Bakıda Fransız Liseyinin təməlqoyma mərasimində İlham Əliyevin nitqi

07 oktyabr 2011, 17:00
Bakıda Fransız Liseyinin təməlqoyma mərasimində İlham Əliyevin nitqi

- Hörmətli cənab Prezident!

Hörmətli qonaqlar!

Xanımlar və cənablar!

Cənab Prezident, mən Sizi bir daha Azərbaycanda səmimiyyətlə salamlayıram, Azərbaycana xoş gəlmisiniz. Sizin səfəriniz tarixi xarakter daşıyır. İlk dəfə olaraq Fransa Prezidenti Azərbaycana səfər edir. Əminəm ki, səfəriniz Fransa-Azərbaycan əlaqələrinin gələcək uğurlu inkişafına çox böyük töhfəsini verəcəkdir. Əlaqələrimiz çoxşaxəlidir, bütün sahələri əhatə edir. Son illər ərzində ölkələrimiz arasında yaşanan əməkdaşlıq bizi daha da ruhlandırır və əmin edir ki, gələcəkdə də Fransa-Azərbaycan əlaqələri strateji xarakter daşıyacaqdır.

Siyasi əlaqələrimiz çox intensivdir. Mən dəfələrlə Sizin gözəl ölkənizə səfər etmişəm, bu gün isə Siz bizim qonağımızsınız. Siyasi sahədə əməkdaşlığın perspektivləri də çox gözəldir. Eyni zamanda, Azərbaycan-Avropa İttifaqı əlaqələrinin inkişafında Fransanın çox böyük rolu vardır. Şəxsən Sizin və rəhbərlik etdiyiniz dövlətin Avropa İttifaqı-Azərbaycan əlaqələrinə verdiyiniz dəstəyə görə Sizə minnətdaram. Bu yaxınlarda “Şərq tərəfdaşlığı” zirvə görüşünün keçirilməsi bir daha göstərdi ki, Avropa İttifaqı-Azərbaycan əlaqələri uğurla inkişaf edir. Azərbaycan-NATO əlaqələrində də Fransanın xüsusi rolu vardır. Bu əlaqələrin inkişafında Sizin ölkəniz əminəm ki, bundan sonra da dəstəyini göstərəcəkdir.

Əlbəttə, regional təhlükəsizlik məsələləri daim diqqət mərkəzindədir. Bu gün də bu məsələlərlə bağlı biz Sizinlə çox geniş və səmimi söhbət aparmışıq. Fransa Minsk qrupunun həmsədri kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması işində çox mühüm rol oynayır. Biz bu rolu yüksək qiymətləndiririk və ümid edirik ki, şəxsən Sizin səyləriniz nəticəsində münaqişə tezliklə beynəlxalq hüquq normalarına uyğun şəkildə həllini tapacaq və ölkəmizin ərazi bütövlüyü bərpa olunacaqdır.

Uzun illərdir ki, Azərbaycan torpaqları – Dağlıq Qarabağ və onun ətrafında yerləşən 7 rayon işğal altındadır. Bu işğal və etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq azərbaycanlı doğma torpağında qaçqın-köçkün həyatı yaşayır. Bu vəziyyətə son qoyulmalıdır və Sizin də qeyd etdiyiniz kimi, status-kvo dəyişdirilməlidir. Hesab edirəm ki, status-kvonun dəyişdirilməsi üçün yaxşı imkanlar vardır və status-kvonun dəyişdirilməsini ən çox arzulayan tərəf Azərbaycandır. Çünki bu, bizim torpaqlarımızdır və bizim torpaqlar işğal altındadır. Beynəlxalq təşkilatlar bu məsələ ilə bağlı öz qərarlarını vermişlər. BMT Təhlükəsizlik Şurası, ATƏT, Avropa Parlamenti, Avropa Şurası, digər təşkilatlar – yəni, məsələnin həlli üçün hüquqi baza vardır. Əminəm ki, yaxın zamanlarda daha da ciddi addımlar atılacaq, münaqişəyə son qoyulacaq və Cənubi Qafqazda sülh, əməkdaşlıq yaranacaqdır.

Ölkələrimiz arasında iqtisadi sahədə əməkdaşlıq da çox uğurla inkişaf edir. Deyə bilərəm ki, bu ilin 8 ayında iki ölkə arasındakı ticarət dövriyyəsi 3 milyard dolları keçmişdir və gələcək inkişaf üçün imkanlar vardır. Ümid edirəm ki, ilin sonuna qədər bu rəqəm 4 milyard dollara çatacaqdır. Fransanın 40-a yaxın şirkəti Azərbaycanda uğurla fəaliyyət göstərir. Onlar ekologiya, ətraf mühitin qorunması ilə bağlı müxtəlif layihələri icra edirlər. Azərbaycanda Məişət tullantıları zavodu Fransa şirkəti tərəfindən tikilir. Bakıda metronun konseptual inkişaf planında Fransa şirkətləri iştirak edirlər. Bizim birinci telekommunikasiya peykimizi orbitə Fransa şirkəti qaldıracaqdır. Yəni, bu sahədə də əməkdaşlıq üçün yaxşı imkanlar vardır.

Enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq çox uğurludur. Bu yaxınlarda “Total” və “Gaz de France” şirkətlərinin Azərbaycanda yeni qaz yatağını aşkarlaması həm ölkəmizin enerji potensialını gücləndirəcək, eyni zamanda, Avropanın enerji təhlükəsizliyinə də müsbət təsirini göstərəcəkdir. Çünki bildiyiniz kimi, Azərbaycan “Cənub” qaz dəhlizinin reallaşmasında çox mühüm rol oynayır. Bu məsələlər, eyni zamanda, Avropa İttifaqı-Azərbaycan əlaqələrinin bir hissəsidir.

Bu yaxınlarda aşkar edilmiş qaz yatağında 350 milyard kubmetr qaz vardır və beləliklə, Azərbaycanın qaz potensialı hazırda 2,6 trilyon kubmetrdir. Mən çox şadam ki, Fransa şirkətləri bizim tərəfdaşlar kimi Azərbaycanda uğurla fəaliyyət göstərirlər.

Nəhayət, humanitar sahədə əməkdaşlıq çox genişdir. Yaxın gələcəkdə Parisdə Azərbaycan Mədəniyyət Mərkəzi fəaliyyətə başlayacaqdır. Bu gün isə Bakıda Fransız Liseyinin təməl daşı qoyulacaqdır. Bu, çox əlamətdar və gözəl hadisədir. Bu liseyin fəaliyyətə başlaması Fransa-Azərbaycan əlaqələrini daha da gücləndirəcəkdir. Bu, bizim dostluğumuzun rəmzidir. Eyni zamanda, Azərbaycanda təhsil sahəsinə qoyulan böyük sərmayədir. Bu liseyin yaradılmasında əməyi olan bütün şəxslərə dərin minnətdarlığımı bildirirəm. Liseyin təməl daşının qoyulmasında Fransa Prezidentinin iştirakı, əlbəttə ki, bugünkü mərasimə xüsusi əhəmiyyət verir.

Əminəm ki, hörmətli cənab Prezident, liseyin açılışında da biz Sizinlə bərabər iştirak edəcəyik. Bir daha Sizi Azərbaycanda səmimiyyətlə salamlayıram, Sizə və rəhbərlik etdiyiniz ölkəyə yeni-yeni uğurlar arzulayıram. Sağ olun.

SƏNƏDLƏR Fərmanlar 15 may 2024
16:00
Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində “Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi”...

15 may 2024, 16:00