Kiyevdə Azərbaycan və Ukrayna prezidentlərinin birgə mətbuat konfransı olmuşdur

28 oktyabr 2010, 21:21
Kiyevdə Azərbaycan və Ukrayna prezidentlərinin birgə mətbuat konfransı olmuşdur

Kiyevdə Azərbaycan-Ukrayna sənədlərinin imzalanması mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Ukrayna Prezidenti Viktor Yanukoviçin mətbuat konfransı olmuşdur.

Dövlət başçıları jurnalistlər qarşısında bəyanatlarla çıxış etdilər.

Ukrayna Prezidenti Viktor Yanukoviçin bəyanatı

- Çox hörmətli cənab Prezident!

Xanımlar və cənablar!

İndicə biz Azərbaycan və Ukrayna Prezidentləri Şurasının iclasını yekunlaşdırdıq. Bundan əvvəl bizim birgə komissiya böyük iş aparmış, bugünkü iclas üçün müvafiq protokol hazırlamışdır. Təbii ki, qarşıda bir məqsəd vardı – bu iclası mənalı keçirmək.

Bizim ikitərəfli münasibətlərin uzun illər ərzində əsası qoyulmuş ənənələri davam edir və İlham Heydər oğlu ilə bir-birimizi çoxdan və yaxşı tanıyırıq. Biz razılaşdıq ki, Ukrayna-Azərbaycan münasibətlərini xeyli fəallaşdıracaq və onlara məna kəsb etdirəcəyik. Biz səmərəli əməkdaşlığımıza, milli mənafelərimizə uyğun olan məsələlərin siyahısını xeyli genişləndirmişik. Bunlar ticari-iqtisadi əməkdaşlıq, beynəlxalq təşkilatlarda birgə iş məsələləri və əlbəttə, Ukrayna və Azərbaycan xalqları arasında əsrlər boyu davam edən humanitar əlaqələrin geniş spektridir.

Mən ticari-iqtisadi münasibətlərimizdə yanacaq-energetika sahəsində münasibətlərin inkişaf etdirilməsi məsələsinə xüsusi yer ayırardım. Biz razılığa gəldik ki, birgə işçi qrupu yaradaq. Bu qrup ölkələrimiz arasında strateji müqavilə hazırlayacaqdır. Həmin müqavilədə Azərbaycandan Ukraynaya enerji resursları satışının həcminin xeyli artırılması nəzərdə tutulacaqdır. Biz bu proqramın işləmə mexanizmlərini hazırlayacağıq. Bu əməkdaşlığın üçüncü ölkələrə, məsələn Rusiyaya, Xəzəryanı ölkələrə də şamil olunacağını istisna etmirik.

Bu gün enerji ehtiyatlarının şaxələndirilməsi məsələsi çox kəskin şəkildə gündəmdədir. Hesab edirik ki, Azərbaycanın neft və qaz hasilatını artırmaq üçün çox böyük perspektivi vardır və biz dostlarımıza arzu edirik ki, onlar bu perspektivi mümkün qədər tez genişləndirsinlər.

Elm tutumlu texnologiyalar sahəsində əməkdaşlıq da hazırda gündəmdə olan məsələlərdən biridir və biz belə hesab edirik ki, onun inkişafı üçün böyük perspektiv vardır. Bir sözlə, mən demək istəyirəm ki, 2010-cu il artıq başa çatmaqdadır və biz inamla deyə bilərik ki, ölkələrimiz arasında əmtəə dövriyyəsini faizlərlə deyil, dəfələrlə artıracağıq və bu, bizim ikitərəfli işimizin nəticəsidir. Bizim vəzifəmiz bununla kifayətlənməmək və qarşılıqlı faydalı olan bu işi davam etdirməkdir. Hazırda Ukrayna Azərbaycanın ticarət tərəfdaşı kimi ikinci yeri tutur. Əlbəttə, biz bu nəticəni yaxşılaşdırmaq istəyirik. Ona görə də mən böyük məmnuniyyətlə demək istəyirəm ki, biz perspektivə inanırıq və ona nail olacağıq.

X X X

Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatı

- Hörmətli Viktor Fyodoroviç, sözlərinizə görə çox sağ olun. Əvvəla, dost, qardaş Ukraynaya rəsmi səfərə dəvət etdiyinizə, mənə və nümayəndə heyətimin üzvlərinə qardaş Ukrayna torpağında göstərilən qonaqpərvərliyə görə təşəkkür etmək istəyirəm.

