Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi haqqında ƏSASNAMƏ

24 iyul 2023, 15:24

Azərbaycan Respublikası Prezidentinin

2023-cü il 24 iyul tarixli

Fərmanı ilə təsdiq edilmişdir

1. Ümumi müddəalar

1.1. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi (bundan sonra – Nazirlik) elm və təhsil sahəsində (bundan sonra – müvafiq sahə) dövlət siyasətini və tənzimləməni həyata keçirən, elmi müəssisə və təşkilatların, təhsil müəssisələrinin elm və təhsil fəaliyyətini əlaqələndirən və istiqamətləndirən mərkəzi icra hakimiyyəti orqanıdır.

1.2. Nazirlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, bu Əsasnaməni, Azərbaycan Respublikası Prezidentinin digər fərmanlarını, həmçinin sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını rəhbər tutur.

1.3. Nazirlik öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət orqanları (qurumları) ilə, yerli özünüidarəetmə orqanları ilə, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə, habelə digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

1.4. Nazirliyin müstəqil balansı, istifadəsində olan dövlət əmlakı, xəzinə və bank hesabları, üzərində Azərbaycan Respublikası Dövlət Gerbinin təsviri və öz adı həkk olunmuş möhürü, kargüzarlıq xidmətinin gerbsiz möhürü, müvafiq ştampları və blankları vardır.

1.5. Nazirliyin saxlanılması xərcləri və fəaliyyəti, habelə maddi-texniki təminatı Azərbaycan Respublikasının dövlət büdcəsi və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir.

1.6. Nazirlik Bakı şəhərində yerləşir.

2. Nazirliyin fəaliyyət istiqamətləri

2.1. Nazirliyin fəaliyyət istiqamətləri aşağıdakılardır:

2.1.1. müvafiq sahədə vahid dövlət siyasətinin formalaşmasında iştirak etmək və onun həyata keçirilməsini təmin etmək;

2.1.2. müvafiq sahənin inkişafını təmin etmək;

2.1.3. müvafiq sahədə dövlət tənzimləməsini həyata keçirmək, elmi müəssisə və təşkilatların, təhsil müəssisələrinin elm və təhsil fəaliyyətini əlaqələndirmək və istiqamətləndirmək;

2.1.4. müvafiq sahədə normayaratma fəaliyyətini həyata keçirmək;

2.1.5. elmi müəssisə və təşkilatlara, təhsil müəssisələrinə elmi-metodiki və tədris-metodiki rəhbərliyi və nəzarəti həyata keçirmək;

2.1.6. təhsilin keyfiyyətinə dövlət nəzarətini həyata keçirmək, elmin və təhsilin keyfiyyət səviyyəsini qiymətləndirmək;

2.1.7. müvafiq sahədə beynəlxalq əməkdaşlığı həyata keçirmək.

3. Nazirliyin vəzifələri

3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Nazirliyin vəzifələri aşağıdakılardır:

3.1.1. müvafiq sahədə normayaratma fəaliyyətindən irəli gələn vəzifələri yerinə yetirmək;

3.1.2. müvafiq sahənin inkişafına dair dövlət proqramlarının, strategiyaların, milli fəaliyyət planlarının, konsepsiyaların hazırlanmasında və bu sahənin prioritet inkişaf istiqamətlərinin müəyyənləşdirilməsində iştirak etmək, habelə həmin sənədlərin icrasını təmin etmək;

3.1.3. müvafiq sahədə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr üzrə öhdəliklərin yerinə yetirilməsi üçün tədbirlər görmək;

3.1.4. elmi müəssisə və təşkilatlarla, təhsil müəssisələri ilə xarici elmi müəssisə və təşkilatlar, təhsil müəssisələri arasında təhsilalanların və təhsilverənlərin mübadiləsi proqramlarının əlaqələndirilməsini təşkil etmək;

3.1.5. milli təhsil sisteminin dünya təhsil sisteminə inteqrasiyasını və beynəlxalq standartlara cavab verən təhsil şəraiti və mühitinin yaradılmasını təmin etmək;

3.1.6. təhsilin keyfiyyətinin artırılması, elmi-metodiki təminatının gücləndirilməsi və təhsilin əhatə dairəsinin genişləndirilməsi məqsədilə müxtəlif istiqamətli layihələrin həyata keçirilməsini təmin etmək;

