Qurban bayramı münasibətilə Azərbaycan xalqına təbrik

09 sentyabr 2016, 18:00

Hörmətli həmvətənlər!

Sizi və dünyanın müxtəlif guşələrində yaşayan bütün soydaşlarımızı müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, ailə səadəti və işlərinizdə uğurlar arzulayıram.

Xeyirxahlığın, insanpərvərliyin, bərabərliyin rəmzi olan mübarək Qurban bayramı insanları mərhəmətə, həmrəyliyə, qardaşlıq və humanizmə dəvət edən bir bayramdır. Bu əziz gündə müsəlmanlar Allah və din yolunda, xeyirxah amallar uğrunda hər cür fədakarlığa hazır olduqlarını, mənəvi dəyərlərə bağlılıqlarını nümayiş etdirir, Uca Tanrıya yaxınlığın fərəhini yaşayırlar.

Azərbaycan müsəlman dünyasının ayrılmaz parçası kimi tarix boyu islam mədəniyyətinin inkişafına misilsiz töhfələr bəxş etmişdir. Eyni zamanda məmnuniyyət hissi ilə qeyd etmək istəyirəm ki, çoxmillətli və çoxkonfessiyalı Azərbaycan cəmiyyətində qarşılıqlı hörmət və etimada əsaslanan nümunəvi birgəyaşayışın, əmin-amanlığın və multikultural mühitin yaranmasında islam dininin də müstəsna rolu olmuşdur.

Azərbaycan xalqı həmişə milli-mənəvi dəyərlərə və ənənələrə sədaqət və qayğı ilə yanaşmış, dini mərasimləri, o cümlədən, Qurban bayramını böyük ruh yüksəkliyi ilə qeyd etmişdir. Bu günlər ölkəmizin hər yerində xalqımızın və dövlətimizin əmin-amanlığı və fıravanlığı üçün Allaha dualar səslənir, Vətən uğrunda həyatından keçən şəhidlərimizin ölməz xatirəsi ehtiramla yad olunur. Əminəm ki, bu Qurban bayramı da cəmiyyətimizdə milli-mənəvi həmrəyliyin, xeyirxah əməllərin, şəfqət və mərhəmət duyğularının təntənəsinə çevriləcəkdir.

Əziz bacı və qardaşlarım!

Bir daha hər birinizə cansağlığı, ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi-bərəkət arzulayıram.

Qurban bayramınız mübarək olsun!

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 9 sentyabr 2016-cı il.

XƏBƏRLƏR Tədbirlər 19 may 2024
12:00
Azərbaycan və İran prezidentlərinin iştirakı ilə “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilir

Bu dəqiqələrdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisinin iştirakı ilə Araz çayı üzərində inşa edilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və...

19 may 2024, 12:00