12 mart 2024, 12:18

Mariya Pavlovna Hüseynova-Atanasovadan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident,

Azərbaycan Respublikasının ictimai həyatında fəaliyyətimə yüksək qiymət verərək məni şərəfli mükafatla - "Tərəqqi" medalı ilə təltif etdiyinizə görə Sizə səmimi qəlbdən təşəkkür edirəm.

Ümummilli Lider Heydər Əliyevin irsinin davamçısı kimi apardığınız siyasətə dərin hörmət və ehtiramımı bildirirəm. Əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycan-Bolqarıstan əlaqələrinin inkişafına görə Sizə minnətdarlığımı bildirirəm. Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi şərəfinə 2023-cü il iyulun 31-dən avqustun 17-dək Bolqarıstanda, Sofiyada “Azərbaycan-Bolqarıstan münasibətlərində Heydər Əliyevin əvəzsiz rolu” adlı silsilə görüşlər və tədbirlər keçirdik. Azərbaycan-Bolqarıstan dostluğunun inkişafı istiqamətində fəaliyyəti davam etdirməyi özümə məsuliyyət və borc hesab edirəm!

Hörmətli cənab Prezident,

Sizin siyasətiniz sayəsində Azərbaycan ilə Bolqarıstan arasında əlaqələr bir çox sahələri əhatə edir və strateji tərəfdaşlıq səviyyəsinə çatıbdır. Azərbaycan və Bolqarıstan arasında münasibətlər sülh və qarşılıqlı hörmət prinsipləri əsasında qurulur və bu ölkələr arasında dostluq və səmərəli tərəfdaşlıq Azərbaycan və bolqar xalqlarının maraqlarına tam cavab verir.

Hörmətli cənab Prezident,

Bu şərəfli mükafata görə Sizə bir daha ürəkdən təşəkkürümü bildirirəm. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, sevimli Azərbaycanın çiçəklənməsi naminə xeyirxah işlərinizdə uğurlar, Azərbaycan və Bolqarıstan xalqlarına isə xeyirxahlıq, əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

Hüseynova-Atanasova Mariya Pavlovna, "Azərbaycan-Bolqarıstan Dostluğunun İnkişafına Yardım" İctimai Birliyinin sədri, "Akord" jurnalının baş redaktoru

Azərbaycan Respublikası, Bakı şəhəri