3.1.7. təhsil müəssisələrində təhsilin və təlim-tərbiyə prosesinin keyfiyyətinə, habelə təhsilin müvafiq dövlət standartlarına uyğun təşkilinə nəzarətin həyata keçirilməsini təmin etmək;

3.1.8. təhsil proqramlarını (kurikulumları), tədris planlarını (ali və orta ixtisas təhsil müəssisələri üzrə tədris planları istisna olmaqla) və proqramlarını təsdiq etmək;

3.1.9. hər tədris ili üçün peşə, orta ixtisas və ali təhsil müəssisələrinə müvafiq ixtisaslar üzrə tələbə qəbulunun müəyyən edilməsinə dair təkliflər vermək;

3.1.10. doktoranturaya illik qəbul və dissertantların təhkimolunma planlarına, habelə doktoranturaların (adyunkturaların) yaradılmasına dair vəsatətə rəy vermək;

3.1.11. ali təhsil müəssisələrində magistraturanın yaradılması ilə bağlı məsələləri həll etmək;

3.1.12. məktəbyaşlı uşaqların icbari ümumi orta təhsilə cəlb olunmasını təmin etmək və icbari ümumi orta təhsilin həyata keçirilməsinə nəzarət etmək;

3.1.13. təhsilin hamı üçün açıq və bərabər imkanlı olmasını təmin etmək;

3.1.14. respublika psixoloji-tibbi-pedaqoji komissiyasını yaratmaq, rayon, şəhər psixoloji-tibbi-pedaqoji komissiyalarının yaradılmasını təmin etmək;

3.1.15. sağlamlıq imkanları məhdud şəxslərə tədris prosesində zəruri köməkçi xidmətin, habelə nitq pozuntusu olan təhsilalanlara kömək məqsədilə loqopedik xidmətin təşkilinin təmin olunmasına nəzarət etmək;

3.1.16. müxtəlifsəviyyəli və müxtəlifmiqyaslı fənn olimpiadalarının, müsabiqələrin və yarışların keçirilməsini təmin etmək;

3.1.17. xüsusi istedada malik təhsilalanların müəyyənləşdirilməsi və təhsillərinin davam etdirilməsinin stimullaşdırılması tədbirlərinin həyata keçirilməsini təmin etmək, onlar üçün məqsədli və adlı təqaüdlərin təsis edilməsi istiqamətində tədbirlər görmək;

3.1.18. təhsil müəssisələrində tədrisin müvafiq dövlət təhsil standartları və ya beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları əsasında digər dillərdə aparılmasına razılıq vermək;

3.1.19. tədris dilini zəif bilən təhsilalanlar üçün təhsil proqramlarına uyğun hazırlıq siniflərinin və kurslarının təşkilini təmin etmək;

3.1.20. tabeliyində ali təhsil müəssisələri olan dövlət orqanlarının (qurumlarının) və özəl ali təhsil müəssisələrinin təklifləri əsasında bakalavriat səviyyəsində hazırlıq qrupları təşkil olunan ali təhsil müəssisələrini və ixtisasları müəyyən etmək;

3.1.21. ömürboyu təhsil üzrə Milli Kvalifikasiya Çərçivəsinin tətbiqinin təmin edilməsi üçün tədbirlər görmək;

3.1.22. xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınmasının həyata keçirilməsini və tanınmaya dair sənədlərin verilməsini təmin etmək;

3.1.23. vətəndaşların peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə etdikləri bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması məqsədilə imtahanın keçirilməsini və onlara peşə ixtisasını təsdiq edən sənədin verilməsini təmin etmək;

3.1.24. təhsil müəssisələrinin pedaqoji işçilərinin dərs yükü normalarına riayət olunmasına nəzarəti həyata keçirmək;

3.1.25. tədris ilinin müddətinin müəyyən edilməsinə dair təkliflər vermək;

3.1.26. yeni təhsil proqramlarının (ixtisasların) açılması qaydalarını müəyyən etmək;

3.1.27. təhsilin bir pilləsindən və ya səviyyəsindən digərinə keçid zamanı təhsil proqramının (ixtisasın) uyğunluğuna dair tələbləri müəyyən etmək;

3.1.28. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, təhsil müəssisələrinin (dövlət təhsil müəssisələri istisna olmaqla) fəaliyyətinə lisenziya verilməsi ilə əlaqədar rəy vermək, verilmiş lisenziyanın şərtlərinə riayət olunmasına nəzarətin həyata keçirilməsini təmin etmək, lisenziya sahibinin lisenziya şərtlərinə riayət etməməsi hallarını aşkar etdikdə lisenziyanın dayandırılması və ləğvi üçün lisenziya verən orqana təqdimat göndərmək;

