09 mart 2024, 13:11

Şövqi Həsənovdan, Bakı, Azərbaycan

Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan,

Fevralın 7-də keçirilmiş seçkilərdə mütləq səs çoxluğu ilə qələbə qazanaraq qüdrətli, qalib Azərbaycanın Prezidenti seçilməyiniz münasibətilə Sizə ürəkdən gələn təbriklərimi və ən xoş arzularımı çatdırıram. Seçkilərin nəticələri xalqımızın Sizə sonsuz inam və etimadının, məhəbbətinin ifadəsidir.

Prezident seçkilərinin ilk dəfədir ki, müstəqil Azərbaycanın bütün ərazilərində keçirilməsi, eləcə də Sizin ailə üzvlərinizlə birlikdə Xankəndi şəhərində səs verməyiniz tarixi hadisədir. Məhz bu səbəbdən budəfəki seçki cəmiyyətimizdə haqlı olaraq Zəfər seçkisi kimi dəyərləndirilir və Azərbaycan vətəndaşlarının Vətən müharibəsində əldə edilən şanlı Zəfərin müəllifinə - Müzəffər Ali Baş Komandana səs vermələri tam təbiidir.

Sizin rəhbərliyinizlə Azərbaycan ötən dövrdə tarixinin ən qüdrətli dövlətinə çevrilib. Siz var gücünüzlə çalışaraq, bütün çətinliklərə sinə gərərək ölkəmizi inkişaf etdirmiş, Qarabağı işğaldan azad edib bizi əzəli torpaqlarımıza qovuşdurmusunuz, tarixi ədaləti bərpa etmisiniz.

Cənab Prezident, biz Sizin “Dəmir yumruğunuz” ətrafında sıx birləşmişik, həyata keçirdiyiniz siyasəti, atdığınız bütün addımları dəstəkləyirik. Sizə və ailənizə cansağlığı, uzun ömür, səadət, bütöv Azərbaycanımızın daha parlaq gələcəyi naminə fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayıram.

Hörmətlə,

Şövqi Abbas oğlu Həsənov

Qarabağ müharibəsi qazisi

Azərbaycan Respublikası, Bakı şəhəri, Nərimanov rayonu