Məhkəmə quruluşunda bəzi dəyişikliklər, hakimlərin ümumi sayı və məhkəmələrin ərazi yurisdiksiyası haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

09 avqust 2010, 18:57

Azərbaycan Respublikasında məhkəmə quruluşunu təkmilləşdirmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının məhkəmə sisteminə daxil olan məhkəmələrin hakimlərinin ümumi sayı 600 nəfər müəyyən edilsin.

2. Cəlilabad şəhərində Cəlilabad Hərbi Məhkəməsi təşkil edilsin.

3. Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikasının Hərbi Məhkəməsi, Ağdam Hərbi Məhkəməsi, Qazax Hərbi Məhkəməsi, Lənkəran Hərbi Məhkəməsi və Sumqayıt Hərbi Məhkəməsi ləğv edilsinlər.

4. Bakı şəhəri Əzizbəyov Rayon Məhkəməsi, Dəvəçi Rayon Məhkəməsi və Füzuli-Qubadlı Hərbi Məhkəməsi müvafiq olaraq Bakı şəhəri Xəzər Rayon Məhkəməsi, Şabran Rayon Məhkəməsi və Füzuli Hərbi Məhkəməsi adlandırılsınlar.

5. Azərbaycan Respublikası apellyasiya instansiyası məhkəmələrinin, ağır cinayətlər məhkəmələrinin, inzibati-iqtisadi məhkəmələrinin və hərbi məhkəmələrinin ərazi yurisdiksiyası müəyyən edilsin (əlavə olunur).

6. “Azərbaycan Respublikası məhkəmələri hakimlərinin sayının artırılması və məhkəmələrin ərazi yurisdiksiyasının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 17 avqust tarixli 447 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 8, maddə 672) qüvvədən düşmüş hesab edilsin.

7. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki:

7.1. Cəlilabad Hərbi Məhkəməsinin təşkil edilməsi, habelə hərbi məhkəmələrin ərazi yurisdiksiyasının və səlahiyyətlərinin genişləndirilməsi ilə əlaqədar fəaliyyətlərinə zəruri şəraitin yaradılması üçün onların bina, avadanlıq, rabitə, nəqliyyat vasitələri və digər təşkilati-texniki vasitələr ilə təmin edilməsi məqsədi ilə tədbirlər görsün;

7.2. hakimlərin və müvafiq olaraq məhkəmə aparatları işçilərinin sayının artırılması ilə bağlı xərclərin 2011-ci il üçün dövlət büdcəsinin layihəsində nəzərdə tutulmasını təmin etsin;

7.3. bir ay müddətində:

7.3.1. qüvvədə olan qanunvericilik aktlarının bu Fərmana uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

7.3.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

7.3.3. öz səlahiyyətləri daxilində bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

8. Bu Fərmanın 2-ci, 3-cü, 5-ci və 6-cı bəndləri 2011-ci ilin yanvarın 1-dən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 09 avqust 2010-cu il