3.1.29. elmi müəssisə və təşkilatlara, təhsil müəssisələrinə elmi-metodiki və tədris-metodiki rəhbərliyin həyata keçirilməsini təmin etmək;

3.1.30. digər dövlət orqanlarının (qurumlarının) tabeliyində olan təhsil müəssisələri istisna olmaqla, ümumi təhsil müəssisələrində təhsilalanların peşəyönümü işinin təşkilinə nəzarət etmək;

3.1.31. ümumi təhsil müəssisələrinin beynəlxalq qiymətləndirmə proqramlarında iştirakı barədə qərar qəbul etmək;

3.1.32. təhsil müəssisələrinin akkreditasiyasının həyata keçirilməsini və onlara akkreditasiya şəhadətnaməsinin verilməsini təmin etmək;

3.1.33. məktəbəqədər təhsil müəssisələrinin yaradılmasını və inkişafını təşviq edən mexanizmlərin həyata keçirilməsini təmin etmək;

3.1.34. təhsil sahəsində qeyri-dövlət sektorunun dəstəklənməsi və rəqabət mühitinin inkişafı məqsədilə özəl və bələdiyyə təhsil müəssisələrinin yaradılmasını və inkişafını təşviq etmək, dəstəkləmək, onlara metodiki kömək göstərmək;

3.1.35. Azərbaycan Respublikası Prezidentinin başqa qayda müəyyən etdiyi hallar və ali təhsil müəssisələri istisna olmaqla, tabeliyində olan təhsil müəssisələrinin, dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin təklifi əsasında onların tabeliyində yaradılması nəzərdə tutulan təhsil müəssisələrinin nizamnamələrini təsdiq etmək, habelə bələdiyyə və özəl təhsil müəssisələrinin nizamnamələrinə rəy vermək;

3.1.36. təsisçisi (təsisçiləri) əcnəbilər, vətəndaşlığı olmayan şəxslər və ya xarici hüquqi şəxslər olan, o cümlədən nizamnamə kapitalının və ya səhmlərinin 51 faizindən çoxu əcnəbilərə, vətəndaşlığı olmayan şəxslərə və ya xarici hüquqi şəxslərə məxsus təhsil müəssisəsinin rəhbərinin və onun müavininin namizədliyinə razılıq vermək;

3.1.37. təhsil müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodiki vasitələrinin müəyyən edilmiş qaydada hazırlanmasını, təsdiqlənməsini və nəşrini təmin etmək;

3.1.38. elm və təhsil fəaliyyətinin səmərəli təşkilinə, idarə edilməsinə və inkişafına, maddi-texniki baza, infrastruktur, avadanlıq, yüksəkixtisaslı elmi və pedaqoji kadrlar, informasiya və digər zəruri vasitələrlə təminatına şərait yaratmaq;

3.1.39. elmi fəaliyyət subyektlərinin elmi istinadlı informasiya resurslarına çıxışının təmin edilməsini dəstəkləmək;

3.1.40. müvafiq sahədə planlaşdırma, proqnozlaşdırma, əlaqələndirmə və qiymətləndirmənin (ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə təhsilalanların biliyinin yekun attestasiyası istisna olmaqla) həyata keçirilməsini təmin etmək;

3.1.41. maddi-texniki və tədris bazasının yenilənməsi məqsədilə dövlət məktəbəqədər, ümumi və peşə təhsili müəssisələrinin ümumtəhsil və ixtisas dərslikləri, tədris vəsaitləri, ədəbiyyat, əyani və texniki vəsaitlərlə təmin edilməsini həyata keçirmək;

3.1.42. tabeliyində olan təhsil müəssisələrində tam dövlət təminatında olan təhsilalanların yemək, paltar, ayaqqabı, şəxsi gigiyena əşyaları, yumşaq inventar, yataq ləvazimatı, dərslik, tədris ləvazimatı, zəruri avadanlıqlarla və s. ilə təmin edilməsini həyata keçirmək;

3.1.43. dövlət təhsil müəssisələrinin (yerli icra hakimiyyəti orqanlarının tabeliyində olan uşaq evləri istisna olmaqla) tədris, elmi, elmi-metodik, informasiya-kommunikasiya texnologiyaları, rəqəmsal tədris resursları və digər texniki vasitələrlə təminatının həyata keçirilməsini təmin etmək;

