15 aprel 2016, 13:30

Nəsimi rayon ictimaiyyəti nümayəndələrindən, Bakı, Azərbaycan

Möhtərəm Prezident.

Cənab Ali Baş Komandan.

Müstəqil Azərbaycan dövlətinin memarı, ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə tariximizə əsaslı dönüş ili kimi yazılmış 1993-cü ilin ikinci yarısından başlayaraq respublikamızın siyasi, iqtisadi, hərbi, sosial, mədəni həyatı demokratik dəyərlərə söykənən köklü dəyişikliklərlə zəngin olmuşdur.

Əsas ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş siyasi islahatlar və iqtisadi inkişaf respublikamıza beynəlxalq aləmdə böyük nüfuz qazandırmış, ölkəmizin demokratik imici günbəgün möhkəmlənmiş və bu proses Sizin rəhbərliyiniz altında böyük uğurla davam etməkdədir. 

Möhtərəm Prezident, cənab Ali Baş Komandan, Azərbaycana rəhbərlik etdiyiniz illər ərzində ölkəmizdə misli görünməmiş müsbət dəyişikliklər baş vermiş, iqtisadi, siyasi, hərbi, sosial, mədəni və digər sahələrdə olduqca böyük qələbələrə imza atılmış, nəhəng abadlıq və quruculuq işləri aparılmış, mühüm infrastruktur layihələri həyata keçirilmişdir. Məhz Sizin möhtəşəm fəaliyyətinizin, dəqiq, uzaqgörən və qətiyyətli siyasətiniz nəticəsində bu gün Azərbaycan regionun lider dövlətinə çevrilmiş, beynəlxalq miqyasda böyük nüfuz qazanmışdır.

Sizin dəqiq elmi konsepsiyaya söykənən, müasir dünyanın tələbləri ilə tam uzlaşan idarəetmə və rəhbərlik metodlarınızın sayəsində beynəlxalq aləmdə ölkəmizin tamamilə yeni, müsbət bir imici formalaşmış, əldə olunmuş nailiyyətlər dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatlar tərəfindən dəfələrlə etiraf olunmuşdur.

Bir neçə gün əvvəl Vaşinqtonda keçirilən Nüvə Təhlükəsizliyi Sammitində iştirak üçün Amerika Birləşmiş Ştatlarına səfəriniz zamanı ABŞ-ın ali rəhbərliyinin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləməsi bunun bariz nümunəsidir. Hər bir uğurumuz və qələbəmiz isə mənfur düşmənlərimizi təşvişə salır, onları təxribatlara sövq edir.

Möhtərəm Prezident, cənab Ali Baş Komandan, son günlər cəbhədə baş verən hadisələr, erməni silahlı birləşmələrinin təxribat xarakterli hücumları nəticəsində cəbhəyanı rayonlarda vəziyyət xeyli gərginləşmiş, mülki əhali arasında ölən və yaralananlar olmuşdur. Lakin Sizin rəhbərliyiniz altında həyata keçirilmiş hərbi islahatlar nəticəsində regionun ən qüdrətli ordusuna çevrilmiş Azərbaycan Milli Ordusu düşmənə layiqli cavab verərək, onlara sarsıdıcı zərbələr endirmiş, erməni silahlı qüvvələrinin xeyli sayda hərbi texnika və canlı qüvvəsini məhv etmişdir. Uğurlu hərbi əməliyyatlar nəticəsində bir sıra strateji əhəmiyyətli yüksəkliklər və yaşayış məntəqələri işğaldan tam azad edilmiş, Ordumuzun daha əlverişli mövqelərdə qərar tutması təmin olunmuşdur.

Bütün ölkə vətəndaşları kimi Nəsimi rayon ictimaiyyəti də Ordumuzun uğurlu əməliyyatlarından böyük qürur hissi keçirir, bu uğurların davam etdirilməsi və daha da genişləndirilməsi üçün əllərindən gələni etməyə hazırdır.

Möhtərəm Prezident, cənab Ali Baş Komandan, biz Nəsimi rayon ictimaiyyəti adından Sizə müraciət edərək, Sizin rəhbərliyiniz altında Azərbaycanın haqq işinin qalib gələcəyinə, işğal olunmuş torpaqlarımızın tezliklə azad ediləcəyinə ürəkdən inanır, bu yolda Sizin yürütdüyünüz siyasətə daim dəstək verməyə hazır olduğumuzu bildiririk. Sizi qətiyyətlə əmin edirik ki, bundan sonra da bütün səylərimizi birləşdirərək, uğurla apardığınız siyasi kursun həyata keçirilməsi, bu yolda üzərimizə düşən vəzifələrin layiqincə yerinə yetirilməsi üçün daha böyük əzmlə çalışacaq, vətənimizin və xalqımızın xoşbəxt sabahı naminə gördüyünüz işlərdə Sizə dəstək olacaq və Sizin əmrinizlə hər zaman silaha sarılıb doğma vətənimizin müdafiəsinə qalxmağa hazırıq.

Müstəqil Azərbaycan dövlətinin və xalqımızın xoşbəxt gələcəyi naminə böyük fəaliyyətinizdə Sizə yeni-yeni uğurlar, qələbələr arzulayırıq.

Tanrı Sizi qorusun.

Dərin hörmət və ehtiramla,

Nəsimi rayon ictimaiyyəti nümayəndələri.

Azərbaycan Respublikası, Bakı şəhəri.