Həsən Günəşlidən, Quba, Azərbaycan
28 sentyabr 2013, 14:30
Möhtərəm Prezident!
Sizin daxili və xarici siyasətinizin uğurlu nəticəsidir ki, son 10 ildə Azərbaycan sürətlə inkişaf etmiş və dünyanın nüfuzlu ölkələrindən birinə çevrilmişdir. Çoxsaylı Dövlət proqramları, layihələr reallaşdırılmış, Azərbaycan iqtisadiyyatı şaxələndirilmiş, qeyri-neft sektorunun sürətli inkişafı təmin edilmişdir.
Təkcə Bakıda deyil, ölkənin bütün regionlarında geniş abadlıq-quruculuq işləri həyata keçirilir. Azərbaycanımızın siması yeniləşir və müasirləşir. Bu gün Azərbaycana gələn xarici qonaqlar on ildə baş vermiş dəyişiklikləri heyranlıqla izləyir və yüksək fikirlər söyləyirlər.
Ölkəmizin Şimal qapısı qədim Qubamız da bu inkişafdan geridə qalmamışdır.
Əziz Prezident, Sizin 2013-cü il sentyabrın 18-də Mehriban xanım Əliyeva ilə birlikdə Qubaya səfəriniz rayonumuza olan xüsusi qayğınızın bariz nümunəsidir.
Şəxsən Sizin və Azərbaycanımızın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü, Heydər Əliyev Fondunun dəstəyi ilə “Quba Soyqırımı Memorial Kompleksi”nin tikilməsinə və bu möhtəşəm kompleksin açılışına görə, biz ağsaqqal-ağbirçəklər Sizə minnətdarıq. Bu kompleks Azərbaycanın tarixində çox mühüm yer tutacaq, gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə olunmasında, erməni qəddarlıqlarının dünyaya çatdırılmasında misilsiz yol oynayacaqdır.
Hörmətli cənab Prezident, Qubada Heydər Əliyev adına mədəniyyət və istirahət parkının, bir sıra inzibati binaların, sosial-mədəni obyektlərin, turizm komplekslərinin, yeni körpülərin, su-kanalizasiya sistemlərinin istifadəyə verilməsi və bu açılışlarda iştirak etməyiniz bizdə qürur hissi yaratmışdır. Rayonumuzun əhalisi uzun illər içməli su və kanalizasiya xidmətindən əziyyət çəkmişdir. Su həyatdır, su təmizlikdir. Su, yol çəkmək, körpü tikmək Uca Tanrı qarşısında savab sayılır. Bu savabın sahibi Sizsiniz.
Ümumilikdə Quba rayonunda həyata keçirilmiş bu möhtəşəm işlərə və rayonumuzun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi məqsədilə 2013-cü il 23 sentyabr tarixində imzaladığınız sərəncamlara görə rayonumuzun bütün ictimaiyyəti adından Sizə dərin təşəkkürümüzü və minnətdarlığımızı bildiririk. Biz ağsaqqallar və ağbirçəklər Sizi, əziz Prezident, qurucu, yaradıcı bir şəxs kimi tanıyır, Azərbaycanımızın gələcəyinin daha gözəl və möhtəşəm olacağına nikbinliklə baxırıq. Biz bir daha bəyan edirik ki, Sizin daxili və xarici siyasətinizi ürəkdən bəyənir və müdafiə edirik. Yaşlı nəsil xalqımıza, Prezidentimizə həmişə sadiq olmuş və bundan sonra da sadiq olacaqdır.
2013-cü il 9 oktyabr tarixli seçkilərdə qələbə Sizin olacaqdır. Çünki Sizin alternativiniz yoxdur. Uca Allah xalqımızı və Sizi qorusun!
Hörmətlə,
Həsən Günəşli,
Ağsaqqallar Şurasının sədri.
Azərbaycan Respublikası, Quba rayonu.
