Gerb

18 sentyabr 2013, 16:00
W1siziisijiwmtuvmdyvmtuvnxb2aneynjq4dl8yndq1mc5qcgcixsxbinailcj0ahvtyiisijy1nhgzmjcjil1d?sha=cd7eb9b24fdca63c

Prezident İlham Əliyev Quba şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin başa çatdırılması münasibətilə təşkil olunan mərasimdə iştirak etmişdir.

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Qorxmaz Hüseynov dövlətimizin başçısına məlumat verdi ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində bölgələrdə əhalinin içməli su təchizatının yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilir. Proqram çərçivəsində həyata keçirilən “Quba şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi də 2035-ci ilədək perspektiv inkişaf nəzərə alınmaqla Quba şəhəri və rayonun Qırmızı qəsəbə, Mirzəməmmədkənd və Timiryazev kəndlərində 46 min sakinin su təchizatı və kanalizasiya xidmətlərinin əsaslı şəkildə yaxşılaşdırılmasına hesablanmışdır. Layihə çərçivəsində Quba Sukanal İdarəsi üçün müasir tələblərə cavab verən yeni inzibati bina tikilmişdir.

Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva idarənin binasında yaradılmış şəraitlə tanış oldular.

Məlumat verildi ki, ümumi sahəsi 1150 kvadratmetr olan binada müasir tələblərə cavab verən “SCADA” idarəetmə mərkəzi yaradılmışdır. Bu istiqamətdə həyata keçirilən tədbirlərdən biri də Coğrafi İnformasiya Sisteminin yaradılmasıdır. Quba şəhərində də tətbiq olunmuş bu sistem sayəsində gələcəkdə bütün şəbəkə infrastrukturu coğrafi məlumatlar bazasına əsaslanan rəqəmsal xəritələrin tətbiqi ilə idarə ediləcəkdir. Bu sistem dünyanın iki nüfuzlu müsabiqəsinin qalibi olmuşdur.

Diqqətə çatdırıldı ki, Quba şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi dövlət büdcəsi hesabına maliyyələşdirilmiş və işlər 22 ay müddətində başa çatdırılmışdır. Layihəyə əsasən, Quba şəhərini və ətraf yaşayış məntəqələrini fasiləsiz və keyfiyyətli içməli su ilə təmin etmək üçün su mənbəyi Qudyalçay seçilmişdir. Suyun özüaxmlı nəqli nəzərə alınaraq şəhərin şimal hissəsində Qudyalçayın məcrasında 2435 metr uzunluğunda drenaj tipli suqəbuledici qurğu tikilmişdir. Su mənbəyindən paylayıcı anbara qədər ümumi uzunluğu 6450 metr olan iki paralel magistral su xətti çəkilmişdir. Əhalini fasiləsiz su ilə təmin etmək üçün Quba şəhərində relyef baxımından ən yüksək ərazidə ümumi tutumu 14 min kubmetr olan dörd anbar tikilmişdir. Layihə çərçivəsində Quba şəhərində ümumi uzunluğu 190 kilometr olan paylayıcı su şəbəkəsi yaradılmış, 9525 ünvana ev birləşmələri verilmiş, 8900 abunəçi “smart-kart” sayğacı ilə təmin olunmuşdur. Layihəyə uyğun olaraq Quba şəhərində 216 kilometr uzunluğunda kanalizasiya şəbəkəsi yaradılmış və bütün ünvanlar şəbəkəyə qoşulmuşdur. Hazırda şəhərdə toplanan tullantı suları mövcud kollektorlar vasitəsilə axıdılır. Gələcəkdə tullantı suları Xaçmaz şəhəri yaxınlığında inşa ediləcək, sutəmizləyici qurğuya ötürüləcəkdir.

Prezident İlham Əliyevə “SCADA” sistemi barədə də məlumat verildi. Bildirildi ki, su təchizatı və kanalizasiya sistemlərinin vahid mərkəzdən idarə edilməsi üçün yaradılmış sistem vasitəsilə suyun mənbədən istehlakçıyadək ötürülməsi onlayn rejimdə tənzimlənir. Bu sistem vasitəsilə anbarlarda suyun həcmi, siyirtmələrin işçi vəziyyəti, anbar çıxışlarında və şəbəkədəki təzyiq, anbarlardakı ehtiyatın həcmi avtomatik idarə olunur. Eyni zamanda, xətlərdə baş verən qəza hallarının koordinatları qeydə alınır, problemin operativ aradan qaldırılması təmin edilir. Yeni sistem qəza aradan qaldırılan müddətdə su təchizatında fasilə verilən əraziləri də dərhal müəyyən edir. “Azərsu” ASC tərəfindən su təchizatı və kanalizasiya sistemlərinin istismarında ən müasir sistem tətbiq edilir. Bu sırada mühüm yer tutan Coğrafi İnformasiya Sistemi coğrafi məlumat bazası rolunu oynayır. Bu sistem “Azərsu” ASC-də istifadə olunan Müştəri Məlumat, “SCADA”, Elektron Kargüzarlıq, Mühafizə və Təhlükəsizlik Sistemləri kimi digər məlumat bazaları ilə inteqrasiya olunaraq abonentlərin xəritə üzərində təsviri, “qaynar xətt”ə daxil olan müraciətlərin operativ şəkildə idarə olunması, baş verən qəzalara dərhal müdaxilə edilməsi və aradan qaldırılmasına nəzarət, su və kanalizasiya infrastrukturunda olan hər bir obyekt haqqında ətraflı məlumatın əldə edilməsinə şərait yaradır.

Sonra Prezident İlham Əliyev şəbəkəyə suyun verilməsini bildirən düyməni basdı.

Bununla Quba şəhərinin 24 saat fasiləsiz su ilə təmin olunması prosesi uğurla yerinə yetirildi.

Diqqətə çatdırıldı ki, idarənin binasında müasir tipli yeni laboratoriya da qurulmuşdur. Burada içməli suyun vacib 14 parametri öyrəniləcəkdir. Daha geniş və dəqiq analizlərin aparılması zərurəti yarandıqda nümunələr xüsusi təyinatlı maşınlarda Bakıdakı Mərkəzi Laboratoriyaya göndəriləcəkdir. İdarənin maddi-texniki bazasının gücləndirilməsi məqsədilə 11 nəqliyyat vasitəsi və xüsusi texnika alınmışdır.


Böyük ölçüdə