Gerb

28 oktyabr 2010, 17:57

Hörmətli cənab Prezident,

Əziz qardaşım,

Dost və qardaş Türkiyənin milli bayramı – Respublika günü münasibətilə Sizi və Sizin simanızda bütün türk xalqını şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Bu gün Türkiyə hərtərəfli inkişaf yolu tutaraq dünya miqyasında böyük nüfuza malik qüdrətli bir dövlətə çevrilmişdir. Biz Türkiyənin uğurlarına, yüksəlişinə sevinir, bundan hədsiz qürur duyuruq.

Gücünü tarixi birliyimizdən və ortaq mənəvi dəyərlərimizdən alan Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı dövlətlərarası münasibətlərimizin məzmununda və ruhunda bilavasitə öz təcəssümünü tapmışdır. Xalqlarımızın yekdil iradəsi ilə bu münasibətlər sarsılmaz strateji tərəfdaşlıq, müttəfiqlik səviyyəsinə yüksəlmişdir.

Əminəm ki, ulu əcdadlarımızdan miras qalmış dostluq və qardaşlıq duyğularımız xalqlarımızın xoş və firavan yaşayışı, ölkələrimizin daim çiçəklənməsi naminə birgə səylərimizə daim təkan verəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost və qardaş türk xalqına sülh və rifah arzulayıram.

Hörmətlə,

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 13 oktyabr 2010-cu il