İlham Əliyev Bakıda “Baytarlıq şəhərciyi”nin açılışında iştirak edib

28 dekabr 2015, 11:20
İlham Əliyev Bakıda “Baytarlıq şəhərciyi”nin açılışında iştirak edib

Prezident İlham Əliyev Kənd Təsərrüfatı Nazirliyinin Bakıda “Baytarlıq şəhərciyi”nin açılışında iştirak edib.

Dövlət başçısı şəhərciyin rəmzi açılışını bildirən lenti kəsdi.

Prezident İlham Əliyevə burada yaradılan şərait barədə məlumat verildi. Bildirildi ki, “Baytarlıq şəhərciyi”ndə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin, Respublika Baytarlıq Laboratoriyasının və Baytarlıq Elmi-Tədqiqat İnstitutunun yeni inzibati binaları yerləşir. Layihənin həyata keçirilməsində məqsəd respublikada sanitariya və sağlamlığın qorunmasında, təhlükəli yoluxucu xəstəliklərin qarşısının alınmasında, insan sağlamlığı üçün yararlı və təhlükəsiz heyvandarlıq məhsullarının istehsalı, həmçinin əhalinin insan və heyvanlar üçün təhlükəli olan xəstəliklərdən qorunmasında böyük rolu olan baytarlıq xidməti işinin yaxşılaşdırılması, bu sahədə fəaliyyət göstərən qurumların maddi-texniki bazalarının möhkəmləndirilməsi, onların avadanlıq və baytarlıq preparatları ilə təminatına şərait yaradılmasından ibarətdir.

Prezident İlham Əliyev Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin yeni inzibati binasında əsaslı şəkildə aparılan yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış oldu.

Qeyd olundu ki, binanın foyesində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin kənd təsərrüfatı sahəsinin inkişafına göstərdikləri diqqət və qayğını əks etdirən fotolardan ibarət guşə yaradılıb. Binada əsaslı və yüksək səviyyədə yenidənqurma işləri aparılıb. Burada Dövlət Baytarlıq Nəzarəti Xidməti, Epizootiya, Zoonoz, Brusellyoz və Vərəm Əleyhinə Respublika ekspedisiyaları yerləşir. Yeni binada 150 nəfərlik konfrans zalı, 26 nəfərlik təlim mərkəzi, kitabxana, oxu zalı, ofis otaqları və mətbəx var. Binadakı bütün inzibati otaqlar zəruri avadanlıqla təchiz edilib, əməkdaşlar üçün hərtərəfli şərait yaradılıb.

Məlumat verildi ki, 1,25 hektar ərazidə yerləşən “Baytarlıq şəhərciyi” layihələndirilərkən beynəlxalq təcrübədən geniş istifadə edilib, laboratoriyaların beynəlxalq akkreditasiyadan keçməsi üçün bütün tələblər nəzərə alınıb, tullantıların ekoloji normalara uyğun saxlanması və utilizasiyası məsələləri yüksək səviyyədə həll edilib. Burada bütün zərərli tullantılar termiki və kimyəvi təmizləmədən sonra atılır.

Sonra dövlətimizin başçısına Baytarlıq Xidmətinin xüsusi təyinatlı avtomobilləri, nazirliyin regional və rayon idarələri, Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutu, Tərəvəzçilik Elmi Tədqiqat İnstitutu, Azərbaycan Dövlət Aqrar Universitetinin aqrar mühəndislik fakültəsi və tələbə yataqxanaları, Dövlət Fitosanitar Nəzarəti Xidmətinin inzibati laboratoriya binasında aparılan tikinti və yenidənqurma işləri barədə də məlumat verildi.

Respublika Baytarlıq Laboratoriyasının inzibati binası ilə tanışlıq zamanı bildirildi ki, 1974-cü ildə inşa edilən binada əsaslı yenidənqurma işlərinə ötən il başlanılıb. Burada Respublika Baytarlıq Laboratoriyasının aparatı və laboratoriyanın şöbələri yerləşir. Şöbələrin hamısı ən son model müasir laborator avadanlıqla təchiz edilib.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti, Baytarlıq Elmi Tədqiqat İnstitutu və Respublika Baytarlıq Laboratoriyasının inzibati binalarının yerləşdiyi ərazidə genişmiqyaslı abadlıq-quruculuq işləri aparılıb, lazımi infrastruktur yaradılıb.

