Vyetnam Sosialist Respublikasının Prezidenti Çan Day Kuanqdan

02 iyun 2017, 17:30

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizə Vyetnam dövləti adından və şəxsən öz adımdan səmimi təbriklərimi və xoş arzularımı bildirməkdən şərəf duyuram.

Sizin rəhbərliyinizlə Azərbaycanın iqtisadi sahədə böyük nailiyyətlər qazanmasını, xalqınızın rifahının yüksəlməsini və ölkənizin beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsini görməkdən məmnunluq hissi keçirirəm.

Ölkələrimiz arasında dostluq münasibətlərinin möhkəmlənməsi hər iki tərəf üçün müxtəlif sahələrdə yeni əməkdaşlıq imkanları yaradır. Əminəm ki, hər iki dövlətin rəhbərliyinin siyasi iradəsi sayəsində Azərbaycan ilə Vyetnam arasında ənənəvi əməkdaşlıq münasibətləri ölkələrimizin rifahı naminə bütün sahələrdə, xüsusilə də iqtisadi-ticari, investisiya sahələrində inkişaf edəcək, daha da dərinləşəcək, dünyada və regionda sülhə, sabitliyə, əməkdaşlığa töhfəsini verəcəkdir.

Azərbaycana tərəqqi, Azərbaycan xalqına xoşbəxtlik diləyirəm.

Zati-aliləri, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və ali dövləti vəzifənizdə daha da böyük nailiyyətlər arzulayıram.

Hörmətlə,

Çan Day Kuanq

Vyetnam Sosialist Respublikasının Prezidenti