inkişaf yolu ilə getmişdir.

Siz, əlbəttə ki, gəncsiniz. Müstəqilliyimizin ilk illərini əlbəttə ki, xatırlaya bilmirsiniz. Ancaq yəqin ki, tarixdən oxumusunuz, görmüsünüz, eşitmisiniz. Müstəqilliyimizin ilk illəri ölkəmiz üçün çox ağır keçib. Ölkə idarəolunmaz vəziyyətdə idi, böhran içində idi. Hərbi, iqtisadi, siyasi böhran ölkəmizi uçuruma aparırdı. 1991-1993-cü illər bizim qara səhifəmizdir. Əfsuslar olsun ki, o vaxtkı rəhbərlik müstəqillik şansından istifadə edə bilmədi və biz iki il itirdik. Bu itkilər çox ağır itkilər olmuşdur. Torpaqlarımızın bir hissəsi işğal altına düşdü. Ölkədə xoşagəlməz proseslər baş vermişdir. İqtisadiyyat tamamilə iflic vəziyyətdə idi. Ancaq 1993-cü ildə ulu öndər Heydər Əliyevin rəhbərliyə qayıdışından sonra bütün xoşagəlməz halların qarşısı alındı və Azərbaycan sürətlə inkişaf etməyə başladı. Bu gün bu siyasi xətt davam etdirilir. Əminəm ki, bundan sonra da davam etdiriləcəkdir. Çünki son 20 ilin təcrübəsi onu göstərir ki, bu xətdən başqa Azərbaycana xeyir gətirə biləcək heç bir siyasət ola bilməz. Ölkəmizin dinamik və dayanıqlı inkişafını təmin etmək üçün gələcəkdə sizin kimi gənclər öz sözünü deyəcəklər.

Əlbəttə, siz gənc mütəxəssislər kimi artıq 5-6 ildən sonra cəmiyyətin işinə, ölkədə gedən proseslərə fəal qatılacaqsınız. Gələcəkdə ancaq sizin kimi gənclər ölkəmizi idarə edəcəklər. Azərbaycanda idarəçilik təcrübəsi nəsildən-nəslə ötürülməlidir. Azərbaycanda bütün ənənələr yaşamalıdır. Biz öz milli mənəvi dəyərlərimizə çox bağlıyıq. Xüsusilə indiki dövrdə, qloballaşan dünyada milli ruhda tərbiyə almaq xüsusi əhəmiyyətə malikdir. Qloballaşmanın müsbət tərəfləri də, mənfi tərəfləri də vardır. Biz o mənfi təsirdən özümüzü sığortalamalıyıq. Bunun yeganə yolu ondan ibarətdir ki, gənclər vətənpərvərlik ruhunda tərbiyə alsınlar, öz Vətəninə bağlı olsunlar, öz Vətənini sevsinlər və dövlət müstəqilliyini hər şeydən üstün tutsunlar. Bu gün Azərbaycan, sözün əsl mənasında, müstəqil dövlətdir, müstəqil siyasət aparır, öz hesabına yaşayır, iqtisadi cəhətdən müstəqildir, siyasi cəhətdən müstəqildir. Məhz müstəqil siyasət apardığı üçün dünyada daha çox böyük nüfuza malik olan bir ölkədir. Bu meyillər gələcəkdə davam etməlidir və möhkəmlənməlidir.

Bugünkü hakimiyyət, bugünkü iqtidar bu müsbət dinamikanı təmin edəcəkdir. Ancaq bizdən sonra gələn nəsil bizim kimi vətənpərvər və Vətənə bağlı olmalıdır ki, gələcəkdə Azərbaycan daha da qüdrətli dövlətə çevrilsin. Bunu etmək üçün bu gün biz möhkəm təməl qoyuruq. Bu gün başlanan, icra edilən layihələrin bir çoxu gələcəyə hesablanıb. Bu gün Azərbaycanın gələcək inkişafı müəyyən edilir. İqtisadi islahatlar, ondan sonra siyasi proseslərin müsbət məcrada getməsi, sosial sahədə aparılan işlər, hərbi gücümüzün artırılması, energetika, xüsusilə neft-qaz sahəsində atılan addımlar ən azı 50, 60 il bundan sonra ölkəmizin gücünü təmin edəcəkdir. Belə olan halda Azərbaycana mümkün ola biləcək təzyiq, təsir cəhdləri artacaqdır. Biz nə qədər inkişaf edirik, bir o qədər də diqqəti özümüzə cəlb edirik.

