Azərbaycan və Gürcüstan prezidentləri mətbuata bəyanatlarla çıxış etmişlər

12 fevral 2014, 12:20
Azərbaycan və Gürcüstan prezidentləri mətbuata bəyanatlarla çıxış etmişlər

Geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyev və Gürcüstan Prezidenti Georgi Marqvelaşvili mətbuata bəyanatlarla çıxış etmişlər.

Prezident İlham Əliyevin bəyanatı

- Hörmətli cənab Prezident.

Hörmətli qonaqlar.

Mən sizi Azərbaycanda bir daha salamlamaq istəyirəm. Ölkəmizə xoş gəlmisiniz. Biz Gürcüstan Prezidentinin Azərbaycana səfərinə çox böyük əhəmiyyət veririk. Şadam ki, bizim çox yaxşı müzakirələrimiz və söhbətimiz oldu. Biz bir daha münasibətlərimizin strateji xarakterini təsdiqlədik.

Xalqlarımız arasında münasibətlər ölkələrimiz arasındakı əlaqələr üçün əsasdır. Bu gün Gürcüstan və Azərbaycan iki müstəqil dövlətdir və beynəlxalq təsisatlarda bir-birinə dəstək verir. Çox güclü siyasi münasibətlərimiz mövcuddur. Biz BMT, Avropa Şurası və digər beynəlxalq təşkilatlar daxilində birgə işləyirik və hər zaman bir-birimizə dəstək veririk. Ölkələrimizin ərazi bütövlüyü məsələsində biz hər zaman bir-birimizi dəstəkləyirik. Gürcüstan və Azərbaycanın ərazi bütövlüyü, eləcə də beynəlxalq hüquq normaları kobud şəkildə pozulub.

Bu gün biz, həmçinin iqtisadi əməkdaşlıq perspektivlərini müzakirə etdik. Hesab edirik ki, iqtisadi əlaqələrimizi, ticarət dövriyyəsini artırmaq üçün böyük potensial vardır. Ticari mübadilələr səviyyəsi arta bilər. Eyni zamanda, qarşılılıqlı sərmayələr üçün yaxşı imkanlar vardır və biz Gürcüstanda sərmayə qoyuluşunun təfərrüatlarını dəyərləndirəcəyik. Bununla belə, Azərbaycan şirkətləri Gürcüstanın infrastruktur, enerji və nəqliyyat sektorlarına artıq sərmayə qoymağa başlamışlar. Bu, sənaye sektoruna da aiddir.

Əlbəttə, bu gün biz enerji şaxələndirilməsi və enerji təhlükəsizliyi ilə bağlı qarşılıqlı layihələrimizə aid olan məsələləri də müzakirə etdik. Enerji sahəsində əməkdaşlığın yaxşı tarixi vardır. Azərbaycandan neft və qazı nəql edən əsas ixrac boru kəmərləri Gürcüstan ərazisindən keçir. Bu əməkdaşlıq uzun illər ərzində çox uğurlu olub. Əlbəttə ki, biz enerji şaxələndirilməsi ilə bağlı gələcək planlarımızı da müzakirə etdik. Bildiyiniz kimi, ötən ilin dekabr ayında XXI əsrin müqaviləsi Bakıda imzalandı. Bu, Avropada ən iri infrastruktur və enerji layihəsidir. İnvestisiyaların ümumi həcmi 45 milyard dollar olacaqdır. Əlbəttə ki, Azərbaycan, Gürcüstan, digər tərəfdaşlar və dostlar bu tarixi layihəni həyata keçirmək üçün əlindən gələni edəcəklər.

Daşımalar ikitərəfli əməkdaşlığımızın, həmçinin mühüm hissəsidir. Bu sahədə biz, həmçinin regionları və qitələri birləşdirəcək layihəni həyata keçirməkdəyik.

Biz, eyni zamanda, humanitar sahədəki əməkdaşlığı, insanlar arasında təmasları müzakirə etdik. Çox məmnunam ki, Gürcüstan Prezidenti sabah Azərbaycanın rayonlarına səfər edəcək və Azərbaycanın gürcü icması ilə görüşəcəkdir. Bir neçə il əvvəl, mən Marneulidə yaşayan azərbaycanlılarla görüşdüm. Bu cür görüşlər, həmçinin münasibətlərimizin gələcək inkişafı üçün vacibdir. Azərbaycandakı gürcülər və Gürcüstandakı azərbaycanlılar bizim böyük zənginliyimizdir. Təbii ki, onların həyatı və fəaliyyəti ikitərəfli əlaqələrimiz üçün vacibdir. Bildirmək istəyirəm ki, tarixin bütün illəri boyu gürcülər və azərbaycanlılar hər zaman sülh və dostluq şəraitində yaşayıblar. Bu gün münasibətlərimiz qardaş, dost və strateji tərəfdaşlar arasında olan münasibətlərdir. Gürcüstan Prezidentinin səfəri söylədiyim sözləri bir daha təsdiqləyir.

