Dövlət başçılarının geniş tərkibdə danışıqları olmuşdur

18 aprel 2011, 16:05
Dövlət başçılarının geniş tərkibdə danışıqları olmuşdur

Təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Rumıniya Prezidenti Trayan Beseskunun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqları olmuşdur.

Azərbaycan dövlətinin başçısı İlham ƏLİYEV görüşün iştirakçılarına müraciətlə dedi:

- Hörmətli cənab Prezident!

Hörmətli qonaqlar!

Mən Sizi Azərbaycanda ürəkdən salamlayıram, ölkəmizə xoş gəlmisiniz!

Biz Sizin səfərinizə çox böyük əhəmiyyət veririk. Əminəm ki, səfəriniz çox uğurlu keçəcək, çox gözəl nəticələri olacaqdır.

Münasibətlərimiz strateji xarakter daşıyır. Bütün sahələrdə əməkdaşlıq çox uğurla aparılır. Bu gün Sizinlə təkbətək görüşdə bütün bu məsələləri geniş müzakirə etdik və bir daha gördük ki, Rumıniya-Azərbaycan əlaqələri ən yüksək zirvədədir. Həm siyasi sahədə, eyni zamanda, iqtisadi, humanitar sahələrdə, hər bir istiqamətdə çox gözəl nəticələr vardır və əminəm ki, Sizin səfəriniz bu əlaqələrin inkişafına dəyərli töhfə verəcəkdir.

Bir daha xoş gəlmisiniz.

X X X

Rumıniya Prezidenti Trayan BESESKU səmimi qəbul üçün minnətdarlığını bildirərək dedi:

- Möhtərəm cənab Prezident! Çox təşəkkür edirəm ki, bu gün bizi öz ölkənizə dəvət etdiniz. Bu dəvətə əsasən mən bir daha Azərbaycana səfər edirəm. Bu səfər çərçivəsində biz ikitərəfli münasibətlərimizi müzakirə edəcəyik və dəyərli dostumla görüşmək imkanı əldə edəcəyik.

Azərbaycan-Rumıniya əlaqələrinə gəldikdə, zənnimcə bizim çox müfəssəl əlaqələrimiz vardır. Bu da ötən səfərlər zamanı müzakirə edilmiş məsələlərin həyata keçməsi ilə əlaqədardır. Bu səbəbdən biz növbəti görüşlərimizə böyük əminliklə baxırıq. Çünki məhz elə bu gün Sizinlə görüşdə də çox dəyərli və mühüm mövzular müzakirə edilmişdir.