Biz - bu gün Azərbaycana rəhbərlik edən şəxslər artıq hesab edirəm, sübut etmişik ki, heç bir kənar təsir bizi yolumuzdan döndərə bilməz. Mən çox istəyirəm ki, gənc nəsil də bax bu ruhda - müstəqillik ruhunda böyüsün, tərbiyə alsın. Çünki Azərbaycan bu gün müstəqildir. Azərbaycan xalqı bu gün azaddır. Bizim taleyimiz öz əlimizdədir və bu, tarixi şansdır. Tarixdə heç vaxt, - siz də yaxşı oxuyan gənclər kimi Azərbaycan tarixini yaxşı bilirsiniz, - heç bir dövrdə Azərbaycan bu qədər güclü olmamışdır. Heç vaxt müstəqilliyimiz bu qədər möhkəm olmamışdır.

Müxtəlif dövrlərdə dövlətçilik ənənələri olmuşdur. Azərbaycan xalqı müxtəlif dairələr çərçivəsində yaşamışdır. Amma Azərbaycan heç vaxt bu qədər azad, müstəqil və güclü olmamışdır. Bu, böyük dəyərdir, böyük sərvətdir. Biz bunu qoruyuruq. Siz də gələcəkdə bunu qorumalısınız ki, ondan sonra heç vaxt Azərbaycan heç bir kənar təsirin altına düşməsin. Bunu etmək üçün əlbəttə ki, iqtisadi əsaslar olmalıdır. Təbii, əgər bu gün Azərbaycanın güclü iqtisadiyyatı olmasaydı, istər-istəməz bu, bizim siyasi kursumuza da təsir edə bilərdi. Ancaq iqtisadi amillərdən daha önəmli məhz milli mənəvi dəyərlərdir, milli ruhdur, müstəqillik amilidir. Əminəm ki, bugünkü Azərbaycanın reallıqları, ölkəmizin dinamik inkişafı hər bir gənci ruhlandırır, sevindirir və hər bir Azərbaycan vətəndaşı fəxr edir ki, Azərbaycan vətəndaşıdır. Bu gün doğrudan da müxtəlif sahələrdə ölkəmizin uğurları dünyada artıq təqdir edilir, qiymətləndirilir. İqtisadi, beynəlxalq, bütün başqa sahələrdə Azərbaycan kimi inkişaf edən ölkə yoxdur. Bunun təməlində bir daha demək istəyirəm ki, öz Vətəninə, xalqına olan bağlılıqdır, məhəbbətdir. Budur əsas və biz bunu mütləq qorumalıyıq, gələcək nəsil də qorumalıdır.

Bizim nəslimiz sovet dövründə doğulmuşdur, dünyaya gəlmişdir. Sovet İttifaqı dağılanda mənim 30 yaşım var idi. Əlbəttə ki, mən bu dövrü yaxşı xatırlayıram. Mənim həyatımın böyük hissəsi o dövrdə keçmişdir. Ona görə bəlkə də bizim nəsil müstəqil həyatı daha da çox dəyərləndirir. Çünki siz artıq müstəqillik dövründə dünyaya gəlmisiniz. İndi gənclərlə söhbət əsnasında keçmişdən bəzi hadisələri diqqətə gətirəndə bəzən inanmırlar ki, bu necə olar bilər? Misal üçün, orada məhdudiyyət, burada məhdudiyyət, oraya girmək olmaz, buraya girmək olmaz, ideoloji çərçivələr. Gənclər üçün qəribə gəlir, sanki başqa bir reallıqdır. Amma bizim nəsil o dövrdə böyüyüb, ona görə təbii ki, müstəqillik duyğuları və müstəqilliyin üstünlükləri bizim üçün daha da yaxındır. Ona görə ki, biz daha da yaşlıyıq, təcrübəliyik. Amma siz də - müstəqillik dövründə dünyaya göz açan uşaqlar, gənclər bunu bilməlisiniz ki, bu müstəqillik elə-belə göydən düşməyib. Azərbaycan xalqı əsrlər boyu müstəqilliyə doğru getmişdir. Bizdən əvvəlki nəsillər müstəqillik arzuları ilə yaşamışlar. Ancaq onların arzuları reallaşmadı. Bizdən əvvəlki nəslin nümayəndələri həsrətlə, nisgillə yaşamışlar, öz dövlətini, xalqını azad görmək istəmişlər, buna nail ola bilməmişlər.