Çox hörmətli Viktor Fyodoroviç ilə bizi uzun illər ərzində birgə iş bağlayır. Biz bir-birimizi çoxdan tanıyırıq. Münasibətlərimiz hələ biz dövlətlərimizin baş nazirləri olandan başlamışdır. Əminəm ki, ölkələrimiz arasında münasibətlərin indiki səviyyəsi, ən başlıcası isə bu münasibətlərin inkişaf perspektivləri xeyli dərəcədə dövlətlərin rəhbərlərinin nə qədər sıx əməkdaşlıq etmələrindən və ünsiyyətdə olmalarından asılıdır. Mən görürəm ki, tammiqyaslı əməkdaşlığı genişləndirmək üçün perspektivlər çox ümidvericidir.

Viktor Fyodoroviçin qeyd etdiyi kimi, biz bu gün münasibətlərimizin geniş gündəliyi üzrə çox konstruktiv, ətraflı müzakirələr apardıq, siyasi qarşılıqlı fəaliyyəti, siyasi məsləhətləşmələri, beynəlxalq təşkilatlarda bir-birimizi dəstəkləməyi, regional məsələlərdə, xüsusilə Xəzər-Qara dəniz hövzəsində inteqrasiya siyasəti məsələlərində fəal əməkdaşlığı genişləndirməyə tərəfdar olduğumuzu bir daha təsdiq etdik. Ölkələrimiz Qara dəniz ilə Xəzər dənizini birləşdirən nəqliyyat-energetika dəhlizinin möhkəmləndirilməsi və genişləndirilməsi işində aparıcıdırlar və bununla da ölkələrimiz regional inteqrasiya, regional əməkdaşlıq proseslərində fəal iştirak edirlər.

Bu gün biz yanacaq-energetika kompleksi ilə bağlı məsələləri ətraflı müzakirə etdik. Çox şadıq ki, biz bu sahədə artıq konkret nəticələr görürük və həm neft, həm də qaz sahələrində əməkdaşlığın genişlənəcəyinə ümid bəsləyirik. Əminəm ki, energetika, neft və qaz nəqli marşrutlarının şaxələndirilməsi həm istehsalçılar, həm də istehlakçılar üçün energetika təhlükəsizliyi tədbirlərinin möhkəmləndirilməsi ilə bağlı daha geniş regional kooperasiya bu sahədə əməkdaşlığımızın nə dərəcədə səmərəli və məhsuldar olmasından asılıdır. Bəzən energetika təhlükəsizliyindən danışarkən, əsasən, enerji resurslarını alan ölkələr nəzərdə tutulur. Lakin istehsalçı ölkələrin də enerji təhlükəsizliyinə, uzunmüddətli müqavilələrə, proqnozlaşdırıla bilən bazarlara ehtiyacı vardır və həmin ölkələr yalnız bu yolla uzunmüddətli sərmayə siyasətini qura bilərlər.

Biz həm də çox şadıq ki, ölkələrimiz arasında əmtəə dövriyyəsi genişlənir, artır. Artım potensialı daha çox perspektivlidir. Düşünürəm ki, 2010-cu il bu baxımdan münasibətlərimizin tarixində dönüş ili kimi qalacaqdır. Çünki Viktor Fyodoroviçin qeyd etdiyi kimi, əmtəə dövriyyəsinin faizlə deyil, dəfələrlə artması artıq münasibətlərimizin bugünkü reallığıdır.