3.1.44. dövlət elmi müəssisə və təşkilatlarının, təhsil müəssisələrinin işçilərinin əməyinin stimullaşdırılmasına, o cümlədən onların mükafatlandırılmasına dair təkliflər vermək;

3.1.45. tabeliyində olan məktəbəqədər, ümumi və peşə təhsil müəssisələrinin təhsilverənlərə (pedaqoji kadrlara) tələbatının müəyyən edilməsini, habelə həmin müəssisələrin kadr təminatının həyata keçirilməsini təmin etmək;

3.1.46. tabeliyində olan təhsil müəssisələrində təhsil fəaliyyətinin təşkilində və təlim-tərbiyə prosesində müasir təhsil texnologiyalarının və innovasiyaların tətbiqinə şərait yaratmaq;

3.1.47. tabeliyində olan təhsil müəssisələrində çalışan təhsilverənlərin əlavə təhsilini təmin etmək;

3.1.48. dövlət ümumi təhsil və peşə təhsili müəssisələrinin idarəetmə, təhsil və təlim fəaliyyəti ilə məşğul olan işçilərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin həyata keçirilməsini təmin etmək;

3.1.49. dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrinin (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrinin) təhsilverənlərinin sertifikatlaşdırılmasının həyata keçirilməsini təmin etmək;

3.1.50. dövlət təhsil müəssisələrinin (adambaşına maliyyələşən təhsil müəssisələri istisna olmaqla) nümunəvi ştatlarının və xərc normalarının müəyyən edilməsinə dair təkliflər vermək;

3.1.51. tabeliyində olan elmi müəssisə və təşkilatlar, təhsil müəssisələri üzrə tələb olunan dövlət büdcəsi vəsaitinə dair proqnozları hazırlamaq, bununla bağlı təkliflərini təqdim etmək və ayrılmış vəsaitdən təyinatı üzrə səmərəli istifadə olunmasına nəzarəti təmin etmək;

3.1.52. hər büdcə ili üzrə dövlət təhsil sisteminin maliyyələşdirilməsi məqsədilə hər bir təhsilalana (uşağa, şagirdə, tələbəyə, doktoranta və s.) düşən təhsil xərclərinin miqdarına və maliyyə normativlərinə dair təkliflər vermək;

3.1.53. təhsili idarəetmə orqanlarının, elmi müəssisə və təşkilatların, təhsil müəssisələrinin fəaliyyətinin əlaqələndirilməsini və istiqamətləndirilməsini təşkil etmək;

3.1.54. elmi müəssisə və təşkilatlarda, təhsil müəssisələrində aparılan elmi araşdırmaların əlaqələndirilməsi, elmi tədqiqat işlərinin dəstəklənməsi və mükafatlandırılması istiqamətində tədbirlər görmək;

3.1.55. elmi kadr tələbatını müəyyən etmək və həmin tələbata uyğun olaraq dövlət sifarişi əsasında elmi və elmi-pedaqoji kadrların hazırlanması ilə bağlı təkliflər vermək;

3.1.56. müvafiq sahədə əlverişli investisiya mühitinin yaradılması üçün təkliflər vermək;

3.1.57. Azərbaycan Respublikası vətəndaşlarının yüksəkreytinqli xarici ali təhsil müəssisələrində və elm-təhsil mərkəzlərində təhsilinin təşkili və elmi fəaliyyəti üçün tədbirlər görülməsini təmin etmək;

3.1.58. elmi müəssisə və təşkilatların, ali təhsil müəssisələrinin akademik potensialının gücləndirilməsi istiqamətində tədbirlər görülməsini təmin etmək;

3.1.59. dövlət peşə təhsili müəssisələrində təhsilalanların xüsusi iş geyim formaları ilə təmin olunmasına nəzarət etmək;

3.1.60. təhsilverənlərin etik davranış qaydalarını müəyyən etmək;

3.1.61. peşə təhsili müəssisələrinə tələbə qəbulunun həyata keçirilməsini təmin etmək;

3.1.62. tabeliyində olan ümumi təhsil müəssisələrinə, məktəbəqədər təhsil müəssisələrinə, ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına uşaqların qəbulunun, həmçinin şagirdlərin sinifdən-sinfə keçirilməsinin və yerdəyişməsinin həyata keçirilməsini təmin etmək;