Biz xoşbəxtik ki, müstəqil, güclü, özünü təmin edə bilən və inkişafda olan dövlətdə yaşayırıq. Biz azad, rahat, təhlükəsizlik şəraitində yaşayırıq. Bu da böyük nailiyyətdir. Bu da siyasətimizin nəticəsidir ki, bu gün Azərbaycan bu bölgədə sabitlik, təhlükəsizlik məkanıdır, nəinki ölkə daxilində, eyni zamanda, regionda sabitləşdirici rol oynayır. Bunu beynəlxalq müşahidəçilər də qeyd edir ki, Azərbaycan sabitləşdirici rol oynayır.

Bu gün Azərbaycanın inkişafı və müxtəlif istiqamətlər üzrə aparılan dövlət siyasəti çox düşünülmüşdür, ardıcıldır və milli maraqlara söykənir. Azərbaycan dövlətinin və xalqının milli maraqları hər şeydən üstün olmalıdır. Siz bunu bilin və yadda saxlayın. Bu, aksiomadır. Heç bir başqa amil milli maraqlardan üstün ola bilməz. Milli maraqları müdafiə etmək üçün biz hər bir yola getməliyik, hazır olmalıyıq. Hesab edirəm yaxın tarix bunu göstərir ki, bəzən bizim milli maraqlarımız bəzi ölkələr tərəfindən nəzərə alınmadığı halda Azərbaycan öz sözünü demişdir, milli maraqlarını müdafiə edə bilmişdir və öz gücünü göstərmişdir. Ona görə bir daha demək istəyirəm mənim sizə tövsiyəm ondan ibarətdir ki, orta məktəbdə necə oxumusunuz elə də davam edin. Növbəti beş il ərzində gözəl mütəxəssis olun, cəmiyyətdə öz yerinizi tapın, öz gələcəyinizi müəyyən edin və ölkəmizin inkişafına töhfə verin. Dövlət isə hər bir istedadlı gəncə öz dəstəyini, diqqətini əsirgəməyəcəkdir. Gələcəkdə - 10 ildən, 20 ildən sonra daim xalq, Vətən, dövlət haqqında düşünün, fikirləşin. Çalışın ki, siz öz əməyinizlə dövlətin gücünü artırasınız. Azərbaycan dövləti bu gün, ölkə daxilində və xaricdə öz vətəndaşlarını müdafiə etməyə qadirdir. Yenə də deyirəm, yaxın tarix bunu göstərmişdir. Biz heç vaxt öz soydaşlarımızı darda qoymarıq. Bütün imkanlardan istifadə edib onları çətin vəziyyətdən xilas edə bilərik və bunu sübut etmişik. Ona görə hər bir Azərbaycan vətəndaşının arxasında güclü dövlət dayanır. Ancaq, eyni zamanda, hər bir vətəndaş öz işi ilə bu dövləti gücləndirib və gücləndirməlidir. Yəni, bu proseslər bir-biri ilə bağlı olan məsələlərdir. Əminəm ki, siz bütün bu məsələləri yaxşı dərk edirsiniz, orta məktəbdə yaxşı oxumağınız sizin məsuliyyətinizi göstərir. Əminəm ki, gələcəkdə siz ölkəmizin dəyərli vətəndaşlarına çevriləcəksiniz, artıq siz dəyərli vətəndaşlarsınız. Ancaq peşəkar kimi, gənc kadr kimi, siz öz sözünüzü deyəcəksiniz. Mən sizi bir daha salamlayıram, təbrik edirəm. Arzu edirəm ki, sizin həyatınızda hər şey yaxşı olsun.

X X X

Tələbə Səmidzadə MİRHADI dedi:

- Cənab Prezident, bu il qəbul imtahanında 659 bal yığaraq Bakı Dövlət Universitetinin hüquq fakültəsinə qəbul olmuşam. Burada olan gənclərin adından, ümumiyyətlə regionumuzun bütün gəncləri adından Sizə təşəkkürümüzü bildiririk ki, bizim bölgəyə səfər etmisiniz.

Dünən Dünya İqtisadi Forumu belə bir məlumat yayıb ki, Azərbaycan rəqabət gücünə görə dünyada bir sıra ölkələri qabaqlayaraq 39-cu yerə çıxmışdır. Bu, böyük bir nailiyyətdir. Nailiyyətin qazanılmasında Sizin apardığınız iqtisadi islahatların rolu böyükdür. Ölkəmizi inkişaf etdirmək üçün həyata keçirilən islahatlardan biri də tələbələrə verilən tələbə kartlarıdır ki, bunun da sayəsində artıq 100 mindən artıq tələbə kart almışdır. Orada da tələbələr üçün bir sıra güzəştlər öz əksini tapmışdır. Bizim xahişimiz ondan ibarətdir ki, bu güzəştlərə ictimai nəqliyyatda olan güzəştlər və tibbi müayinə zamanı olan güzəştlər də daxil edilsin.

