09 mart 2024, 12:10

Şahin Tağızadədən, Sumqayıt, Azərbaycan

Cənab Prezident,

Sizi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə ürəkdən təbrik edirəm. Sizə uzun ömür, cansağlığı, ailə səadəti, fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayıram.

Siz uğurlu daxili və xarici siyasətinizlə Azərbaycan dövlətinə, xalqına böyük nailiyyətlər qazandırmısınız. Vətən müharibəsində əldə edilən şanlı Zəfərlə Azərbaycanı dünyada qüdrətli dövlət, xalqımızı isə qalib xalq kimi tanıtmısınız. Sizinlə qürur duyuruq. Son 200 il ərzində Azərbaycan itirdiyi torpaqları Sizin müdrik siyasətiniz, mahir sərkərdəlik qabiliyyətiniz sayəsində ilk dəfə olaraq geri qaytardı. Bununla Siz adınızı tariximizə qızıl hərflərlə yazdınız, xalqımızın milli mənliyini, qürurunu özünə qaytardınız. Bütün dünya Sizin necə uzaqgörən siyasətçi, güclü, qüdrətli Lider olduğunuzu gördü.

Cənab Prezident, mənim atam da Vətən müharibəsində iştirak etmiş, yaralanmışdır. Həmişə arzum olub ki, nə vaxtsa Şuşaya, Azıx mağarasına gedim, oraları görüm. Mənim bu arzum artıb həyata keçib. Sizə təşəkkürümü bildirirəm. Atam həmin ərazilərin işğaldan necə azad olunduğunu danışdıqca çox həyəcanlanırdım və eyni zamanda qürur hissi keçirirdim.

Sizin işğaldan azad olunmuş ərazilərimizə səfərlərinizi, dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri ilə görüşlərinizi, çıxışlarınızı hər dəfə televiziyada izləyərkən fəxr edirəm. Biz çox xoşbəxt xalqıq ki, Sizin kimi öz sözünü qətiyyətlə deyən, cəsarətli, mərd Prezidentimiz var. İnanırıq ki, Sizin rəhbərliyinizlə ölkəmiz hələ çox nailiyyətlər əldə edəcək, daha da qüdrətlənəcək. Sizə yorulmaz fəaliyyətinizdə uğurlar arzulayıram. Dualarımız həmişə Sizinlədir.

Hörmətlə,

Şahin Qubad oğlu Tağızadə

şagird

Azərbaycan Respublikası, Sumqayıt şəhəri