3.1.63. təhsil müəssisələrində idman-sağlamlıq və profilaktik işlərin təşkili ilə bağlı lazımi tədbirlər görmək, uşaq, şagird və tələbələrin idman yarışlarında, turist yürüşlərində iştirakına, onların texniki və bədii yaradıcılığına, digər tədbirlərə dəstək verilməsini təmin etmək;

3.1.64. fiziki tərbiyə dərslərinin və idman məşğələlərinin yüksək səviyyədə keçirilməsi, tədris planlarına və təhsil standartlarına uyğun olaraq çağırışaqədər yaşlı gənclərin və çağırışçıların hərbi xidmətə zəruri fiziki hazırlığının təmin edilməsi, habelə təhsilalanların müəyyən edilmiş idman normativlərini yerinə yetirə bilməsinə şəraitin yaradılması üçün tədbirlər görmək;

3.1.65. müvafiq sahədə statistik məlumatları və hesabatları toplamaq, təhlil etmək və nəticələrini müvafiq orqanlara təqdim etmək;

3.1.66. dövlət sirrinin və məxfilik rejiminin qorunması üçün zəruri tədbirlər, habelə fəaliyyət istiqamətlərinə uyğun təhlükəsizlik tədbirləri görmək;

3.1.67. təhsil müəssisələrinin “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nə qoşulmasını və ondan istifadəsini təmin etmək;

3.1.68. Nazirliyin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində tədbirlər görmək;

3.1.69. Nazirliyin strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların işini əlaqələndirmək, onların fəaliyyətinə nəzarəti həyata keçirmək;

3.1.70. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı qanunla müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini təmin etmək;

3.1.71. Nazirliyin fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə “Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxmaq və qanunla müəyyən edilmiş qaydada tədbirlər görmək;

3.1.72. fəaliyyət istiqamətlərinə aid məsələlər üzrə insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini təmin etmək, pozulmasının qarşısını almaq;

3.1.73. Nazirlikdə kargüzarlıq və arxiv işinin aparılmasını təşkil etmək;

3.1.74. Nazirliyə daxil olan təklifləri ümumiləşdirmək və tədbirlər görmək;

3.1.75. Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.

4. Nazirliyin hüquqları

4.1. Öz vəzifələrini yerinə yetirmək üçün Nazirlik aşağıdakı hüquqlara malikdir:

4.1.1. müvafiq sahədə normayaratma fəaliyyətindən irəli gələn hüquqları həyata keçirmək;

4.1.2. dövlət orqanlarına (qurumlarına), yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

4.1.3. elmi müəssisə və təşkilatlardan, təhsil müəssisələrindən fəaliyyət istiqamətlərinə uyğun olaraq hesabat və məlumatlar almaq;

4.1.4. fəaliyyət istiqamətlərinə uyğun olaraq, o cümlədən elmdə və təhsildə inkişaf və innovasiyalar üzrə hüquqi və fiziki şəxslərə qrantların verilməsini təmin etmək;

4.1.5. fəaliyyət istiqamətlərinə uyğun rəy vermək, təhlillər, tədqiqatlar və araşdırmalar aparmaq, monitorinqlər keçirmək, metodiki və analitik materiallar, habelə tövsiyələr hazırlamaq, təkliflər vermək, bu məqsədlər üçün nəzərdə tutulmuş vəsait çərçivəsində elmi tədqiqat işlərinin aparılmasını təmin etmək;

4.1.6. müstəqil ekspert və mütəxəssisləri, məsləhətçi təşkilatları, elmi təşkilatları müqavilə əsasında, bu məqsəd üçün nəzərdə tutulmuş vəsait çərçivəsində öz fəaliyyətinə cəlb etmək, işçi qruplar və komissiyalar yaratmaq;

4.1.7. müvafiq sahədə Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə tərəfdar çıxması barədə təşəbbüslə çıxış etmək;

4.1.8. elm və təhsil işçilərinin həvəsləndirilməsi, mükafatlandırılması, onlara dövlət təltiflərinin və fəxri adların verilməsi ilə bağlı tədbirləri həyata keçirmək;

4.1.9. dövlət elmi müəssisə və təşkilatlarında, təhsil müəssisələrində çalışan işçilərin sosial müdafiəsinin gücləndirilməsinə, maddi rifahının yaxşılaşdırılmasına və onlara dövlət qayğısının artırılmasına dair təkliflər vermək;

4.1.10. dövlət elmi müəssisə və təşkilatlarının, təhsil müəssisələrinin yaradılması, yenidən təşkili və ləğvi barədə təkliflər vermək;

4.1.11. çap mediası və onlayn media subyektini təsis etmək;