Bu gün biz sənaye kompleksini, ticarəti, humanitar əməkdaşlığı, hərbi sənaye kompleksi sahəsində, aerokosmik sahədə əməkdaşlığı əhatə edən məsələləri də ətraflı nəzərdən keçirdik. Biz daha fəal əməkdaşlıq etmək və fəaliyyətimizin konkret məzmun kəsb etməsi üçün iqtisadiyyatlarımızın, müəssisələrimizin potensialından maksimum istifadə etməliyik. Bir daha demək istəyirəm, bunun üçün bütün ilkin şərait – həm rəhbərliyin şəxsi münasibətləri, həm də bu gün müşahidə etdiyimiz kimi, nümayəndə heyətlərimizin üzvlərinin konstruktiv işgüzar münasibətləri vardır. Siyasi münasibətlər yüksək səviyyədədir. Ən başlıcası, bundan sonra da bütün istiqamətlər üzrə fəal işləmək və əməkdaşlıq etmək arzusu vardır. Əminəm, müəssisələrimiz bir-birinin imkanları barədə nə qədər çox informasiyaya malik olsalar, biz əmtəə dövriyyəsini bir o qədər sürətlə artıra və onun strukturunu təkmilləşdirə bilərik ki, o, birtərəfli olmasın və təkcə enerji resurslarına istiqamətlənməsin. Viktor Fyodoroviçin qeyd etdiyi kimi, bizə də çox xoşdur ki, MDB ölkələri arasında Ukrayna bizim üçün əmtəə dövriyyəsinə görə ikinci yerdədir.

Təbii ki, humanitar əməkdaşlıq olmasa münasibətlərimiz heç vaxt dolğun olmayacaq və bizim bu məsələdə də fəxr etməyə haqqımız vardır. Bizim xalqlar arasında münasibətlər zəngin tarixə malikdir. Ölkələrimiz müstəqillik əldə etdiyi andan onların arasında həmişə xüsusi dostluq münasibətləri olmuşdu. Bu gün onlar strateji tərəfdaşların münasibətləri kimi səciyyələnir. Bizə çox xoşdur ki, ölkələrimizdə bir-birimizin mədəniyyətinə, dilinə çox qayğı ilə yanaşırlar. Azərbaycanda Ukrayna dili öyrənilir və bu müsbət proseslərin inkişaf etdirilməsinə böyük diqqət yetirilir. Azərbaycanda Ukraynanın böyük oğlu Taras Şevçenkoya, Lesya Ukrainkaya abidə qoyulmuşdur. Ukraynada Heydər Əliyevə abidə ucaldılmışdır. Bu gün mənə xəbər verildi ki, Kiyev şəhər soveti həmin abidənin yerləşdiyi parka Heydər Əliyevin adının verilməsi barədə qərar qəbul etmişdir. Mən müasir Azərbaycan dövlətinin banisinin xatirəsinə bu cür yüksək münasibətə görə Azərbaycan xalqı adından, ilk növbədə Ukrayna Prezidentinə, eləcə də bu barədə qərar qəbul edənlərin hamısına bir daha təşəkkür etmək istərdim.

Bütün bu məqamlar da çox vacibdir, çünki onlar münasibətlərimizi daha da möhkəmləndirir, bizi daha da yaxınlaşdırır. Ukrayna bizə dost, qardaş ölkədir və mən əminəm ki, münasibətlərimizin gələcəyi məhz bu müstəvidə inkişaf edəcəkdir. Qonaqpərvərliyə görə ev sahiblərinə, çox hörmətli Viktor Fyodoroviçə bir daha təşəkkür etmək istəyirəm. Mən həm də burada jurnalistlərin qarşısında Viktor Fyodoroviçi istənilən münasib vaxtda Azərbaycana rəsmi səfərə gəlməyə rəsmən dəvət etmək istəyirəm ki, əlaqələrimiz daimi xarakter daşısın və biz bir-birimizi tez-tez görək. Sağ olun.

X X X

Sonra prezidentlər jurnalistlərin suallarını cavablandırdılar

- Hər vaxtınız xeyir, cənab prezidentlər. Siz energetika sahəsində əməkdaşlıq məsələlərinə artıq toxundunuz. Azərbaycanın Ukraynaya neft satışının, Avropaya və Rusiyaya neft tranzitinin həcmini nə vaxtdan başlayaraq artıracağı məlumdurmu? Konkret olaraq hansı həcmlərdən söhbət gedir? Çox sağ olun.