Baytarlıq Elmi Tədqiqat İnstitutunun yeni inzibati binasının inşasına da ötən il başlanılıb. Bina ilə tanışlıq zamanı məlumat verildi ki, baytarlıq sahəsində fundamental və innovasiya xarakterli elmi tədqiqat işlərinin aparılması ilə məşğul olan institut Nazirlər Kabinetinin bu il qəbul etdiyi qərara əsasən Azərbaycan Dövlət Baytarlıq Preparatlarına Elmi Nəzarət İnstitutu və Azərbaycan Elmi Tədqiqat Baytarlıq İnstitutunun bazasında yaradılıb.

Binanın 5-ci mərtəbəsində Kənd Təsərrüfatı Nazirliyinin Muzeyi fəaliyyət göstərəcək. Muzey 1924-cü ildə yaradılıb. Muzeydə Azərbaycanın kənd təsərrüfatı və kənd sakinlərinin iş və məişət şəraitini əks etdirən 15 mindən çox maraqlı eksponat yerləşdirilib. Burada Qobustan qoruğunun maketi, İpək yolu xəritəsi, müxtəlif dövrlərdə Azərbaycanın ayrı-ayrı bölgələrində istifadə edilən kənd təsərrüfatı alətləri, XVIII-XIX əsrə aid insanların məişətini və təsərrüfat həyatını əks etdirən eksponatlar nümayiş olunur. Muzeydə müxtəlif bölmələr də var. Bu bölmələr maraqlı eksponatlarla zəngin olmaqla yanaşı, ölkəmizdə kənd təsərrüfatının müxtəlif sahələrinin zəngin tarixindən, onların inkişaf mərhələsindən xəbər verir, xalqımızın bu sahədə də zəngin ənənələrə malik olduğunu nümayiş etdirir.

Müasir informasiya və kommunikasiya texnologiyaları sistemlərinin tətbiqi layihələri çərçivəsində mütərəqqi texnoloji platforma və xüsusi proqram təminatı əsasında ölkədə ilk dəfə olaraq Dövlət Kənd Təsərrüfatı Muzeyinin informasiya sistemi yaradılıb. Muzeyə gələnlər buradakı info-köşklər və ən müasir dizayn interfeysinə malik interaktiv sistem vasitəsilə ulu öndər Heydər Əliyev və Azərbaycanın Kənd Təsərrüfatı, muzeyin bölmələri və eksponatları, dinamik xəritə, ölkəmizin kənd təsərrüfatı potensialı, onun tarixi, aqrar sahənin ayrı-ayrı istiqamətləri üzrə ətraflı məlumatlar və aqrar göstəricilər üzrə hesabatlarla yaxından tanış ola bilər.

Prezident İlham Əliyevə 2015-ci ildə nazirliyin fəaliyyətinin əsas istiqamətlərindən biri olan “Elektron kənd təsərrüfatı” informasiya sisteminin və zəruri informasiya və kommunikasiya texnologiyaları infrastrukturunun yaradılması layihəsi üzrə də məlumat verildi. Layihə subsidiya informasiya sistemi, fermer təsərrüfatlarının reyestri, torpaq sahələrinin identifikasiyası, ərizələrin emalı, sənədlərin idarə edilməsi, biznes təhlili, hesabatlar və digər modullardan ibarətdir. Sistemdə müxtəlif kateqoriyalara aid fermer təsərrüfatları, kənd təsərrüfatı sahəsinə məxsus bütün resurslar, kompleks sənədlərin yaradılması və idarə edilməsi barədə məlumatlar var. Sistemin Xaçmaz rayonunda pilot tətbiqinə başlanılıb. Hazırda kənd təsərrüfatı təyinatlı torpaqların rəqəmsallaşdırılmış coğrafi məlumatlar bazası yaradılır.

Sonda xatirə şəkli çəkdirildi.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 15 may 2024
16:00
Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində “Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi”...

15 may 2024, 16:00