4.1.12. beynəlxalq tədbirlərdə, o cümlədən forum, konfrans, sərgi və digər tədbirlərdə iştirak etmək və belə tədbirlərin keçirilməsini təşkil etmək;

4.1.13. xarici dövlətlərin müvafiq təcrübəsini öyrənmək, xarici dövlətlərin aidiyyəti orqanları və digər qurumları ilə, beynəlxalq təşkilatlarla, xarici hüquqi və fiziki şəxslərlə əməkdaşlığı təşkil etmək və həyata keçirmək, danışıqlar aparmaq və danışıqlar aparılmasında iştirak etmək, beynəlxalq müqavilələrin layihələrini hazırlamaq və ya hazırlanmasında iştirak etmək;

4.1.14. Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.

5. Nazirliyin fəaliyyətinin təşkili

5.1. Nazirliyin Aparatı, onun strukturuna daxil olan qurumlar və strukturuna daxil olmayan tabeliyindəki qurumlar (hüquqi şəxslər, təşkilatlar və s.), habelə Naxçıvan Muxtar Respublikasının aidiyyəti icra hakimiyyəti orqanı Nazirliyin vahid sistemini təşkil edir. Nazirlik öz fəaliyyətini bilavasitə və həmin qurumlar vasitəsilə həyata keçirir.

5.2. Nazirliyin strukturunu Azərbaycan Respublikasının Prezidenti müəyyən edir. Nazirliyin Aparatının və strukturuna daxil olan qurumların işçilərinin ümumi say həddini, Nazirliyin strukturuna daxil olmayan tabeliyindəki qurumların (hüquqi şəxslərin, təşkilatların və s.) siyahısını Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir.

5.3. Nazirliyin fəaliyyətinə Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən Azərbaycan Respublikasının elm və təhsil naziri (bundan sonra – nazir) rəhbərlik edir. Nazirliyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün nazir şəxsən məsuliyyət daşıyır.

5.4. Nazirin Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən dörd müavini vardır. Nazir müavinləri nazirin onlara həvalə etdiyi vəzifələri yerinə yetirir və bunun üçün şəxsən məsuliyyət daşıyırlar.

5.5. Nazir:

5.5.1. Nazirliyin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;

5.5.2. nazir müavinləri arasında vəzifə bölgüsü aparır, onların, habelə Nazirliyin digər vəzifəli şəxslərinin kadr, maliyyə, təsərrüfat və digər məsələlər üzrə səlahiyyətlərini müəyyənləşdirir və qarşılıqlı fəaliyyətini təmin edir;

5.5.3. Nazirliyin Aparatının struktur bölmələrinin, strukturuna daxil olan qurumların (əsasnamələri Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilən qurumlar istisna olmaqla) və elmi-texniki şurasının əsasnamələrinin, strukturuna daxil olmayan tabeliyindəki qurumların (nizamnamələrini Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin təsdiq etdikləri hüquqi şəxslər istisna olmaqla) nizamnamələrinin təsdiqi barədə, həmçinin bu Əsasnamənin 5.11-ci bəndində Nazirliyin Kollegiyasının səlahiyyətlərinə aid edilməmiş məsələlər barədə normativ hüquqi aktları qərarlar formasında qəbul edir;

5.5.4. Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallarda Nazirliyin strukturuna daxil olan qurumların, Nazirliyin strukturuna daxil olmayan tabeliyindəki qurumların (hüquqi şəxslərin, təşkilatların və s.) nizamnamələrini (əsasnamələrini) təsdiq üçün təqdim edir;

5.5.5. Nazirliyin Aparatının, strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların fəaliyyətinə nəzarəti təşkil edir və onların işinin əlaqələndirilməsini təmin edir;

5.5.6. müəyyən edilmiş struktur, əməyin ödənişi fondu və işçilərin say həddi daxilində Nazirliyin Aparatının, strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların (bu Əsasnamənin 5.5.7-ci yarımbəndi nəzərə alınmaqla) strukturunu, ştat cədvəlini, əməyin ödənişi fondunu və ayrılmış büdcə təxsisatı və büdcədənkənar gəlirləri daxilində onların gəlir və xərclər smetasını təsdiq edir;

5.5.7. tabeliyində olan publik hüquqi şəxslərin (Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi hallar istisna olmaqla) strukturunu, əməyin ödənişi fondunu, işçilərin say həddini və əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləğini təsdiq edir, onların ştat cədvəlinin və ayrılmış büdcə təxsisatı çərçivəsində gəlir və xərclər smetasının təsdiq edilməsinə razılıq verir;

