İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib

08 mart 2023, 11:40
İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 8-də BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinosu qəbul edib.

Migel Anxel Moratinos, ilk növbədə, BMT-nin Baş katibi Antonio Quterreşin salamlarını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını BMT-nin Baş katibinə çatdırmağı xahiş etdi.

Migel Anxel Moratinos BMT-nin Sivilizasiyalar Alyansı ilə ölkəmiz arasında uğurlu əməkdaşlıqdan məmnunluğunu bildirdi, imzalanmış Anlaşma Memorandumuna uyğun olaraq müxtəlif sahələrdə təmasların həyata keçirildiyini vurğuladı. O, BMT-nin Sivilizasiyalar Alyansının fəaliyyətini daim dəstəklədiyinə görə dövlətimizin başçısına təşəkkürünü bildirdi.

Qonaq Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qlobal Bakı Forumunda iştirakından məmnunluğunu ifadə edərək, bu Mərkəzin artıq beynəlxalq səviyyədə tanınmış və böyük nüfuza malik bir təsisat rolunda çıxış etdiyini dedi.

Migel Anxel Moratinos Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Bakıda Zirvə görüşünün uğurla keçirildiyini qeyd etdi.

O, BMT-nin Sivilizasiyalar Alyansının “One Humanity” təşəbbüsü barədə məlumat verərək, bu çərçivədə dünyanın müxtəlif şəhərlərində konsert proqramlarının təşkil ediləcəyini dedi və bu xüsusda da ölkəmizlə əməkdaşlığa hazır olduğunu bildirdi.

Prezident İlham Əliyev Azərbaycanla BMT-nin Sivilizasiyalar Alyansı arasında çox sıx əməkdaşlığın həyata keçirildiyini qeyd edərək, ölkəmizin bundan sonra da Alyansın fəaliyyətini dəstəkləyəcəyini vurğuladı.

Qoşulmama Hərəkatının Bakıda keçirilmiş son Sammitinin çox səmərəli olduğunu deyən dövlətimizin başçısı bu ilin sonunda Azərbaycanın Hərəkata sədrliyinin başa çatacağını bildirdi və ölkəmizin sədrlik dövründə çox yaxşı bir irs qoyduğunu dedi.

Prezident İlham Əliyev Azərbaycanda ənənəvi keçirilən və COVID-19 pandemiyasına görə müvəqqəti təxirə salınan Mədəniyyətlərarası Dialoq Forumunun da gələn ildən bərpa olunacağını, bu xüsusda ölkəmizlə BMT-nin Sivilizasiyalar Alyansının əməkdaşlığının davam edəcəyinə əminliyini bildirdi.

Görüşdə Azərbaycanın zəngin irsi və təcrübəsi əsasında dünya səviyyəsində sivilizasiyalar və mədəniyyətlər arasında dialoq prosesinə verdiyi töhfə qeyd edildi.

gallery-photo
SƏNƏDLƏR Sərəncamlar 02 may 2024
15:34
1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, 1941–1945-ci illər İkinci Dünya müharibəsində Qələbənin 79-cu ildönümü ilə əlaqədar qərara alıram:

1. 1941–1945-ci illər İkinci Dünya...

02 may 2024, 15:34
SƏNƏDLƏR Fərmanlar 02 may 2024
15:32
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Energetika Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun və aparatın işçilərinin say həddinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 15 may tarixli 404 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” 2014-cü il 11 aprel tarixli 149 nömrəli Fərmanında dəyişiklik edilməsi və “Energetika haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1999-cu il 1 fevral tarixli 85 nömrəli Fərmanının ləğvi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Energetika haqqında” Azərbaycan Respublikasının 2023-cü il 24 oktyabr tarixli 1006-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:

1....

02 may 2024, 15:32