İlham ƏLİYEV: Biz Ukraynaya neft satışını artıq çoxaltmışıq və keçən illə müqayisədə bu amil, ümumiyyətlə, bizim əmtəə dövriyyəsinin artırılmasında da başlıca rol oynamışdır. Bu gün Prezidentlər Şurasında bizə məruzə edilən məlumata görə, bu il, hələ ki başa çatmayıb, Ukrayna bazarlarına bir milyon tondan çox Azərbaycan nefti göndərilmişdir. Biz gələcəkdə satışın həcmini artırmaq niyyətindəyik. Çünki biz Azərbaycanda neft hasilatının həcmini artırmağı planlaşdırırıq. Perspektivdə Xəzər dənizinin şərq sahilində yerləşən, bizə qonşu ölkələrin nefti Azərbaycan ərazisindən keçməklə Ukrayna bazarlarına nəql edilə bilər və bu layihə də Qara dəniz və Xəzər dənizi regionu ölkələrinin daha tam inteqrasiyasına şərait yaradacaqdır. Bu barədə artıq mən danışdım. Bununla da, biz enerji resursları ilə çox zəngin olan Xəzər dənizini Ukrayna bazarları ilə, Avropa bazarları ilə əlaqələndirəcək daha bir, çox etibarlı enerji dəhlizi yaradacağıq. Bu, energetika sahəsində hamıya fayda gətirəcək genişmiqyaslı əməkdaşlıq olacaqdır. Mən hesab edirəm ki, neft təchizatı ilə bağlı bu əməkdaşlıq ölkələrimiz arasında yanacaq-energetika sahəsində münasibətlərin bütün kompleksinin inkişafında lokomotiv rolunu oynamalıdır. Enerji blokunun digər istiqamətləri ilə əlaqədar olan layihələr də, - biz bu gün onların barəsində də ətraflı diskussiya aparmışıq, - müəyyən dərəcədə bu əməkdaşlığın nə qədər uğurlu olmasından asılı olacaqdır. Başqa sözlə desək, mən belə hesab edirəm ki, 2010-cu il bu baxımdan da dönüş ili olmuşdur və biz bunu uzunmüddətli əməkdaşlığın yalnız yaxşı başlanğıcı hesab edirik.

Viktor YANUKOVİÇ: Mən İlham Heydər oğlunun dediklərinə daha bir neçə söz əlavə etmək istərdim. Ukrayna üçün çox vacibdir ki, biz neft emalı zavodlarımız üçün neft alırıq və onların işləməsini təmin edirik, biz əlavə dəyər əldə edirik, iş yerləri açırıq. Bu, həm Ukrayna iqtisadiyyatı üçün, həm də sosial baxımdan çox böyük əhəmiyyətə malikdir. Ukraynanın sifarişi ilə alınan neft məhsullarının lap cüzi bir hissəsini yüngül neft məhsulları təşkil edir. Bizim sonrakı bütün addımlarımız Odessa-Brodı kəmərini neftlə doldurmağa və onu avers rejimində işə salmağa yönəldiləcəkdir. Biz hesab edirik ki, bu proqram bir neçə il ərzində təkcə neft deyil, enerji daşıyıcıları satışını da xeyli artırmağa şərait yaradacaqdır.

- Mənim sualım hər iki prezidentədir. Sizcə Azərbaycan ilə Ukrayna arasında qarşılıqlı sərmayələrin perspektivləri necədir?

Viktor YANUKOVİÇ: Mən çox qısa cavab verəcəyəm ki, müştərək layihələrimiz hər iki tərəfdən sərmayə resurslarının yatırılmasını nəzərdə tutur. Başqa sözlə, biz bu məsələlərə tərəfdaşlar kimi yanaşacağıq və hər bir ayrıca halda birgə qərarlar qəbul edəcəyik. Şübhəsiz ki, sərmayə layihələrimizi, ilk növbədə, yerli məhsul istehsalçılarının dəstəkləməsində çox maraqlıyıq. Məqsədimiz budur. Ölkələrimizin iqtisadiyyatlarının strukturu rəqib olmamağa, bir-birimizi tamamlamağa imkan verir.

İlham ƏLİYEV: Mən Viktor Fyodoroviçin dedikləri ilə razıyam. Həqiqətən, iqtisadiyyatlarımız rəqabət aparan deyil, bir-birini tamamlayandırlar. Eyni zamanda, ölkələrimiz arasında siyasi münasibətlərin yüksək səviyyəsi qarşılıqlı sərmayələrin təşviq edilməsinin mühüm amilidir. Sərmayədarlar – istər dövlətin, istərsə də özəl sektorun nümayəndələri həmişə siyasi konyukturaya çox həssas reaksiya verirlər və ölkələr arasında uzunmüddətli möhkəm siyasi münasibətlər olduğunu görəndə, təbii ki, diqqətlərini məhz belə əlverişli siyasi iqlim olan tərəfə yönəldirlər. Yəni, bu, daha bir amildir.

