Azərbaycan Respublikası vətəndaşlarının 2011-ci ilin yanvarın 1-dən 30-dək həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

11 dekabr 2010, 16:08

“Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrin komplektləşdirilməsi üçün qərara alıram:

1. 1993-cü ildə doğulmuş və çağırış günü üçün 18 yaşı tamam olmuş, habelə 1976-1992-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Respublikanın Silahlı Qüvvələrində və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrdə hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan Azərbaycan Respublikası vətəndaşları 2011-ci ilin yanvarın 1-dən 30-dək həqiqi hərbi xidmətə çağırılsınlar.

2. “Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş xidmət müddətini keçmiş əsgər, matros və çavuşlar 2011-ci ilin yanvarın 1-dən 30-dək ehtiyata buraxılsınlar.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti və yerli icra hakimiyyəti orqanları bu Fərmanın icrası üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görsünlər.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 11 dekabr 2010-cu il.