İlham Əliyev Türkmənistanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etmişdir

19 yanvar 2011, 17:35
İlham Əliyev Türkmənistanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etmişdir

Prezident İlham Əliyev Türkmənistanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Toyli Komekovun etimadnaməsini qəbul etmişdir.

Səfir Toyli Komekov fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Toyli Komekov etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Dövlət başçısı Azərbaycan ilə Türkmənistan arasında fəal əməkdaşlığın həyata keçirildiyini, siyasi münasibətlərimizin yaxşı səviyyədə olduğunu, iqtisadi sahədə əlaqələrin inkişaf etdiyini vurğuladı. Prezident İlham Əliyev ölkələrimiz arasında əlaqələrin dinamizminin bundan sonra da qorunacağına, dost və qardaş xalqlarımız arasında münasibətlərin gündəliyinin genişlənəcəyinə və bu münasibətlərin daha da irəli gedəcəyinə ümidvar olduğunu bildirdi. Dövlətimizin başçısı Toyli Komekovun Azərbaycandakı diplomatik fəaliyyəti dövründə ikitərəfli münasibətlərimizin bundan sonra da inkişaf edəcəyinə ümidvar olduğunu bildirdi və səfirə fəaliyyətində uğurlar arzuladı.

Səfir Toyli Komekov Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdırdı. Toyli Komekov səfir kimi Azərbaycanda fəaliyyətə başlamasından şərəf hissi duyduğunu bildirdi. O, əvvəllər Xəzər məsələsi ilə bağlı azərbaycanlı həmkarları ilə Bakıda çalışdıqlarına toxunaraq Azərbaycanın sədrliyi ilə Xəzəryanı ölkələrin Bakı sammitinin yüksək səviyyədə təşkil olunduğunu və bu sammitdə imzalanan hüquqi sənədin əhəmiyyətini xüsusi vurğuladı.

Dövlət başçısı Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkmənistan dövlətinin başçısına çatdırmağı xahiş etdi. 

gallery-photogallery-photo