Diqqətinizə görə minnətdaram.

X X X

Prezident İlham ƏLİYEV: Yaxşı, biz bunu nəzərə alarıq. Tələbə kartları necə deyərlər, nisbətən yeni bir təşəbbüsdür. Biz çalışmalıyıq ki, tələbələrin bütün problemlərini, məişət problemlərini həll edək. Yataqxanalarla bağlı olan problemlər öz həllini tapır. Bilirsiniz ki, erməni işğalından əziyyət çəkən vətəndaşlarımızın bir çoxu yataqxanalarda, çadır şəhərciklərində yerləşmişdir. Çadır şəhərcikləri artıq ləğv edilib. Artıq 6 ildir ki, yoxdur. Yataqxanalarda da indi bu proses gedir. Yeni yataqxanalar tikiləcəkdir. Tələbələrin təqaüdləri artırılır. Hesab edirəm ki, bu da çox müsbət haldır. Ona görə əlbəttə, bu məsələ də öz həllini tapacaqdır.

Qeyd etdiyiniz kimi, Azərbaycan iqtisadiyyatı güclü iqtisadiyyatdır. Bunu təsdiqləyən beynəlxalq qurumların hesablamalarıdır. Dünya İqtisadi Forumu dünya miqyasında bir nömrəli İqtisadi Forumdur. Hər il Davosda Forum keçirilir. Artıq son yeddi il ərzində mən də Azərbaycan Prezidenti kimi Foruma dəvət alıram və iştirak edirəm. Bu il ilk dəfə olaraq Davos Forumu Bakıda keçirildi. Bu, doğrudan da böyük nailiyyətdir. Çünki Davos Forumu bütün başqa iqtisadi qurumlardan, iqtisadi forumlardan qat-qat üstün olan bir formatdır. Onun adı iqtisadi forumdur, amma əslində bu, siyasi forumdur. Çünki dünyanın aparıcı ölkələrinin dövlət və hökumət başçıları forumda iştirak edirlər. Forumun iştirakçıları çox məhduddur. Yəni, oraya ancaq dünyanın siyasi və iqtisadi elitasının nümayəndələri dəvət olunur. Əlbəttə, bu qiymətləndirmə böyük diqqətə malikdir və bir daha onu göstərir ki, Azərbaycan son illər ərzində rəqabət qabiliyyətliliyinə görə də ön plana çıxıb.

Mən xatırlayıram, 10 il bundan əvvəl Prezident kimi təzə işə başlayanda xaricdən gələn qonaqların bəziləri deyirdilər ki, Azərbaycanın gələcək inkişafı birtərəfli olacaq, Azərbaycan neft-qaz amilinə bağlıdır, iqtisadiyyat çoxşaxəli olmayacaqdır. Azərbaycan üçün belə bir gələcək proqnozlaşdırılırdı. Ancaq həyat onu göstərdi ki, bu gün Azərbaycan iqtisadiyyatı neft-qaz amilindən o qədər də asılı deyildir. Əgər ümumi daxili məhsulun strukturuna baxsaq görərik ki, əsas hissə qeyri-neft sektorunda formalaşıb. Bu ilin yeddi ayında qeyri-neft sektorumuz 10 faizdən çox artmışdır. Bölgələrin inkişafı da qeyri-neft sektorunun inkişafıdır.

Mən bu zonaya dəfələrlə səfərlər etmişəm. Son on il ərzində bu, mənim Lənkərana doqquzuncu səfərimdir. Masallıda səkkiz dəfə, Astarada altı dəfə olmuşam. Yəni, bütün bu zonada mən dəfələrlə olmuşam. Dünən və bu gün yeddi rayonda olmuşam. Əlbəttə ki, mənim səfərlərimin məqsədi vəziyyətlə tanış olmaqdır. Verilən tapşırıqların necə yerinə yetirildiyinə nəzarət etməkdir. Ancaq, eyni zamanda, indi o qədər açılışlar vardır ki, bu açılışlarda iştirak etmək üçün adam vaxt tapa bilmir. Bu gün Lənkəranda içməli su layihəsi açılmışdır. Bir azdan sonra mən rayon mərkəzi xəstəxanasının, kənd yolunun açılışında iştirak edəcəyəm. Dünən Cəlilabadda böyük xəstəxana, Biləsuvarda, Yardımlıda su xətləri, Astarada xəstəxana açıldı. Nəinki bu zonada, ölkəmizin hər bir yerində quruculuq, inkişaf, abadlıq gedir.