5.5.8. Nazirliyin Aparatının işçilərini, strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların rəhbərlərini (Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla) və onların müavinlərini (ali təhsil müəssisələrində prorektorları), strukturuna daxil olan qurumların yerli bölmələrinin rəhbərlərini, həmçinin ali təhsil müəssisələrinin filial və nümayəndəliklərinin rəhbərlərini vəzifəyə təyin və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görür;

5.5.9. Nazirliyin strukturuna daxil olan qurumların yerli bölmələri rəhbərlərinin müavinlərinin və yerli bölmələrin strukturuna daxil olmayan tabeliyindəki qurumların rəhbərlərinin, eləcə də Nazirliyin strukturuna daxil olan qurumların strukturuna daxil olmayan tabeliyindəki qurumların rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsinə razılıq verir;

5.5.10. əmr və sərəncam formasında qeyri-normativ hüquqi aktlar qəbul edir və onların, habelə Nazirlik tərəfindən qəbul edilmiş normativ hüquqi aktların icrasını təşkil edir, yoxlayır və buna nəzarəti həyata keçirir;

5.5.11. Nazirliyin vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv edir;

5.5.12. Azərbaycan Respublikasının və xarici ölkələrin dövlət orqanları (qurumları) ilə, hüquqi və fiziki şəxsləri ilə, habelə beynəlxalq təşkilatlarla münasibətlərdə Nazirliyi təmsil edir, danışıqlar aparır, verilmiş səlahiyyətlər daxilində müvafiq beynəlxalq sənədləri imzalayır;

5.5.13. fəaliyyət istiqamətlərinə aid məsələlər üzrə müvafiq il üçün dövlət büdcəsinin və büdcədənkənar vəsaitin formalaşdırılması ilə bağlı təkliflər verir;

5.5.14. dövlət büdcəsindən ayrılmış vəsaitin təyinatı üzrə xərclənməsini təmin edir;

5.5.15. dövlət büdcəsindən ayrılan vəsaitin, büdcədənkənar vəsaitin, habelə tabeliyində olan təhsil müəssisələrinin göstərdiyi ödənişli təhsil xidmətlərindən və tabeliyində olan digər qurumların gördüyü işlərdən (göstərdiyi xidmətlərdən) əldə olunan gəlirlərin sərəncamçısı olaraq, maliyyə vəsaitini bölüşdürür, ayrılmış vəsaitin həddi nəzərə alınmaqla, Nazirliyin işçilərinin vəzifə maaşlarına əlavələrin, maddi yardım və mükafatların verilməsini təmin edir;

5.5.16. Apellyasiya Şurasının sədrini, habelə Apellyasiya Şurası sədrinin təqdimatı (təklifi) əsasında Apellyasiya Şurasının digər üzvlərini, Katibliyin rəhbərini və tərkibini təsdiq edir;

5.5.17. Nazirliyin Aparatının işçilərinə, strukturuna daxil olan qurumların rəhbərlərinə və onların müavinlərinə, habelə strukturuna daxil olan qurumların yerli bölmələrinin rəhbərlərinə dövlət qulluğunun baş müşaviri və ondan aşağı olan ixtisas dərəcələri verir.

5.6. Nazir öz səlahiyyətlərinin bir hissəsinin həyata keçirilməsini, yaxud vəzifələrinin müvəqqəti icrasını müavinlərindən birinə həvalə edə bilər.

5.7. Nazirliyin strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların rəhbərləri onlara həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi və funksiyaların həyata keçirilməsi üçün birbaşa məsuliyyət daşıyırlar.

5.8. Nazirlikdə nazirdən (Kollegiyanın sədrindən), nazirin müavinlərindən, Naxçıvan Muxtar Respublikasının aidiyyəti icra hakimiyyəti orqanının rəhbərindən və Nazirliyin digər rəhbər işçilərindən ibarət tərkibdə Kollegiya yaradılır. Nazirliyin Kollegiyasının tərkibinə mütəxəssislər və alimlər də daxil edilə bilərlər.

5.9. Nazirliyin Kollegiyası üzvlərinin sayını və Kollegiyanın tərkibini Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir.

5.10. Nazirliyin Kollegiyası öz iclaslarında Nazirliyin fəaliyyəti ilə bağlı məsələlərə baxır və müvafiq qərarlar qəbul edir.