Cənab Prezident, Azərbaycana xoş gəlmisiniz və ümid edirəm ki, ölkəmizə səfəriniz uğurlu olacaqdır.

X X X

Prezident Georgi Marqvelaşvilinin bəyanatı

- Sağ olun, cənab Prezident.

Bakıya səfərimizin çox yaxşı başlanğıcını, apardığımız mühüm görüşü və qəbulu bir daha qeyd etmək istəyirəm. İlk saatlardan qonaqpərvərliyinizi duyduq.

Bəli, dövlətlərimiz strateji rifaha aparan münasibətlərin qurulması işində, ölkənin və regionun gələcəyi üçün nümunəvi olublar. Həyata keçirdiyimiz layihələr nəinki dövlətlərimiz, o cümlədən digər regionlar üçün də daha yaxşı gələcək imkanlarını yaradır. Bu səbəbdən, dövlətlərimiz arasında müstəsna tərəfdaşlıq, birgə həyata keçirdiyimiz enerji və daşıma layihələrinə sadiqlik, regionda və onun hüdudlarından kənarda milyonlarla insana daha yaxşı gələcəyi təmin edəcəkdir.

Eyni zamanda, qeyd etmək istəyirəm ki, Azərbaycan Gürcüstan üçün nəinki böyük layihələr, neft və qaz, eləcə də nəqliyyat sahəsində əməkdaşlıq, o cümlədən mədəniyyət, elm və fərdlər arasında münasibətlər baxımından olduqca vacibdir.

Artıq qeyd etdiyim kimi, siyasi sahədə tərəfdaşlığımızı həyata keçiririk və inkişaf etdiririk. Bu, həmçinin bizim üçün çox vacibdir, çünki bu tərəfdaşlıqla bir-birimizin cəmiyyətlərini və dövlətlərini zənginləşdiririk.

Aydındır ki, ərazi bütövlüyü ilə bağlı ciddi problemlər vardır. İnanıram ki, biz həmin problemlərin sülh yolu ilə həllində ən düzgün yoldayıq, düzgün istiqamətdəyik. Həmin problemlərin həlli yolu dövlətlərimizin rifahının daha da artırılmasından, çox mühüm birgə layihələrin reallaşdırılmasından keçir.

Dövlətlərimiz arasında yüksək səviyyəli səfərlərin həyata keçirilməsini səbirsizliklə gözləyirik. Biz Prezident Əliyevin Gürcüstana səfərini səmimiyyətlə arzulayırıq. Biz azərbaycanlıların Gürcüstanda və gürcülərin isə Azərbaycanda həyat tərzinin daha da yaxşılaşdırılmasını səmimi qəlbdən arzulayırıq. Bu sahədə də biz tərəfdaşlığın müstəsna imkanlarını nümayiş etdiririk.

Bu gün mən Prezidentə bildirdim ki, Tbilisiyə, Gürcüstana qayıtdıqdan sonra mən Novruz bayramında azərbaycanlı həmvətənlərimizlə görüşəcəyəm və bu bayramı onlarla qeyd edəcəyəm. Bu sahədə biz, həmçinin tərəfdaşlıq edirik və dövlətlərimiz arasında xüsusi əməkdaşlıq imkanlarını nümayiş etdiririk.

Bir daha sağ olun, cənab Prezident.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 13 may 2024
13:18
Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi və bəzi birinci instansiya məhkəmələri hakimlərinin vəzifələrinin dəyişdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Məhkəmə-Hüquq Şurasının təkliflərini nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 9-cu və 32-ci bəndlərini rəhbər tutaraq qərara alıram:

1. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası...

13 may 2024, 13:18
SƏNƏDLƏR Fərmanlar 13 may 2024
13:16
“Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 aprel tarixli 1141-VIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi...

13 may 2024, 13:16
SƏNƏDLƏR Qanunlar 13 may 2024
13:14
“Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci və 16-cı bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun...

13 may 2024, 13:14
SƏNƏDLƏR Fərmanlar 13 may 2024
12:57
“Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” Azərbaycan Respublikasının 2022-ci il 2 dekabr tarixli 661-VIQ nömrəli Qanununun tətbiqi və...

13 may 2024, 12:57