Bir də mən tövsiyə etmək istərdim ki, bizim vətəndaşlar, yəni, müxtəlif bölgələrdə yaşayan vətəndaşlar vaxt tapıb digər bölgələrə də getsinlər. Turist kimi gedib şənbə, bazar günlərini orada keçirsinlər. İndi müxtəlif yerlərdə gözəl imkanlar - kempinqlər, motellər vardır. Əlbəttə, gənclər üçün bahalı otellərdə qalmaq yəqin ki, o qədər də məqbul olmaz. Amma indi qalmaq üçün yerlər vardır. Təyyarə uçuşları vardır. Yəni, cənub zonasının uşaqları getsinlər şimal zonasına, şimaldan gəlsinlər cənuba. Yəni, bu olarsa, onda hər bir yerdə yaşayan vətəndaş ölkənin ümumi inkişafını daha da əyani şəkildə görər. Mən bunu görürəm, çünki son 10 il ərzində bölgələrdə bəlkə min dəfə olmuşam. Yəqin ki, mindən çox tədbir olubdur. Ancaq bölgələrdə yaşayan əhalinin böyük əksəriyyəti öz bölgəsinin inkişafını görür. Ona görə, arzu edirəm ki, tələbəlik illərində çalışın Azərbaycanın hər bir yerində olun və görün ki, doğrudan da Azərbaycan gözəl ölkədir. Həm təbiət müxtəlifliyi, eyni zamanda, mədəniyyət müxtəlifliyi vardır. Bu, bizim böyük üstünlüyümüzdür, böyük sərvətimizdir.

Tələbə Gülay SEYFULLAYEVA dedi:

- Hörmətli cənab Prezident, bu il qəbul imtahanında 683 bal toplayaraq Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsinə qəbul olunmuşam. Sizi salamlayıram və bizimlə bu görüşü keçirdiyiniz üçün Sizə təşəkkür edirəm. Bu gün ölkə gənclərinin xarici universitetlərdə təhsil almaları Sizin imzaladığınız 2007-2015-ci illərdə xaricdə təhsil üzrə Dövlət Proqramının icrası nəticəsində mümkün olmuşdur. Mənim bununla bağlı bir xahişim vardır. Qəbul imtahanlarında yüksək bal toplayan abituriyentlərə ali məktəblərə ixtisas seçimi məsələsində yerli universitetlərlə yanaşı, xarici ölkələrin universitetlərinin də adının qeyd olunmasına imkan verilməsini istərdim. Bir də bunu qeyd etmək istərdim ki, bildiyiniz kimi, 2015-ci ildə xaricdə təhsil üzrə Dövlət Proqramının müddəti bitir. Mən çox istərdim ki, bu proqramın müddəti artırılsın. Diqqətinizə görə sağ olun!

Prezident İlham ƏLİYEV: Sağ ol. Əlbəttə, sənin bu təkliflərin nəzərə alınacaqdır. Biz buna baxacağıq. Əlbəttə, 2015-ci ildən sonra bu proqram davam etdiriləcəkdir. Burada heç bir məhdudiyyət ola bilməz. Yüksək bal toplamış tələbələr əlbəttə ki, xaricə getmək istəyirlərsə, Təhsil Nazirliyi onların istəklərini nəzərə almalıdır.

Bu sahədə müəyyən işlər görülmüşdür. Xaricdə tələbələrin təhsil almaları məsələsi öz həllini tapır. Bu məsələ vacib olduğu üçün burada maliyyələşmə Dövlət Neft Fondundan təşkil edilir. Bilirsiniz ki, Dövlət Neft Fondunun xətti ilə ancaq ölkəmiz üçün ən strateji layihələr maliyyələşdirilir. Məsələn, köçkünlər üçün şəhərciklər Fondun hesabına tikilir, sonra böyük su anbarları, məsələn, Taxtakörpü su anbarı bu yaxınlarda açılacaqdır. O da Neft Fondunun xətti ilə həll edilir. O cümlədən xaricdə gənclərin oxumaları da Neft Fondunun xətti ilə təşkil edilir. Hər il 10 milyonlarla manat vəsait ayrılır. Minlərlə gəncimiz xarici ali məktəblərdə oxuyur. Bu proqram əlbəttə ki, davam etdiriləcəkdir. Yəqin bilirsiniz ki, dövlət hesabına xaricdə oxuyan gənclər qarşısında heç bir şərt qoyulmur. Biz bu proqrama başlayanda müxtəlif fikirlər var idi ki, gəlin şərt qoyaq, onlar mütləq Azərbaycana qayıtsınlar. Yaxud, onlar girov qoysunlar, sabah gedib dövlət hesabına oxuyacaqlar, sonra o ölkələrdə qalacaqlar. Yəni, pulumuz batacaqdır. Mən qətiyyən buna imkan vermədim. Çünki biz gənclər qarşısında heç bir şərt qoya bilmərik. Biz o proqramı ona görə başlamışıq ki, gənclərimizin dünyanın aparıcı ali məktəblərində oxumağa imkanları olsun. Eyni zamanda, o vaxt demişəm ki, biz Azərbaycanda elə bir şərait yaratmalıyıq ki, gənclərimiz qayıtsınlar. Çünki bizim gənclərimiz öz doğma elinə, obasına bağlı olan gənclərdir. Əgər burada şərait yaxşı olsa, iş yerləri olsa, gözəl imkanlar olsa, niyə də onlar qayıtmasınlar?! Onların heç biri başqa ölkələrdə qalmayacaqdır.