Digər amil həm Ukraynada, həm də Azərbaycanda xarici sərmayədarlar üçün çox əlverişli mühitin yaradılmasıdır. Əminəm ki, bu sərmayə layihələrinin siyasi cəhətdən dəstəklənməsi daha çox şirkətləri Ukraynanı və Azərbaycanı sərmayə yatırımı üçün strateji məkan kimi nəzərdən keçirməyə təşviq edəcəkdir. Mənə çox xoşdur ki, Azərbaycan Dövlət Neft Şirkəti – SOCAR bu prosesi artıq başlamışdır. Qısa vaxt ərzində Ukraynaya təxminən 80 milyon dollar sərmayə qoyulmuşdur. Bu, bizim ilk addımlarımızdır. Biz sərmayələrimizin həcmini artırmaq niyyətindəyik. Əminəm ki, onlar yalnız artıq reallaşmaqda olan təşəbbüslər və layihələr çərçivəsində bir neçə dəfə çoxalacaqdır. Viktor Fyodoroviç ilə bir qədər əvvəl danışdığımız kimi, yanacaq-energetika, neft-qaz sektorunda genişmiqyaslı əməkdaşlığa dair planlarımızı nəzərə alsaq, bu sərmayələrin necə sürətlə artacağını təsəvvür etmək mümkündür.

Bu gün nümayəndə heyətimizin tərkibində sənaye, iqtisadiyyat, informasiya-kommunikasiya texnologiyalarına görə cavabdeh nazirliklərin rəhbərləri də vardır. Biz bu sahələri də yaddan çıxarmamalıyıq, bəlkə də əksinə, onlara daha çox diqqət yetirməliyik. Çünki biz bir ölkədən digər ölkəyə sərmayələrin sektorlar üzrə bərabər bölünməsində maraqlıyıq. Ən əsası isə onlar ölkələrimizdə mövcud olan planlara uyğun gəlməlidirlər. Onlar ölkələrimizdə mövcud olan iqtisadi, sərmayə proqramlarının əksinə yox, onlara uyğun olsun, bir çox sosial məsələlərin həllinə, iş yerlərinin açılmasına və milli istehsal müəssisələrinin yaradılmasına da kömək etsin. Odur ki, bu perspektivlərə nikbinliklə baxırıq və əminəm ki, yaxın vaxtlarda yaxşı nəticələr görəcəyik. 

gallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 19 aprel 2024
16:58
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

19 aprel 2024, 16:58
SƏNƏDLƏR Fərmanlar 19 aprel 2024
16:56
“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 900-VIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik...

19 aprel 2024, 16:56
SƏNƏDLƏR Fərmanlar 19 aprel 2024
16:54
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                                           

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli...

19 aprel 2024, 16:54
SƏNƏDLƏR Fərmanlar 19 aprel 2024
16:52
“Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1114-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29...

19 aprel 2024, 16:52
SƏNƏDLƏR Sərəncamlar 17 aprel 2024
16:55
Şuşa şəhərinin 2024-cü il üçün “İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” seçilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2023-cü il noyabrın 10-da Türkiyə Respublikasının İstanbul şəhərində keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumu İcraiyyə Şurasının 11-ci iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri yekdilliklə İslam...

17 aprel 2024, 16:55
SƏNƏDLƏR Fərmanlar 16 aprel 2024
13:55
“Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Ali Təhsil Şurası arasında Türkiyə–Azərbaycan Universitetinin (TAU) yaradılmasına dair Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2024-cü il fevralın 19-da Ankara şəhərində imzalanmış “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə...

16 aprel 2024, 13:55
SƏNƏDLƏR Qanunlar 16 aprel 2024
13:53
“Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 7-ci bəndini rəhbər tutaraq qərara alır:

“Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi...

16 aprel 2024, 13:53
SƏNƏDLƏR Fərmanlar 16 aprel 2024
13:51
“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 5 aprel tarixli 1129-VIQD nömrəli Qanununun tətbiqi və “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 27 iyul tarixli 162 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının...

16 aprel 2024, 13:51