ABŞ-ın dövlət katibi Con Kerrinin Respublika Günü münasibətilə təbriki

27 may 2015, 13:00

ABŞ-ın dövlət katibi Con Kerri Azərbaycan xalqını Respublika Günü münasibətilə təbrik edib. Təbrikdə deyilir: “28 May - Respublika Günü münasibətilə bütün Azərbaycan xalqını ABŞ Prezidenti Barak Obamanın və Amerika xalqının adından təbrik edirəm. Doxsan yeddi il əvvəl Azərbaycan xalqı müsəlman dünyasında ilk dünyəvi demokratik dövlətin əsasını qoyub.

1991-ci ildə sovet imperiyasından ayrılaraq müstəqilliyinizin bərpasından sonra ölkələrimiz Azərbaycanın suverenliyi, demokratik inkişafı və çiçəklənməsi üçün birgə çalışıblar”.

Dövlət katibi ABŞ-ın Azərbaycanın “Cənub” qaz dəhlizi vasitəsilə Avropanın enerji şaxələndirməsindəki rolunu ciddi şəkildə dəstəklədiyini vurğulayıb.

Con Kerri bildirib ki, biz terrorizmlə mübarizədə, NATO-nun Əfqanıstandakı missiyası çərçivəsində regional və qlobal təhlükəsizliyi möhkəmləndirməkdə çiyin-çiyinə çalışırıq.

Birləşmiş Ştatların dövlət katibinin məktubu bu sözlərlə bitir: “ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasında, transmilli təhlükələrə qarşı mübarizədə və qanunun aliliyinin gücləndirilməsində davamlı cəhdlər göstərməyə qərarlıdır. Əlamətdar bayram münasibətilə bütün azərbaycanlılara ən xoş arzularımı çatdırıram”.