Çox şadam ki, mənim bu proqnozlarım reallaşır. Xaricdə təhsil alan gənclərin böyük əksəriyyəti Vətənə qayıdır. Müxtəlif dövlət qurumlarında, dövlət şirkətlərində xüsusi proqramlar vardır. Gənc mütəxəssislərin işə qəbul edilməsi proqramları vardır. Ümumiyyətlə, dövlət strukturlarında çalışanların arasında gənclərin sayını artırmaq üçün mütəmadi qaydada işlər görülür. Yəqin bilirsiniz ki, bu məsələ ilə bilavasitə bağlı olan pensiyaya getmək məsələsidir. Çünki bir çox hallarda pensiya yaşına çatmış vətəndaşlar pensiyaya getmək istəmirlər və getməməklə demək olar ki, onlardan sonra gələn nəslin qarşısını alırlar. Ona görə pensiya təminatı elə olmalıdır ki, pensiyaya getmək faciəyə çevrilməsin.

İnkişaf etmiş ölkələrdə insanlar gözləyirlər ki, nə vaxt pensiyaya çıxacaqlar. O günü gözləyirlər ki, mən pensiyaya çıxacağam, çünki təminat yaxşıdır. Düzdür, indi böhrana görə orada da problemlər yaranıbdır. İndi onlar pensiya yaşını da artırmaq istəyirlər. Pensiya xərclərini də ixtisar edirlər. Amma bütövlükdə inkişaf etmiş ölkələrdə pensiyaya çıxmaq hər bir vətəndaşın böyük arzusudur. Ona görə bu məsələlər bir-biri ilə bağlı olan məsələlərdir. İnsanlar pensiyaya vaxtında getməlidir ki, onlardan sonrakı nəslin nümayəndələri bu vəzifələrə gəlsinlər, işləsinlər. Beləliklə, gənclərə yol açılacaqdır.

Ancaq mən bir məsələni də qeyd etmək istəyirəm. Hesab edirəm, biz Azərbaycanda təhsil sahəsində elə bir vəziyyət yaratmalıyıq ki, heç xaricə getməyə ehtiyac olmasın. Ona görə, gənclərin xaricə göndərilməsi təşəbbüsü bir zərurət nəticəsində mənim tərəfimdən irəli sürülmüşdür. Çünki buna böyük ehtiyac var idi. Ancaq bu gün təhsil sahəsində aparılan islahatlar güman edirəm ki, yaxın zamanlarda Azərbaycanda da ali təhsilin səviyyəsini qaldıracaqdır. Belə olan halda xaricə getməyə böyük ehtiyac olmayacaqdır. Ancaq əlbəttə bu, bu günün məsələsi deyildir. 2015-ci ildən sonra da əlbəttə ki, bu proqram davam etdiriləcəkdir.

Qeyd etmək istəyirəm ki, Azərbaycan Dövlət Tibb Universiteti üçün son illərdə iki gözəl tədris korpusu tikilmişdir. Terapevtik korpus istifadəyə verilmişdir. Cərrahiyyə korpusu isə bu il istifadəyə veriləcəkdir. Ona görə sən indi Bakıda gözəl şəraitdə oxuyacaqsan. Sən gələcək peşə haqqında fikirləşirsən indidən? Hansı sahəni istəyirsən?

Gülay SEYFULLAYEVA: Cərrah olmaq istəyirəm.

Tələbə Fərhad HƏSƏNLİ dedi:

- Hörmətli cənab Prezident, mən 15 yaşımda bu il ali məktəblərə keçirilən qəbul imtahanında 650 bal toplayaraq Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsinə daxil olmuşam.

