11 mart 2024, 17:15

Vüqar Cəfərovdan, Telgte, Almaniya

Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan!

Mən hər zaman azərbaycanlı olmağımla fəxr etmişəm. Bizi zəfərlərə aparmağınız isə daha çox qürurvericidir. Sizin liderliyinizlə müzəffər Ordumuzun bizə yaşatdığı sevinc anlarını sözlə ifadə etmək mümkün deyil.

Sizin liderliyiniz və rəhbərliyiniz altında Azərbaycan müstəqil və güclü bir dövlət kimi adını dünya tarixindəki böyük zəfərlərə yazdırmağa davam edir. Bu qələbələr üçün Sizə sonsuz minnətdarlıq bildirirəm. Torpaqlarımızı erməni tapdağından azad etməniz bizə qürur verir. Bu sevincli günləri bizə bəxş etdiyiniz üçün Sizə sonsuz minnətdarlığımı və təşəkkürümü bildirirəm. Bu haqq yolunda uğurlarınız bol olsun. Sizin liderliyinizlə tarixi torpaqlarımıza qovuşduq. Azərbaycanın müqəddəs üçrəngli bayrağı torpaqlarımızda əzəmətlə dalğalanmaqdadır.

Mən, Ağdam rayonunda anadan olmuşam. Özüm Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun taborunda döyüşmüş və 1988-1994-cü illərdə “Qarabağ” Futbol Klubunda oynamışam, başımızın üstündən mərmilər uçmasına baxmayaraq oyunlar keçirmişik. Həmin dönəmdə dövlətimiz müstəqil yolunu seçərək tarixi bir qərar qəbul etdi.

12 mart 1992-ci il tarixində Agdam şəhəri mənfur düşmənlərimiz tərəfindən ağır artileriya atəşinə tutularkən mərmilərdən biri bizim evimizə düşmüş, atam və anam haqqın rəhmətinə qovuşmuşlar. Sonradan torpaqlarımız işğal olundu. Mən, 2000-ci ildə Ukraynaya gedərək həyatımı orada davam etdirdim. Ukraynadakı müharibə səbəbiylə hazırda Almaniyanın Münsterland əyalətinin Telgte şəhərində yaşayıram.

Cənab Prezident, bunları Sizə yazmağıma səbəb, Sizə öz təşəkkürümü bildirmək istəyim, həyatda ən böyük arzuma çatmağımdır. Həmişə Allahdan bir tək istəyim var idi ki, torpaqlarımız düşmən tapdağından azad olsun, valideyinlərimin məzarını ziyarət edim. Şükürlər olsun ki, bu gün ölkəmiz Sizin sayənizdə ərazi bütövlüyünü tam bərpa etdi və o torpaqlarda dəfn olunan valideyinlərimin məzarını ziyarət etmək mənə qismət oldu.

Biz Almaniyada “Avropa Azərbaycan Mərkəzi” adıyla fəaliyyət göstərən bir təşkilatla bacardığımız qədər ölkəmizin maraqları naminə çalışırıq.

Cənab Prezident, Müzəffər Ali Baş Komandan, biz, Avropa Azərbaycan Mərkəzi olaraq, Sizin apardığınız güclü siyasətinizi bəyənirik və bir azərbaycanlı kimi hər zaman Sizin yanınızdayıq. Sizi dünya arenalarında beynəlxalq səfərlərdə görmək böyük qürur hissi yaradır.

Allah Sizi və Ordumuzu qorusun!

Hörmətlə,

Cəfərov Vüqar Sulduz oğlu.

Almaniya Federativ Respublikası, Telgte şəhəri.