Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının yaradıcı heyətinə

20 dekabr 2010, 18:39

Sizi – Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının yaradıcı heyətini və bütün işçilərini bu mədəniyyət ocağının 90 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edirəm, hər birinizə cansağlığı, xoşbəxtlik və yeni uğurlar arzulayıram. 

Teatrınız fəaliyyətə başladığı vaxtlardan etibarən respublikamızda teatr sənətinin inkişafı naminə mühüm xidmətlər göstərmişdir. Şərq ilə Qərbin qovuşuğunda yerləşən Azərbaycanda dünya dramaturji irsinin gözəl nümunələrinin səhnə təcəssümü tapmasında aktyorlarınızın böyük rolu vardır. Milli dramaturgiyamızın görkəmli simalarının həmişə ustalıqla canlandırdığınız əsərləri teatrsevərlər tərəfindən yüksək qiymətə layiq görülmüşdür. Siz uzun illər boyu rus teatrının zəngin ənənələrindən bəhrələnməklə Azərbaycan-rus mədəni əlaqələrinin möhkəmlənməsinə töhfələr vermisiniz. 

Təqdirəlayiq haldır ki, teatrınız daim rəngarəng repertuarı ilə tamaşaçıların bir çox nəslinin hüsn-rəğbətini qazanmışdır.

Teatrınızın salnaməsini təşkil edən parlaq səhifələr ayrı-ayrı illərdə burada çalışmış və ölkəmizin hüdudlarından kənarda da tanınmış istedadlı sənətkarların adları ilə sıx bağlıdır. İnanıram ki, yaradıcı heyətiniz öz ənənələrinə sadiq qalaraq bundan sonra da axtarışlarını müvəffəqiyyətlə davam etdirəcək və ölkəmizdə teatr sənətinin inkişafında bundan sonra da mühüm rol oynayacaqdır. 

Ən xoş arzularla

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 dekabr 2010-cu il.

SƏNƏDLƏR Fərmanlar 15 may 2024
16:00
Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində “Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi”...

15 may 2024, 16:00