Cənab Prezident, müxtəlif bölgələri təmsil edən biz gənclər ölkəmizdə yaradılan mövcud şəraitdən yararlanaraq yüksək təhsil hüququ qazanmışıq. Gələcəkdə ali təhsil ocaqlarını bitirdikdən sonra yenidən bölgələrimizə qayıdıb işlə təmin olunmağımız da vacib məsələlərdəndir. Bu sahədə işlərin sistemləşdirilməsi üçün müəyyən tədbirlərin görülməsini çox istərdim.

Diqqətinizə görə təşəkkür edirəm.

Prezident İlham ƏLİYEV: Sən hansı rayondansan?

Fərhad HƏSƏNLİ: Astara rayonundan.

Prezident İlham ƏLİYEV: Astara rayonundan. Dünən biz Astarada gözəl xəstəxananın açılışını etdik. Onu da qeyd etmək istəyirəm ki, keçən il xəstəxananın əsas korpusunun açılışında olarkən mən gördüm ki, orada bir bina da var, o bina yararsız vəziyyətdədir. Getdim tanış oldum, gördüm ki, əsas korpus təmir olunubdur. Amma poliklinika, diaqnostika korpusu bərbad vəziyyətdədir. Ona görə keçən il Bakıya qayıdan kimi Sərəncam imzaladım və Prezidentin ehtiyat fondundan vəsait ayırdım ki, Astara Rayon Xəstəxanası tam şəkildə əsaslı təmir edilsin. Dünən axşam Astara xəstəxanasının ikinci korpusunun açılışını da qeyd etdik. Ona görə Astarada həkim işləmək üçün bütün imkanlar vardır. İndi sən təxminən 5-6 il oxuyacaqsan. O vaxta qədər Astarada yeni tibb ocaqları tikiləcəkdir. Yerlərdə əlbəttə ki, iş yerlərinin açılması prosesi gedir. Son 10 ildə təxminən 1 milyon 200 min iş yeri açılmışdır. Onların böyük əksəriyyəti bölgələrdə açılıb. Bölgələrdə işsizliyin aradan qaldırılması üçün bu proqramın çox böyük əhəmiyyəti olmuşdur.

Ona görə sən gərək yaxşı oxuyasan, yaxşı mütəxəssis olasan. Əlbəttə, əgər sən hesab edirsənsə ki, Astaraya qayıtmalısan, mən buna çox şadam. Çünki bu gün bölgələrdə tikilən xəstəxanalar inkişaf etmiş ölkələrdə olan xəstəxanalardan geri qalmır.

Cəlilabadda əvvəllər diaqnostika mərkəzi, indi isə böyük xəstəxana açıldı. Xəstəxana bir memarlıq əsəridir. Orada işləmək hər bir həkim üçün, necə deyərlər, çox böyük xoşbəxtlik olar. Keçən həftə Ağcabədidə böyük xəstəxananın açılışını etdik. Yəni, belə xəstəxanalar adətən inkişaf etmiş ölkələrin əsas şəhərlərində tikilibdir. Bizdə isə rayonlarımızda tikilibdir. Yalnız hələ ki, Biləsuvar Rayon Xəstəxanası yaxşı vəziyyətdə deyildir. İndi mən Bakıya qayıdan kimi göstəriş verəcəyəm ki, Biləsuvar Rayon Xəstəxanası da əsaslı şəkildə təmir edilsin. Belə olan halda Salyandan Astaraya qədər bütün bu zonada bir dənə də təmirsiz Rayon Mərkəzi Xəstəxanası qalmayacaqdır.

Tələbə Sona ƏSGƏROVA dedi:

- Hörmətli Prezident, builki imtahanda 652 bal toplayaraq Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsinə daxil olmuşam.

Sizi bölgəmizdə görmək çox xoşdur. Buradakı hər bir gənc kimi, mən də çox qürur hissi keçirirəm ki, bu görüşdə varam. Biz bölgəmizin gənclərini təmsil edirik və Sizinlə fikirlərimizi bölüşmək istəyirik. Bilirik ki, ölkəmizdə şagirdlər və tələbələr arasında bir çox olimpiadalar keçirilir. Hazırda belə bir qanun vardır ki, beynəlxalq olimpiadaların qalibləri imtahansız ali təhsil almaq hüququna malikdirlər. Biz çox istəyərdik ki, gələcəkdə bu hüquq ölkə olimpiadasının qaliblərinə də şamil olunsun. Bilirsiniz ki, tələbələrin ortaq bir arzusu vardır - yataqxana. Biz çox istərdik ki, gələcəkdə ölkəmizdəki ali təhsil müəssisələrinin şəhərcikləri, yataqxanaları daha da müasirləşdirilsin və artırılsın.

