04 aprel 2024, 14:40

Elxan Məmmədhüseynov və başqalarından, Quba, Azərbaycan

Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan!

Əvvəlcə Sizi 2024-cü il fevralın 7-də keçirilmiş Azərbaycan Respublikasının Prezidenti seçkilərində qazanmış olduğunuz uğurlu qələbəniz münasibətilə Quba rayonunun Tüləkəran və qonşu kəndlərdə yaşayan seçicilər adından ürəkdən təbrik edirik.

Qırx dörd günlük Vətən müharibəsində, 24 saatlıq antiterror tədbirlərində qazanmış olduğunuz zəfərlərin davamı olaraq, bu seçkilərdə də xalqın iradəsi və birliyi sayəsində yenidən qələbə çalmağınız bizi hədsiz sevindirdi. Bir Lider kimi, istər siyasi arenada, istərsə də sosial-iqtisadi sahədə sərgilədiyiniz münasibət bizim üçün fəxrdir. Bir qayğıkeş Rəhbər olaraq daim xalqın arasında olmağınız, əhalinin problemləri və vəziyyəti ilə maraqlanmağınız bizə göstərdiyiniz qayğının bariz nümunəsidir.

Son illər ölkəmizdə sürətlə gedən quruculuq işləri və inkişaf bütün sahələri, o cümlədən sosial sahəni də əhatə etmişdir. Rayonumuzun , mədəniyyətin başlanğıcı hesab edilən yol-nəqliyyat infrastrukturunun yenidən qurulması əhalinin rifah halını daha da yaxşılaşdırmaqla yanaşı, həm də buraya gələn qonaqların və turistlərin sayının artmasına səbəb olmuşdur. Belə ki, son illərdə Quba rayonunda nəinki rayon mərkəzinin, hətta ucqar kəndləri rayon mərkəzi ilə birləşdirən yolların demək olar ki, əksəriyyəti əsaslı təmir olunmuş və asfaltlanmışdır. Bu isə öz növbəsində bizim və yollardan istifadə edən bütün sakinlərin gediş-gəlişini asanlaşdırmışdır.

Quba rayonunun Tüləkəran inzibati ərazi dairəsində yaşayan 6 min nəfərə yaxın əhalinin sosial problemlərinin həlli istiqamətində aidiyyəti qurumlara verdiyiniz göstərişlərinizlə bir çox problemlər aradan qaldırılmışdır. Həmçinin buradakı 8 yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun əsaslı təmiri ilə bağlı verdiyiniz Sərəncam hamımızı hədsiz sevindirdi. Görülmüş işlərə və bütün xeyirxah əməllərinizə görə bütün sakinlər adından Sizə öz dərin təşəkkürümüzü və minnətdarlığımızı bildiririk. Allahdan Sizə uzun ömür, möhkəm cansağlığı və zəfərlərinizin davamlı olmasını arzu edirik. Əminliklə bildiririk ki, gündən-günə çiçəklənən və qüdrətli dövlətə çevrilən bir Azərbaycan üçün atdığınız hər addımda Sizin yanınızdayıq və bütün tapşırıqlarınızı canla-başla yerinə yetirməyə hazırıq.

Hörmətlə,

Tüləkəran kənd inzibati ərazi dairəsinin sakinləri:

Məmmədhüseynov Elxan İmaməddin oğlu,

Hüseynov Rauf Kamran oğlu,

Muradov Zakir Fətəli oğlu,

Hüseynov Kamran Səfər oğlu,

Nəcəfov Ümid Fərman oğlu və başqaları (150 nəfər).

Azərbaycan Respublikası, Quba rayonu.