İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfiri xanım Karolin Braunu qəbul etmişdir

06 iyul 2011, 17:00
İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfiri xanım Karolin Braunu qəbul etmişdir

Prezident İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri xanım Karolin Braunu respublikamızda diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdir.

Dövlət başçısı xanım Karolin Braunun ölkəmizdəki diplomatik fəaliyyəti dövründə Azərbaycan ilə Böyük Britaniya arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini vurğuladı. Ölkələrimiz arasında əlaqələrin inkişafına verdiyi töhfəyə görə britaniyalı diplomata təşəkkürünü bildirən Prezident İlham Əliyev gələcək fəaliyyətində ona uğurlar arzuladı.

Xanım Karolin Braun Azərbaycandakı diplomatik fəaliyyətindən məmnunluğunu bildirdi. O, ölkəmizdəki fəaliyyətinə yaradılan yüksək şəraitə görə Azərbaycan hökumətinə və şəxsən Prezident İlham Əliyevə minnətdarlığını ifadə etdi. Xanım Karolin Braun ölkələrimiz arasında əlaqələrin bundan sonra da inkişaf edəcəyinə ümidvar olduğunu bildirdi.