16 mart 2024, 16:15

Reyhan Hüseynovadan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident,

Sizin, dövlət suverenliyinin bərpasına yönəlmiş və son nəticədə tarixi həqiqətin bərpası ilə nəticələnən siyasətiniz hər birimizdə fəxr hissi yaradır. Bu gün Azərbaycan Cənubi Qafqazın lider dövləti olmaqla bərabər, dünya miqyasında da mühüm nüfuz sahibidir.

Ölkəmizin iqtisadi və siyasi inkişafı Azərbaycan qadınlarının özünü reallaşdırması, eləcə də ictimai həyatın bütün sahələrində fəal iştirakı üçün imkanlar yaradır. Danılmaz tarixi faktdır ki, ölkəmizdə dövlət qadın siyasətinin əsas prinsiplərinin müəyyən edilməsi məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. O, qadın hüquqlarının müdafiəsini öz siyasi fəaliyyətinin tərkib hissəsi saymış və qarantı olmuş, milli qadın hərəkatının formalaşması, genişlənərək institutlaşması üçün böyük işlər görmüşdür.

Hazırda ölkəmizin elə bir sahəsi yoxdur ki, orada qadınlar təmsil olunmasınlar. Onlar ən çətin və mürəkkəb istiqamətlərdə fəaliyyət göstərir, nailiyyətlər əldə edirlər. Bu isə Sizin həyata keçirdiyiniz güclü dövlət qadın siyasətinin və ölkəmizin birinci xanımı Mehriban Əliyevanın xüsusi dəstəyinin məntiqi nəticəsidir. Eyni zamanda, Sizin mütəmadi olaraq, sosial, ictimai inkişafın təminatında mühüm xidmətləri olan qadınların təltif edilməsi ilə bağlı verdiyiniz sərəncamlar bizim üçün xüsusi stimul yaradır.

Zati-aliləri,

İcazə verin, “Tərəqqi" medalı ilə təltif edilməyim haqqında imzaladığınız Sərancama görə Sizə dərin ehtiramımı və minnətdarlığımı bildirim.

Dərin ehtiramla,

Reyhan Hüseynova

Azərbaycan Respublikası, Bakı şəhəri.