5.11. Nazirliyin Kollegiyası qərar formasında aşağıdakı normativ hüquqi aktları qəbul edir:

5.11.1. Nazirliklə digər şəxslər (qurumlar) arasında münasibətləri tənzimləyən normativ hüquqi aktları;

5.11.2. qəbul edilməsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən Nazirliyə tapşırılmış konkret normativ hüquqi aktları;

5.11.3. bir neçə dövlət orqanının fəaliyyətini tənzimləyən vahid (birgə) normativ hüquqi aktları;

5.11.4. aidiyyəti dövlət orqanları ilə razılaşdırılmalı olan normativ hüquqi aktları;

5.11.5. Nazirliyin Kollegiyasının qəbul etdiyi normativ hüquqi aktların ləğvi və ya onlarda dəyişiklik edilməsi barədə normativ hüquqi aktları;

5.11.6. nazirin təşəbbüsü ilə Nazirliyin Kollegiyasının müzakirəsinə çıxarılan bu Əsasnamənin 5.5.3-cü yarımbəndində nəzərdə tutulmuş normativ hüquqi aktları;

5.11.7. bu Əsasnamənin 5.11.1–5.11.6-cı yarımbəndlərinə uyğun olaraq Nazirliyin Kollegiyasının qəbul etdiyi normativ hüquqi aktların ləğvi və ya onlarda dəyişiklik edilməsi barədə normativ hüquqi aktları.

5.12. Nazirliyin Kollegiyasının iclasları Kollegiya üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Nazirliyin Kollegiyasının qərarları onun üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Nazirliyin Kollegiyasının qərarı qəbul edilərkən səslər bərabər olarsa, Kollegiya sədrinin səsi həlledici hesab edilir.

5.13. Nazirliyin Kollegiyasının üzvləri arasında fikir ayrılığı yarandığı hallarda nazir bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verərək, öz qərarını həyata keçirir. Nazirliyin Kollegiyasının üzvləri şəxsi fikirlərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edə bilərlər.

5.14. Nazirliyin Kollegiyasının iclaslarına digər dövlət orqanlarının (qurumlarının), habelə qeyri-hökumət təşkilatlarının nümayəndələri də dəvət edilə bilərlər.

5.15. Nazirlikdə, sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin öz sahibkarlıq fəaliyyəti ilə bağlı Nazirliyin və ya onun struktur (yerli) qurumlarının qərarlarından, hərəkət və ya hərəkətsizliyindən (korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı müraciətlər istisna olmaqla) verilmiş təkrar şikayətlərinə, habelə dövlət qulluğuna qəbulla bağlı keçirilən müsahibənin nəticələrindən namizədlərin verdikləri şikayətlərə baxan, ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərən və kollegial orqan olan Apellyasiya Şurası yaradılır.

5.16. Müvafiq sahədə elmi-texniki nailiyyətlərin və qabaqcıl təcrübənin öyrənilməsi və həyata keçirilməsi, habelə elmi müəssisə və təşkilatların, ali təhsil müəssisələrinin elmi tədqiqat fəaliyyətlərinin əlaqələndirilməsi və istiqamətləndirilməsi məqsədilə Nazirlikdə ictimai əsaslarla fəaliyyət göstərən şuralar yaradıla bilər.

SƏNƏDLƏR Sərəncamlar 27 aprel 2024
14:47
“Azərbaycan Respublikasının Hökuməti və “ACWA Power Azerbaijan Renewable Energy” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında “Dəyişikliklər edilmiş və yenidən tərtib olunmuş İnvestisiya müqaviləsi”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qoyuluş gücü 240 MVt olan külək elektrik stansiyasının tikintisi ilə bağlı pilot layihənin həyata keçirilməsinə dair əlavə tədbirlər haqqında”...

27 aprel 2024, 14:47
SƏNƏDLƏR Sərəncamlar 27 aprel 2024
14:45
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Azərbaycan Respublikasının təmsil edilməsi ilə bağlı bəzi məsələlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Türk İnvestisiya Fondunun yaradılması haqqında” Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 30 may tarixli 874-VIQ...

27 aprel 2024, 14:45
SƏNƏDLƏR Sərəncamlar 27 aprel 2024
14:43
Sahibkarlıq fəaliyyəti sahəsində fərqlənən şəxslərin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının iqtisadi inkişafına verdikləri töhfəyə və sahibkarlıq sahəsində səmərəli fəaliyyətlərinə görə...

27 aprel 2024, 14:43