Diqqətinizə görə çox sağ olun!

Prezident İlham ƏLİYEV: Sağ ol. Bu məsələyə baxmaq olar. Əlbəttə, bizdə imtahanlar test üsulu ilə keçirilir. Hesab edirəm ki, bu, düzgün yoldur. İmtahanlar ədalətli keçirilir. Test üsulu dünyada qəbul edilmiş praktikadır. Amma əlbəttə ki, beynəlxalq olimpiadalarda yüksək nailiyyət göstərmiş gənclər üçün bu, yəqin ki, xüsusi bir imtiyaz olmalıdır. Buna baxmaq olar. O ki qaldı yataqxanalara, əlbəttə ki, mən artıq bu məsələyə toxundum. Buna böyük ehtiyac vardır. Tələbə şəhərciklərinin tikilməsi ideyası vardır, müzakirə edilir. Yəqin ki, reallaşacaqdır.

İndi Azərbaycanda yeni ali təhsil ocaqları yaradılır. İnformasiya Texnologiyaları Universiteti yaradılmalıdır. Azərbaycan Diplomatik Akademiyasının binası tikilibdir. Moskva Dövlət Universitetinin filialı üçün bina tikilibdir. Tibb Universiteti üçün iki böyük xəstəxana tikilmişdir. Görəcəksiniz, ən yüksək səviyyədə tikilmiş binalardır. Digər ali məktəblərin binaları təmir edilir. Texniki Universitetin binası təmir edilir. Əlbəttə ki, yataqxanaların tikilməsi olacaqdır.

Bakı Dövlət Universitetinin yataqxanalarında məcburi köçkünlər məskunlaşmışdılar. Onları biz artıq köçürdük. Bu yataqxanalarda artıq qalmaq mümkün deyildir. Təmir etmək də mümkün deyildir, onlar sökülür. Yeni yataqxanalar tikiləcəkdir. Bu məsələ diqqət mərkəzindədir. Ancaq yəqin bilirsiniz ki, erməni işğalından əziyyət çəkən soydaşlarımızın bir çoxu məhz yataqxanalarda, uşaq bağçalarında, məktəblərdə yerləşmişdir. Bakı şəhərinin bir neçə uşaq bağçasında hələ də məcburi köçkünlər yaşayırlar. Məktəblərin bir hissəsində məcburi köçkünlər yaşayırlar. Bağçanın bir hissəsi bağçadır, bir hissəsi isə köçkünlər üçün evdir.

Biz hər il 20 min köçkünü yeni mənzillərlə, evlərlə təmin edirik. Demək olar ki, hər il bir kiçik şəhər tikilir. Ancaq hələ ki, biz təxminən 200 minə qədər köçkünü yerləşdirə bilmişik. Ona görə təbii ki, bu yataqxanalarda, məktəblərdə, uşaq bağçalarında, bəzi hallarda hərbi hissələrin ərazilərində məskunlaşan köçkünlərimiz köçürüldükcə əlbəttə, yataqxanalarımızın tikintisi daha da sürətlə gedəcəkdir. Ancaq bu, əlbəttə ki, nəzərdə tutulur. Bu gün təhsillə bağlı olan məsələlər bilirəm ki, uğurla həll edilir, uğurla həll edilməlidir. Çünki bu, yəqin ki, tez-tez təkrarlanan bir fikirdir. Ancaq həqiqətdir ki, təhsil hər bir ölkənin gələcəyidir. Hər bir cəmiyyətin inkişafı, ilk növbədə, təhsildən, ondan sonra elmi-texniki tərəqqidən asılıdır.

Biz çalışmalıyıq ki, gənclərimiz hazırlıqlı, peşəkar olsunlar. Biz dünyada gedən bütün yenilikləri Azərbaycanda tətbiq etməliyik. Biz dünyada mövcud olan bütün müsbət meylləri Azərbaycanda tətbiq etməliyik ki, ölkəmiz daim inkişafda olsun, sürətlə inkişaf etsin, vətəndaşlar rahat yaşasınlar, Azərbaycan öz müstəqil yolu ilə getsin, böyük uğurlara imza atsın.

Mən sizi bir daha təbrik edirəm. Sizin üçün yeni dövr, yeni həyat başlayır. Ali məktəblərdə oxumağa başlayırsınız. Çox maraqlı dövrdür. Arzu edirəm ki, həyatınızda hər şey yaxşı olun, gələcəkdə ölkəmizin inkişafına öz töhfənizi verəsiniz. Sağ olun!

X X X

Sonda xatirə şəkli çəkdirildi.


Böyük ölçüdə



Böyük ölçüdə