23 noyabr 2023, 14:20

Çingiz Fərzəliyevdən, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Həyatımın əlamətdar günlərində - 80 illik yubileyim ərəfəsində Azərbaycan təsviri sənətinin inkişafında və təbliğində xidmətlərimi yüksək qiymətləndirərək məni “Şərəf” ordeni ilə təltif etdiyiniz üçün Sizə dərin minnətdarlığımı bildirirəm.

Xalqımızın Ümummilli Lideri Heydər Əliyev milli inkişafda mühüm amil olan mədəniyyət sahəsinə həmişə diqqətlə yanaşmış, mədəniyyət xadimlərinə xüsusi qayğı göstərmişdir. Siz Azərbaycan Respublikasının Prezidenti seçildiyiniz ilk gündən Ulu Öndərin işini şərəflə davam etdirərək mədəniyyəti dövlət siyasətinin əsas prioritet istiqaməti kimi diqqət mərkəzində saxlayır, bu sahənin sabit, müasir tələblərə uyğun inkişafını təmin edirsiniz. Sizin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın mədəniyyət xadimlərinin dəstəklənməsi, onların rifahının yüksəldilməsi, sosial müdafiəsinin təmin edilməsi, əməyinin qiymətləndirilməsi sahələrində gördüyünüz işlər ölçüyəgəlməzdir.

Bütün yaradıcı, elmi-tədqiqat, pedaqoji və ictimai fəaliyyətimlə müqəddəs bir amala – Azərbaycan mədəniyyətinin inkişaf etdirilməsi, milli-mənəvi dəyərlərimizin qorunması, mədəni irsimizin təbliği işinə vicdanla xidmət etmişəm. “Əməkdar incəsənət xadimi” fəxri adı, “Şöhrət” və “Şərəf’ ordenləri ilə təltif olunmağım fəaliyyətimə verilən yüksək qiymətdir. Sizin mənə göstərdiyiniz böyük diqqət və qayğı, əməyimə verdiyiniz yüksək dəyər məni mədəniyyətimizin və incəsənətimizin tərəqqisi naminə var qüvvəmlə çalışmağa, yeni yüksək zirvələr fəth etməyə ruhlandırır. Əmin ola bilərsiniz ki, ömrümün sonunadək Vətənimə, xalqıma, dövlətimə şərəflə xidmət edəcəyəm.

Möhtərəm cənab Prezident, bir daha Sizə dərin minnətdarlığımı bildirir, möhkəm cansağlığı, uzun ömür, xoşbəxtlik, müstəqil Azərbaycanımızın nurlu sabahı naminə ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram.

Dərin hörmət və ehtiramla,

Çingiz Fərzəliyev, Əməkdar incəsənət xadimi.

Azərbaycan Respublikası, Bakı şəhəri.