|
07 oktyabr 2010, 10:23
Prezident Administrasiyasının rəhbəri təhlükəsizlik məsələlərinə nəzarət edən yüksək vəzifəli nümayəndələrin Birinci Beynəlxalq görüşündə iştirak etmişdir
Cari il oktyabrın 5-6-da Soçi şəhərində təhlükəsizlik məsələlərinə nəzarət edən yüksək vəzifəli nümayəndələrin Birinci Beynəlxalq görüşü keçirilmişdir.
Görüşdə 43 ölkənin təhlükəsizlik şuralarının katibləri, prezidentlərin və baş nazirlərin milli təhlükəsizlik üzrə köməkçiləri, güc qurumlarının rəhbərləri, habelə BMT baş katibinin müavini Y.Fedotov iştirak etmişlər. Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi N.Patruşev görüşü açaraq Rusiya Federasiyasının Prezidenti Dmitri Medbedevin təbrik məktubunu oxumuşdur. BMT-nin baş katibi Pan Gi Mun da forum iştirakçılarına təbrik məktubu göndərmişdir. Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev Birinci Beynəlxalq görüşdə “Transmilli cinayətkarlıq, onun ən təhlükəli növləri arasında qarşılıqlı əlaqə” və “Formalaşan qlobal informasiya cəmiyyəti şəraitində beynəlxalq informasiya təhlükəsizliyinə təhdidlər: əməkdaşlıq istiqamətləri” mövzularında mühazirələrlə çıxış etmişdir. Akademik Ramiz Mehdiyev transmilli cinayətkarlıq mövzusunda məruzəsində Azərbaycan ərazisinin bir hissəsinin işğal olunması kontekstində beynəlxalq mütəşəkkil cinayətkarlığın doğurduğu təhlükələri diqqətə çatdırmışdır. O demişdir ki, terrorçu qrupların “boz zonalar” adlandırılan ərazilərdə fəaliyyət göstərən müxtəlif profilli kriminal təşkilatlarla birləşməsi cinayətkarlıq üçün böyük potensial yaradır və çox təhlükəli meyildir. Ermənistan silahlı qüvvələrinin işğal etdiyi Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı yeddi rayonunun ərazisində məhz belə nəzarət olunmayan zona yaradılmışdır. Daxil olan əməliyyat məlumatları və prosessual şəkildə sübut olunmuş faktlar israrla söyləməyə əsas verir ki, bu ərazidən narkotik vasitələrin istehsalı, silah və insan tranziti və alveri, qeyri-leqal miqrasiya, terrorçuların göndərilməsi və gizlədilməsi, qanunsuz pul vəsaitlərinin leqallaşdırılması və transmilli cinayətkarlığın digər təhlükəli növləri üçün fəal istifadə olunur. Milli və beynəlxalq hüququn təsir dairəsindən kənarda qalan bu zona və digər belə ərazilər qeyd olunan təhdidlərə adekvat və vaxtında münasibət göstərilməsi üçün əlçatmaz qalır. Buna görə də biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar məsələlərə milli və regional təhlükəsizliyin təmin olunması, terror təhlükəsinin və digər təhdidlərin aradan qaldırılması sahəsində işin bir hissəsi kimi baxırıq. İnformasiya cəmiyyəti şəraitində əlaqələndirilmiş fəaliyyətin zəruriliyini və aktuallığını qeyd edən Ramiz Mehdiyev bildirmişdir ki, Azərbaycan tez-tez açıq-aşkar informasiya təhrikləri ilə üzləşir. Ümumdünya şəbəkəsində separatçılıq fəaliyyətinə açıq çağırışlar müşahidə olunur, dövlətin ərazi bütövlüyü şübhə altına alınır, dövlət rəhbərləri, ölkənin ictimai-siyasi xadimləri təhqir obyektinə çevrilir. Qeyd etmək lazımdır ki, bu cür hərəkətlər Azərbaycanın müharibə şəraitində olduğu qonşu Ermənistanın informasiya qurumları tərəfindən tez-tez həyata keçirilir. “İnformasiya silahından” istifadə olunması ilə əlaqədar qeyd edilən nümunələrlə yanaşı, xüsusilə, dinc Azərbaycan əhalisinin 1918-ci ilin martında, 1990-cı ilin yanvarında, habelə 1992-ci ilin fevralında Xocalı şəhərində erməni separatçılarının silahlı qrupları tərəfindən kütləvi surətdə qırılması ilə bağlı faciəli günlərdə Azərbaycanın informasiya resurslarına xaker hücumlarına daimi cəhdlər göstərilir. Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, Təhlükəsizlik Şurasının katibi akademik Ramiz Mehdiyev səfər çərçivəsində Türkiyə Milli Təhlükəsizlik Şurasının baş katibi Sərdar Kılıç, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Raisa Boqatıryova, Belarus Təhlükəsizlik Şurasının dövlət katibi Leonid Maltsev, İsveçrə Konfederasiyasının Müdafiə, Əhalinin Qorunması və İdman Federal Departamentinin Təhlükəsizlik Siyasəti İdarəsinin rəisi Kristian Katrina ilə ikitərəfli görüşlər keçirmişdir. Görüşlərdə geniş fikir mübadiləsi aparılmış, regionda və dünyada vəziyyət və təhlükəsizlik məsələləri təhlil olunmuş, habelə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilmişdir. Soçi görüşündə təbii və texnogen qəzalar barədə qabaqcadan xəbərdarlıq edilməsi və nəticələrin aradan qaldırılması, transmilli cinayətkarlığın müxtəlif formaları və təzahürləri – terrorizm, narkotrafik, qeyri-leqal miqrasiya, silah və radioaktiv materialların qanunsuz dövriyyəsi ilə mübarizə sahəsində qarşılıqlı fəaliyyət, habelə qlobal informasiya cəmiyyətinin formalaşdırılması şəraitində beynəlxalq informasiya təhlükəsizliyinin təmin edilməsi istiqamətində əməkdaşlıq məsələləri diqqət mərkəzində olmuşdur. Soçi görüşü beynəlxalq təhlükəsizlik sahəsində çoxtərəfli əməkdaşlığın qurulması istiqamətində ilk mühüm addımdır. AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 604 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.