05 sentyabr 2013, 17:30

Rza Calalov və başqalarından, Şəki, Azərbaycan

Hörmətli cənab Prezident!

Sizin göstərdiyiniz diqqət və qayğının nəticəsidir ki, son illərdə aparılan tikinti, təmir və abadlıq işləri nəticəsində Şəki öz simasını bütünlüklə dəyişmiş, yeni tərəqqi dövrünə qədəm qoymuşdur. Şəki şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında 2013-cü il avqustun 20-də imzaladığınız sərəncamlar bu diqqət və qayğının bariz nümunəsi olmaqla yanaşı, bütün şəkililər tərəfindən böyük rəğbətlə qarşılanmışdır.

Həmin sərəncamlar, o cümlədən Aşağı Göynük-Baş Göynük-Baş Şabalıd avtomobil yolunun tikintisi məqsədilə vəsait ayrılması barədə Sərəncam Göynük zonasındakı kəndlərin sakinlərini də çox sevindirmişdir. Bizim yaşadığımız Baş Göynük kəndi Şəkinin ən böyük kəndidir və qədim və şərəfli tarixə malikdir. Azərbaycanda ilk məktəblərdən biri məhz bu kənddə açılmışdır. Xalqımızın azadlıq mübarizəsi tarixində kənd əhalisinin xüsusi xidmətləri olmuşdur.

Bununla yanaşı. əvvəllər Baş Göynük kəndi dəfələrlə təbii fəlakətlərə məruz qalmışdır. Ölkəmizin ən dağıdıcı çaylarından biri olan Şin çayının şərq sahilində yerləşən kəndin yolları tez-tez təkrar olunan sellərdən sonra həftələrlə bağlandığından kənd əhalisinin kənar yaşayış məntəqələri ilə əlaqəsi tamamilə kəsilirdi. Məhz Sizin qayğınız sayəsində bu dağıdıcı çay üzərində yeni körpü salındı və kəndimizin sakinləri rahatlığa qovuşdular. Şəki ilə Qaxı birləşdirən yeni körpü tikildikdən sonra isə Göynük zonası kəndlərini Şəki şəhəri ilə birləşdirən məsafə üç dəfəyədək qısaldı.

Həqiqətən də yol həyatdır. Yollarımızın tikintisinə göstərdiyiniz böyük diqqət sakinlərimizin rahatlığı ilə yanaşı, bu zonada turizmin inkişaf etdirilməsi üçün də geniş imkanlar yaradır. Göynüklülər buna görə Sizə hədsiz minnətdardırlar.

Hörmətli cənab Prezident, göynüklülər həmişə qədirbilən, sözünü cəsarətlə deyən, vəfalı və sədaqətli insanlar olublar. Bu gün də belədir. Biz böyük dövlət xadimi kimi Sizə dərin ehtiram bəsləyirik. Sizin həyata keçirdiyiniz daxili və xarici siyasəti ürəkdən bəyənir və dəstəkləyirik. Əmin ola bilərsiniz ki, biz daim Sizin yanınızda olacağıq. Siz xalqımızı parlaq gələcəyə aparırsınız. Sizə, Mehriban xanıma, bütün ailə üzvlərinizə möhkəm cansağlığı arzulayırıq. Azərbaycanımızın tərəqqisi naminə böyük quruculuq fəaliyyətinizdə Ulu Tanrı Sizə yar olsun! Biz, bütün göynüklülər böyük qürur hissi keçiririk ki, Azərbaycan tarixinin ən şanlı dövründə yaşayırıq. Bütün bunlara görə Göynük zonası kəndlərinin ağsaqqalları və ziyalıları adından Sizə dərin minnətdarlığımızı bildiririk.

Hörmətlə,

Calalov Rza
Hüseynəliyev Möhlüd
Rəsulov Məmməd
İsmayılov Əhəd
Aslanov Sərvər və başqaları (cəmi 211 nəfər).

Azərbaycan Respublikası, Şəki rayonu, Baş Göynük kəndi.