Masallı rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

11 sentyabr 2013, 19:10

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Qırx üç min nəfər əhalinin yaşadığı 31 yaşayış məntəqəsini birləşdirən Həsənli-Xırmandalı, Kürdəbazlı-Qarğalıq, Musaküçə-Lürən, Seybətin-İkinci Səmədxanlı-Alışanlı-Ətcələr, Qəriblər-Qodman və Sərçuvar-Sirəbil avtomobil yollarının tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 4,7 milyon (dörd milyon yeddi yüz min) manatı Masallı Rayon İcra Hakimiyyətinə ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 11 sentyabr 2013-cü il.