Gerb

21 may 2010, 16:16

Cənab Prezident!

Bu yaxınlarda Kür çayının daşması nəticəsində yaranmış ağır şəraitdə təbii fəlakət zonasına gəlməyiniz, zərər çəkmiş insanlarla görüşməyiniz, onlara maddi və mənəvi cəhətdən dəstək olmağınız, ağrı-acının nə demək olduğunu yaxşı bilən bir insan kimi qəlbimizdə kövrək duyğular oyatdı. Azərbaycan vətəndaşları çətin anlarda öz Prezidentinin onların yanında olduğunu bütün varlığı ilə duydu və buna görə dərin qürur hissi keçirdilər.

Sizin tapşırığınızla təbii fəlakət zonasında yaradılmış qərargahın üzvlərinin – Baş nazirin müavini Abid Şərifovun, fovqəladə hallar naziri Kəmaləddin Heydərovun, daxili işlər naziri Ramil Usubovun, səhiyyə naziri Oqtay Şirəliyevin, kənd təsərrüfatı naziri İsmət Abasovun, “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri Əhməd Əhmədzadənin və digər hökumət adamlarının öz vəzifə borclarını layiqincə yerinə yetirmələri daşqına məruz qalmış kəndlərin əhalisində dərin razılıq hissi doğurmuşdur.

Biz - İmişli rayonunda məskunlaşan məcburi köçkünlər çətin anlarda göstərdiyiniz diqqət və qayğıya görə, Sizə dərindən minnətdarlığımızı bildiririk.

Hörmətlə,

Yeni Bəhramtəpə qəsəbəsindəki 1 saylı fin şəhərciyində məskunlaşmış məcburi köçkünlər adından

Sadıqov Camal Ərşad oğlu

Azərbaycan Respublikası, İmişli rayonu.